“QS World University Rankings-2011” təşkilatı dünyanın 700 top universitetinin siyahısını dərc edib. Modern.az dünən Bakı Dövlət Universitetinin (BDU) bu siyahıya daxil edildiyini və 643-cu yerdə qərarlaşdığını xəbər vermişdi.
Müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumatın təhlilindən sonra 712 ali məktəbin daxil edildiyi reytinq cədvəlində Azərbaycanın daha 2 təhsil ocağının adı var.
Modern.az saytının məlumatına görə, bunlar Xəzər Universiteti və Qafqaz Universitetidir.
Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu il daha 80 yeni universitet əlavə edilib. Onlardan 18-i Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən universitetlərdir. Qiymətləndirmə zamanə beş əsas göstərici nəzərə alınıb: tələbə və professorların nisbəti, tələbə və professor-müəllimlərin beynəlmiləlləşdirilmə səviyyəsi, sitat gətirmə indeksi, işəgötürənlər arasında nüfuzu və akademik nüfuzu.
Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20,000 ali məktəbin mövcud olduğu qeyd olunub. 700 top universitetlər siyahısına düşmək dünyada 4% təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.
“QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.
(Reytinq cədvəli ilə burada tanış olmaq mümkündür - //www.topuniversities.com/university-rankings/world-university-rankings/2011)
Modern.az