Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə paytaxta Avropa standartlarına cavab verən daha 200 yeni taksi avtomobili gətirilib.
Nəqliyyat Nazirliyinin məlumatına görə, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi çərçivəsində həyata keçirilən kompleks tədbirlərdən biri də paytaxtda taksi fəaliyyətini yüksək səviyyədə tənzimləməkdir. Bu məqsədlə Bakıya bənövşəyi rəngli “TX4” modelli avtomobillər gətirilir. İndiyədək bu tipli 100 taksi gətirilmişdi. Sentyabrın 20-də daha 200-nün təqdimatı keçirilib və ilin sonunadək bu rəqəmin 1000-ə çatdırılması gözlənilir. Gələcəkdə isə paytaxta 3 min “TX4” avtomobilinin gətirilməsi nəzərdə tutulub.
Yeni taksi maşınları Böyük Britaniyanın «Manganese Bronze» şirkətindən alınır. Taksilər Çinin «Geely Automobile Holding»i tərəfindən istehsal olunaraq «Manganese Bronze» şirkətinə göndərilir.
“Məlumat üçün deyək ki, taksi xidmətlərinin təkmilləşdirilməsi proqramı Britaniyanın «TX4 London Taxis» qrupu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. «Manganese Bronze» şirkəti «TX4 London Taxis» üçün bir sıra beynəlxalq (Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Küveyt) sifarişlər həyata keçirib. Ümumilikdə hazırda paytaxtdakı bu tip taksilərin sayı 300-ə çatıb və ilin sonuna qədər bu rəqəm 1000-ə çatacağı gözlənilir. Qeyd edək ki, bir müddət əvvəl Bakıya gətirilən 100 taksi 11 dayanacaq üzrə bölüşdürülüb. 200 taksi isə 35 dayanacaq üzrə bölüşdürüləcək ki, dayanacaqların da ümumilikdə sayı 46-ya çatacaq”-deyə Nazirlikdən bildirilib.
Yeni taksilər “Avro-4” standartlarına uyğundur və şəhər daxilində yüksək manevr etmək imkanlarına malikdir. Avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradır. Bu avtomobillərin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər.
Modern.az