Modern.az

Fermerlərdən Kənd Təsərrüfatı Nazirliyinə şok iddia

Fermerlərdən Kənd Təsərrüfatı Nazirliyinə şok iddia

Ölkə

29 Sentyabr 2011, 16:50

Sabirabaddan olan fermerlər, yerli iş adamları Modern.az saytına müraciət edərək Bakı şəhərinin ayrı-ayrı rayonlarında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açılan yarmarkalarla bağlı şok məlumatlar veriblər. Onlar qeyd ediblər ki, bu yarmarkalarda məhsul satanların əksəriyyəti Bakının ayrı-ayrı bazarlarındakı alverçilərdir. Fermer Məhəmməd Səfərliyev bildirir ki, bu alverçilər şənbə və bazar günləri Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının təzyiqi, əlbirliyi və digər təsir vasitələrilə yarmarkalara cəlb olunurlar. O da vurğulanır ki, bu yarmarkaların yerlərdəki fermerlərə heç bir dəxli yoxdur. Onlar dəfələrlə cəhd göstərsələr də, Bakıda yaradılmış yarmarkalarda fəaliyyət göstərə və istehsal etdikləri məhsulları burada sata bilmirlər.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlayıb. M.Hacıyev deyilənlərlə razılaşmayaraq, qeyd edib ki, Bakıda kənd təsərrüfatı məhsullarının yarmarkaları rayon İcra hakimiyyətləri tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə göndərilən sənədlərlə idarə olunur.

“Belə ki, rayon İcra hakimiyyətlərinin ən azı birinci müavinləri səviyyəsində Kənd Təssərüfatı Nazirliyinə faks göndərilir. Faks yarmarkaların təşkilindən 3-4 gün öncə göndərilir və orada həmin yarmarkada rayonlardan gələcək satıcıların adı, soyadı, məhsulun çeşidi və hətta məhsulu gətirəcək maşının nömrəsi də göstərilir. Təbii ki, biz bunları yoxladıqdan sonra onların yarmarkalara girmələrinə imkan yaradırıq. Yarmarkalar bu şəkildə tənzimlənir”.

Nazirlik rəsmisi sahibkarların istehsal etdikləri məhsulları yarmarkaya çıxara bilməmələri, ucuz qiymətə alverçilərə satmaları və bununla barışmayanların məhsullarının xarab olması barədə narazılıqlara da münasibət bildirib. Murtuzəli Hacıyev deyib ki, yerlərdə kənd təsərrüfatı məhsulları istehsal edən şəxslərin hamısı yarmarkalarda iştirak etmək gücündə deyil. O, bunun səbəbini belə izah edib:
“Hər hansı kəndli bir ton kartof istehsal edirsə o çəkidə məhsulu satmaqdan ötrü Bakıya gəlməsi ona sərf etməz. Ancaq ola bilsin ki, hansısa iş adamları kənd təsərrüfatı məhsullarını istehsal edən şəxslərin məhsullarını alıb gətirib bazara çıxarırı. Bu da düzgün haldır. Sadəcə, sovetdən qalma bir məsələ var ki, bizdə satıcılıq, ticarət məsələsinə düzgün yanaşılmır. Hesab edirəm ki, bu doğru məsələdir”.

M.Hacıyev qeyd edib ki, bu gün Şəmkir rayonunda kənd təsərrüfatı məhsulları istehsal edən şəxslərin 99 faizi demək olar ki, öz məhsullarını gətirib Bakıda təşkil olunan yarmarkalarda sata bilirlər.

Nazirliyin sözçüsünün bu cür açıqlaması isə yerlərdəki fermerlər tərəfindən etirazla qarşılanıb. Onlar bildirirlər ki, elə nazirlik əməkdaşlarının bu şəkildə açıqlaması məmurların möhtəkirlərə əlaqəli olmasının nəticəsidir.

Fermerlər həm də “Aqrolizinq”dən şikayətçidirlər. Onlar “Aqrolizinq”in texnikasının baha qiymətə icarəyə verildiyini, “Aqrolizinq” vasitəsilə satılan gübrələrin ayrı-ayrı şirkətlər tərəfindən gətirilən gübrələrin qiymətində heç bir fərq olmadığını bildirirlər.

Murtuzəli Hacıyev isə “Aqrolizinq”dən nazirliyə yazılı şikayətlərin daxil olmadığını söyləyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər