Bir neçə il öncə Milli Televiziya və Radio Şurası yerli telekanallarda yayımlanan türk serialları və filmlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı qərar verdi.
Ancaq şuranın bu qərarını cəmiyyət birmənalı qarşılamadı. Bir çoxları şuranın bu qərarına qarşı etirazlarını bildirdilər. Ruscadan, fransızcadan da tərcümə, osmanlı türkcəsindən də...
Artıq millət vəkilləri, ölkənin tanınmış adamları bu məsələyə etiraz edirlər.
Bəs, Milli Televiziya və Radio Şurasında bu barədə düşünürlər?
Məsələ ilə bağlı Milli Teleradio Şurası ilə əlaqə saxladıq. Şuranın üzvi Qafar Cəbiyev Modern.az saytına bildirdi ki, Azərbaycanın dövlət dili var və bu dili qorumaq mətbuatın, telekanalların da borcudur.
“Qanun varsa onun icrası da vacibdir. Başqa bir müzakirəyə ehtiyac yoxdur”-deyən şura üzvi qeyd etdi ki, hazırda texnika elə inkişaf edib ki, Türkiyədə çəkilən filmləri çanaq antenası vasitəsi ilə elə türk dilində izləmək mümkündür.
“Bu gün hər bir evdə çanaq antenası var. Azərbaycan televiziyaları borcludurlar ki, qanunlarımıza əməl etsinlər. Bir daha yeni müzakirə açmağın tərəfdarı deyiləm”.
Sədaqət SÜLEYMANOVA