Modern.az

Müəllim günü və müəllimin günü – III yazı

Müəllim günü və müəllimin günü – III yazı

13 Oktyabr 2011, 14:19

“Öz nəfsinin müəllimi olmaq cahana müəllim olmaqdan çətindir”
Həzrət Əli (ə.s.)

...İlk müəllim ulu Yaradan özü olub... Nədən ki, ilk insan və peyğəmbər Adəmdən (ə.s.) Məhəmməd peyğəmbərədək (ə.s.)  bütün elçilərə bilgi verən Allahdır... Bunu bilən insan müəllim peşəsinin nə qədər müqəddəs olduğunu dərk edər...

Müasir zamanda əsl müəllim olmaq yalnız Azərbaycanda deyil, bütün dünyada, hətta inkişaf etmiş ölkələrdə belə çox çətindir. Bu ilk növbədə yüksək səbr, iradə və fədakarlıq tələb edir. Ötən illər hətta ABŞ kimi qüdrətli bir dövlət Türkiyədən ingiliscə bilən kişi müəllimlərin işləmək üçün  bu ölkəyə ezam edilməsini xahiş etmişdi. Çünki ABŞ-da məktəbdə işləmək həbsxanada nəzarətçi işləməkdən də riskli bir peşədir....

Müəllim  öncə öz nəfsinə -tamahına, qəzəbinə, ehtiras və duyğularına sahiblik etməyi bacarmalıdır. Həzrət Əli (ə.s.) necə də gözəl deyir: “Öz nəfsinin müəllimi olmaq cahana müəllim olmaqdan çətindir..”.

Ziyalıya dəyər verilməyən ölkə tənəzzülə, məhvə məhkumdur...

Vicdanlı, ziyalı insanlar üçün yaşamaq bütün dövrlərdə və bütün məkanlarda ağır olub. Əsl müdriklərin, alimlərin də məhz çətin şəraitlərdə yetişdiyi məlumdur. Nadir insanlar öz nəfslərinə sahiblik etməyi və iqtisadi, mənəvi-ideoloji mərhumiyyətlərə dözərək öz iman və peşələrinə sadiq qalmağı bacarırlar. Dünyanı və ayrılıqda bir ölkəni idarə etməyə çalışan dövlətlərin  vəzifəsi  insanları nəfs- İblis qulluğundan mümkün qədər uzaqlaşdırıb Yaradanın qulluğuna dəvət etmək olmalıdır. Yəni dövlət ilahi və dünyəvi qanunlar vasitəsilə vətəndaşların nəfsani istəklərini tənzimləməlidir. Bu o deməkdir ki, hər bir kəsin peşəsinə, bacarığına müvafiq halal yolla yaşaması üçün şərait yaradılmalı, onun adi qida və yaşayış vasitələrini əldə etmək məqsədilə haram və qeyri-qanuni yollara əl atmasına imkan verilməməlidir. Əgər dövləti idarə edən hakimiyyət   ölkənin iqtisadi imkanları yol verdiyi halda bilərəkdən insanların güzəranının yaxşılaşdırılması üçün tədbirlər görmürsə, əksinə, harama, rüşvətə, qanunsuzluğa şərait yaradırsa, deməli, həmin hakimiyyət öz xalqına deyil, düşmən qüvvələrə -şərə xidmət edir. Öz xalqını inkişaf etdirmək istəyən dövlət ilk növbədə ziyalı təbəqəsinə - müəllimlərə, alimlərə həyat üçün optimal şərait yaratmalıdır. Ziyalıya dəyər verilməyən ölkə, sözsüz ki,  tənəzzülə, məhvə məhkumdir...

Ölkədə korrupsiyanın, rüşvətxorluğun səviyyəsi ziyalının  həm mənəvi, həm maddi durumuna bilavasitə təsir göstərən amildir. Korrupsiya aşıb-daşan bir məmləkətdə ziyalıya, müəllimə dəyər verilməsindən danışmaq yersizdir. Azərbaycanda son 15-16 ildə korrupsiyanın rüşvətin inkişaf tempi göz qabağındadır. Bunu yalnız Allahsızlar dana bilər... Bu ilin əvvəlindən korrupsiyaya qarşı başlanmış mübarizənin nəticəsində 200-300 xirda və orta məmurun həbs edilib işdən çıxarılması ilə bu “xərçəng xəstəliyinin” kökünün kəsiləcəyi inandırıcı deyil.
Paytaxtda və yaxud bölgələrdə bir neçə  hərbi komissarlıq və ya təhsil şöbəsi əməkdaşının işdən çıxarılması, həbs edilməsi kütlə şüurunda manipulyasiya yaratmağa hesablanıb... Bu, əslində mübarizə yox, budamadır. Bağbanlar mövsümi olaraq ağac və kolları qurumuş, çürümüş, lüzumsuz qol-budağını kəsib atırlar ki, gövdə bütövlükdə çürüməsin (!)... Budamadan sonra bitki pöhrələyir, daha da  böyüyür, inkişaf edir...

Ölkəmizdə müəllim rüşvət alıb-verməyə daha fəal şəkildə vadar edilir...

Dövlətin müəllimə verdiyi dəyər ilk növbədə onun məvacibi, güzəranı ilə ölçülür... Müəllimin aylıq gəliri Hollandiyada təxminən 5300 d. (ABŞ dolları), Vaşinqtonda 4400 d., Çexiyada 1360 d.,   Qazaxıstanda 418 d., Belarusda 360 d.-dır. Rusiyada müəllimlərin orta aylıq əmək haqqı təxminən 408 AZN, yaxud 500 d.-dır.
Azərbaycanda isə təxminən 180 AZN, yaxud 225 d.-dır.

Beləliklə, Azərbaycanda müəllimlərin əmək haqqı  bəyənmədiyimiz Belarusdakından da xeyli aşağıdır. Halbuki, ötən il Belarus prezidenti Azərbaycan prezidentindən Rusiyaya olan qaz borcunu ödəmək üçün külli miqdarda borc almışdı...

Müəllimin kəmiyyətcə ən yüksək maaşı Hollandiyada olsa da, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, ölkənin ümumi həyat səviyyəsi, yəni təbii sərvətləri, gəliri, minimum yaşayış həddi və s. ilə müqayisə edilsə, hazırda dünyada müəllimlər ən yüksək qazancı Türkiyə, Cənubi Koreya və Yaponiyada əldə edirlər.

Türkiyədə müəllimlərin orta aylıq əmək haqqı təxminən 1200 manat, yaxud 1500 d.-dır. Bu baxımdan da yanaşanda Azərbaycan dövlətinin müəllimlərə qayğısı çox aşağı səviyyədədir. Ölkəmizin təbii sərvət ehtiyatları adıçəkilən ölkələrdən kifayət qədər zəngin və boldur. Bizdəki tikinti, bəzək-düzək işlərinin səviyyəsini nə qonşu Gürcüstanla, nə də Ermənistanla müqayisə etmək mümkün deyil. Yalnız paytaxtımızı müşahidə etsək, hər küçədə, hər tində nə qədər lüzumsuz və lazımsız işlər görüldüyünün şahidi olarıq. Bütün sakinlər şahiddir ki, eyni küçədə ildə bir neçə dəfə asfalt, səki örtüyü təmir edilir...

2011-ci ilin əvvəlindən müəllimlərin əmək haqlarının artırılacağından söhbət getsə də, heç bir artım yoxdur. Əvəzində qiymətlət qaldırılır... Üstəlik, müəllimlərə 24 saatdan artıq dərs deməyə də imkan verilmir. Və nəticədə 200-300 manatlıq maaşa möhtac edilən müəllim  özünü və ailəsini  ya əlavə işlə, ya da rüşvətlə dolandırmağa  daha fəal şəkildə vadar edilir...

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA