Son illərdə ayrı-ayrı ölkələrə etdiyimiz səfərlər zamanı orada görüb, rastlaşdığımız maraqlı hadisələr, eyni zamanda, olduğumuz ərazilərin tarixi keçmişi və Azərbaycanla əlaqələri ilə bağlı yazdığım silsilə yazılar görünür oxucularla bərabər, dostlarımızın da marağına səbəb olub. Bu yaxınlarda mənimlə 2009-cu ilin may ayında Tacikistanda və Özbəkistanda səfərdə olan dostlarımdan biri zəng edib bildirdi ki, yazılarınızı maraqla oxuyuram. Amma təəssüf ki, 2009-cu ildəki səfərimiz barədə belə bir yazı yazmamısınız. Arzu edərdik ki, həmin səfərin də kifayət qədər maraqlı detallarını nəzərə alaraq, bununla da əlaqədar bir yazı yazasınız. Səfərin 2009-cu ildə baş tutmasına baxmayaraq, mən əlbəttə ki, dostumun sözünü yerə salmaq istəmədim. Buna görə də, bir qədər gecikmiş olsa belə, həmin səfərlə bağlı təəssüratlarımı qələmə almağa qərar verdim.
Tacikistana yolumuz Özbəkistandan başladı
Beləliklə, 2009-cu il mayın 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevin təşkilatçılığıyla keçirilən beynəlxalq konfransa dəvət olunmuşduq. Qeyd edim ki, Tacikistana yolumuz Özbəkistandan başladı. Yəni, Bakıdan təyyarə ilə Daşkəndə, oradan isə bu şəhərdən 100 km şərqdə yerləşən Xocənd şəhərinə avtobusla yola düşdük. Avtobus səfərimiz maraqlı idi. Çünki Xocənd demək olar ki, tarixi Türküstanın tam mərkəzində, Sırdərya çayının sahilində yer almaqla həm də Fərqanə vadisinin qapısı hesab edilən bir şəhərdir. Daşkənddən Xocəndə qədər olan təqribən 100 kilometrlik bir məsafədə bizi Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin əməkdaşları müşayiət etdilər. Yolboyu yolun sağında və solunda Azərbaycanın dağlıq və dağətəyi rayonlarını xatırladan özünəməxsus relyef və landşaftı olan böyük bir coğrafiya uzanırdı. Bu coğrafiyada çoxsaylı müxtəlif bitkilər, o cümlədən, bizim Gəncəbasar zonasına xas olan qırmızı xaş-xaş dediyimiz lalə təbii plantasiya şəklində yolun sağına və soluna xalı kimi sərilmişdi. Səfər yoldaşlarımız Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edən bir qrup incəsənət xadimi, bir neçə elm adamı və bir neçə millət vəkillərindən ibarət idi.
Əslində, həmin vaxt Özbəkistan-Tacikistan sərhəddində intensiv keçidin olduğunu demək mümkün deyil. Ona görə də, sərhəd-keçid məntəqəsindən qısa bir zamanda keçərək, oradan tarixi Xocənd şəhərinə üz tutduq. Xocənd şəhəri Sırdərya çayının sahilində yerləşir. Bu şəhərin əhalisinin böyük bir qismi etnik özbəklərdir. Xocənd eyni zamanda Tacikistanın Kulyab, Kurqan-Təpə vilayətləri ilə yanaşı ölkənin eyni adlı vilayətinin bir növ mərkəzidir. Xocənd hava limanında bizi pasport nəzarətindən keçirərək Düşənbəyə uçacaq təyyarəyə ötürən görəvlilərin də bir hissəsi etnik özbəklər idi.
Düşənbəyə yol Varzobdan keçir
Tacikistanın 90 %-i dağlıq ərazidir. Pamir, Qərbi Tyan-Şan, Moğoltau, Qaratau, Cilantau dağları sanki bu ölkəni dövrəyə alıb. Ona görə də, biz Xocənd şəhərində təyyarəyə minərkən önümüzdə olan Qərbi Tyan-Şan silsiləsinə aid çox hündür Varzob dağlarını aşmalı olduq. Bu dağları aşar-aşmaz artıq Varzobun digər, yamacında Düşənbə şəhəri görünməyə başladı. Düşənbə hava limanına enmək üçün isə təyyarəmiz dəfələrlə, hətta deyərdim ki, Xocənddən Düşənbəyə qədər gəldiyi vaxtdan daha çox vaxt sərf edərək eniş etməyə çalışdı. Nəhayət, bizi aparan təyyarə Düşənbə hava limanında endi.
Düşənbə-du şənbə
Düşənbədən danışarkən ilk olaraq, bu şəhərin adı və etimologiyası ilə bağlı dəyərli oxucularımıza məlumat vermək istəyirəm. Düşənbə, daha doğrusu, "du-şənbə" sözü şənbədən sonrakı ikinci gün deməkdir. Yəni, həftənin şənbədən sonra gələn ikinci günü deməkdir. Və belə bəlli oldu ki, əslində, hələ Düşənbənin yerində şəhər olmazdan daha əvvəl orada kiçik qəsəbə mövcud imiş. Hər şənbədən sonra gələn ikinci gün (Qardaş Türkiyədə belə bazara «salı bazarı» deyirlər ki, bu da həftənin ikinci günündə təşkil edilən bazardır. Görünür bu ənənə qədimdə bütün türk coğrafiyasında mövcud olub) müxtəlif kəndlərdən və ətraf əyalətlərdən, aullardan hər kəs istehsal etdiyi kənd təsərrüfatı məhsullarını, ərzaq məhsullarını və yaxud ayrı-ayrı yerlərdən gətirilmiş digər ticarət mallarını burada satırmış. Ona görə də, əvvəllər burada «du şənbə» bazarı olub. Sonra isə görünür bu ticarət münasibətləri orada əhalinin məskunlaşmasına səbəb olub və beləliklə də, Düşənbə şəhəri meydana gəlib.
Tacikistanda bizi hava limanının şəxsi heyəti qarşıladı. Görünür bu şəhərin qonağı kifayət qədər az olduğu üçün hər gələn qonağa xüsusi diqqət və mehribanlıq göstərməyi özlərinə vəzifə borcu hesab edirlər. Ucqar bir kəndə qonaq gələndə əhali necə sevinirsə, coğrafi mövqeyinə görə gəlib-gedənləri az olduğu üçün elə hava limanında da insanı xoş, gülərüzlə qarşılama ənənəsi var. Buna çox sevindik. Bizi elə hava limanındaca səfirliyimizin əməkdaşları qarşıladılar və əvvəlcədən ayrılmış lazımi hotellərə yerləşdirdilər. Onu da qeyd etmək lazımdır ki, Düşənbə şəhərində heç də bizim Bakıda, yaxud da Avropada rastlaşdığımız dəbdəbəli, müasir hotellər yoxdur. Sadəcə hazırda Tacikistanda Sovet dövründə Azərbaycanın rayonlarında tikilmiş qonaq evlərinə bənzər qonaq evləri var. İndi onaların bir qismini müasir hotellər kimi bərpa etməyə çalışırlar ki, belələrinə də hələ çox nadir hallarda rast gəlinir. Bizi bu cür hotellərin birində yerləşdirdilər.
Konfransın yüksək səviyyədə təşkil olunması üçün lazım olan bütün tədbirlər görülmüşdü
Səhərisi günü şəhərin mərkəzində hələ Sovet dövründən qalmış böyük "İstoqlal" hotelində təşkil olunmuş konfransda iştirak etdik. Azərbaycan Respublikasının Tacikistandakı o zamankı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev konfransın yüksək səviyyədə təşkili üçün lazım olan bütün tədbirləri görmüşdü.
"İstiqlal" hoteli sovet dövründə tikilməsinə baxmayaraq, bu gün də Düşənbə şəhərinin ən görkəmli tikililərindən biridir və bu hotelin böyük zalında mayın 12-də ikigünlük beynəlxalq konfrans işə başladı. Konfrans Ulu öndər Heydər Əliyevin fəaliyyətinə və Tacikistan-Azərbaycan münasibətlərinə həsr olunmuşdu. Konfransa Tacikistanda akkreditasiya olunmuş bütün ölkələrin səfirləri dəvət olunmuşdular.
Konfransın rəsmi hissəsi olduqca diqqətlə və beynəlxalq konfransın bütün standartlarına cavab verən bir şəkildə hazırlanmışdı.
Konfransı giriş sözü ilə açan keçmiş səfir Azərbaycan-Tacikistan münasibətlərindən eyni zamanda, Ulu öndər Heydər Əliyevin SSRİ məkanındakı fəaliyyətindən geniş bəhs etdi. Həmçinin, Ulu öndərin hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən Tacikistanın inkişafı ilə bağlı göstərdiyi xidmətləri qeyd etdi. Sonrakı mərhələdə isə Azərbaycan-Tacikistan əlaqələrinin inkişafında Ulu öndərin xidmətlərindən danışdı. Bu çıxış həm Tacikistan nümayəndələri, həm də konfrans iştirakçıları tərəfindən məmnunluq hissi ilə qarşılanır, tez-tez onların alqışına səbəb olurdu.
Səfirdən sonra söz alan Tacikistanın təhsil və mədəniyyət naziri çıxış edərək, Tacikistan-Azərbaycan münasibətlərindən danışdı və Ulu öndərin sovetlər birliyi dönəmində göstərdiyi fəaliyyətlə bağlı, Onun Tacikistana etdiyi xüsusi güzəştlər və SSRİ büdcəsindən Tacikistana müəyyən vəsaitin ayrılması, Tacikistanda yolların tikilməsi, yükdaşımaların intensivləşdirilməsi kimi məsələlərlə bağlı elə arqumentlər dedi ki, sözün doğrusu, bir azərbaycanlı olaraq mən bu günə qədər onları eşitməmişdim. Və bütün bunlara görə bir daha tacik xalqının Ulu öndər Heydər Əliyevə olan sevgisinin şahidi olduq. Eyni zamanda, onların da Sovet dövründə bir müsəlman kimi Heydər Əliyevin təəssübkeşi olaraq, Onun Siyasi Bürodakı fəaliyyətinə bir növ azarkeşlik etdiklərinin şahidi oldum. Çünki istər-istəməz Sovet dövründən, Siyasi Bürodan və SSRİ Nazirlər Sovetinin fəaliyyətindən söhbət düşəndə dərhal taciklər görünür bir müsəlman Sovet lideri olaraq Ulu öndər Heydər Əliyevi özlərinə digərlərindən bir köynək yaxın bildikləri üçün, Onun fəaliyyətindən sevə-sevə danışırdılar.
Qeyd etmək yerinə düşər ki, dəvət olunan qonaqların hamısı konfransda çıxış etməyə həvəs göstərirdilər. Çünki mövzu olduqca maraqlı idi. Yəni, beynəlxalq konfrans vaxtı ilə SSRİ dövründə Siyasi Büronun üzvü olmuş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmış Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu üçün hər kəsin diqqətini çəkir, Qərb ölkələrinin səfirlərində də xüsusi maraq oyadırdı.
Azərbaycanın zəngin mətbəxi və musiqisi iştirakçıları heyran etmişdi
Konfransın sonunda qonaqlara rəsmi şam yeməyi verildi. Şam yeməyi də kifayət qədər zövqlə hazırlanmışdı. Sanki Azərbaycan mətbəxinin bütün dadlı, gözəl nemətləri burada öz əksini tapmışdı. Eyni zamanda, konfrans Azərbaycanın adı ilə bağlı olduğu üçün qonaqlar qara kürüyə də qonaq edildi. Bu isə qonaqların demək olar ki, hamısının sifətində məmnunluq ifadə edən bir təbəssüm yaratmışdı. Çünki Tacikistanda dadlı və müasir Avropa mətbəxinə uyğun yeməklər tapmaq o qədər də asan məsələ deyil. Onlar öz milli mətbəxlərinə bağlı olan xalqdır və ümumiyyətlə, ən dəbdəbəli restoranlarda belə bu ənənədən kənara çıxmaq bir qədər çətindir. Ona görə də, Azərbaycan mətbəxinin bir-birindən ləziz, bir-birindən dadlı yeməkləri qonaqlara təqdim olunduqca onların üzündəki məmnunluğu da açıq-aydın görmək olurdu.
Süfrə ziyafəti bitər-bitməz dərhal qonaqlar musiqi ziyafətinə təşrif buyurdular. İstedadlı və özünəməxsus səsi olan Azərbaycan Respublikasının və Dağıstan Respublikasının Xalq artisti Zaur Rzayev klassik mahnılarımızı, eyni zamanda, xalq mahnılarımızı bir-birindən gözəl şəkildə təqdim etməklə, konfrans iştirakçılarının hamısını sanki ofsunlamışdı.
Yeri gəlmişkən, mən orada sabiq səfirin digər bir mühüm keyfiyyətini də kəşf etdim. Məhərrəm Əliyev kifayət qədər ünsiyyətcil olmaqla yanaşı, eyni zamanda, Azərbaycan musiqisi və mədəniyyəti haqqında dərin bilgiyə sahib idi. Çünki o konsertlərarası fasilələrdə hər bir qonağa Azərbaycan musiqisi, Azərbaycan bəstəkarları, Azərbaycanın musiqi alətləri və azərbaycanlıların xüsusi ifa tərzi haqqında çox maraqlı fikirlər bildirir, peşəkar bir musiqişünas kimi danışırdı. Bu isə qonaqların xüsusi marağına səbəb olurdu.
Tacikistan Azərbaycanla əlaqələrin inkişafına maraq göstərir
Tədbirdən sonra biz oradakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşdük. Qeyd edim ki, Tacikistanda Azərbaycan diasporunun üzvləri azdır. Görünür Tacikistanın kiçik və kasıb bir ölkə olması azərbaycanlıların marağını cəlb etməyib. Orada yaşayan bir neçə azərbaycanlı isə hələ Sovet dövründə müxtəlif səbəblərdən Xocənddə və Düşənbədə məskunlaşmış soydaşlarımızdır ki, onların bir qismi də Sovet dövründə hərbi xidməti ora ilə bağlı olan insanlardır. Eyni zamanda, orada bir neçə gürcü diasporunun nümayəndələri var ki, onlar da bizi sanki öz doğmaları kimi qarşıladılar. Müharibə veteranı olan, vaxtı ilə Tacikistanın partiya komitəsində müxtəlif vəzifələr tutmuş Svanadze soyadlı bir gürcü də tez-tez bizə yaxınlaşır və Azərbaycanla, vətəni Gürcüstanla bağlı müəyyən suallar verirdi. Biz də böyük həvəslə onun suallarını cavablandırırdıq.
Səfərimiz zamanı bəlli oldu ki, bu gün Azərbaycan-Tacikistan münasibətləri arzuolunan səviyyədədir. Düzdür, Tacikistanın Azərbaycanla iqtisadi münasibətlər qurmaq potensialı bir o qədər də zəngin deyil. Amma buna baxmayaraq, Azərbaycanla Tacikistan arasında ciddi iqtisadi münasibətlər formalaşıb. Bu münasibətlərin əsasında isə Gəncə Alüminium Zavodu ilə olan münasibətlər dayanır. Azərbaycanda istehsal olunan alüminiumun əsas alıcılarından biri məhz Tacikistandır və bu bazarın formalaşmasında Tacikistan-Azərbaycan birgə müəssisələri kifayət qədər ciddi işlər görürlər.
Eyni zamanda, Tacikistanda cürbəcür qiymətli daşlar var və həmin daşların Azərbaycanda bazarının qurulmasını taciklər özləri üçün prioritet məsələ hesab edirlər.
Tacikistanda istirahət yerləri azdır
Tacikistanda istirahət yerləri Azərbaycandakı qədər deyil, azdır. Çünki əhali kifayət qədər kasıbdır. Eyni zamanda, Tacikistan enerji daşıyıcılarına çox böyük ehtiyacı olan bir ölkədir.Tacikistanda karbohidrogen ehtiyatları və təbii qaz yoxdur. Kiçik dağ çayları üzərində qurulmuş su elektrik stansiyaları isə ölkənin enerji ehtiyaitlarını qarşılamaq iqtidarında deyil. Qış soyuq keçdikdə isə dağ çaylar donur və ölkənin enerji sektoru demək olar ki, iflic vəziyyətə düşür. Bu cür halların birində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu ölkəyə ciddi enerji yardımı göstərilib. Taciklər bu hadisəni tez-tez minnətdarlıqla yada salırlar.
Düşənbənin mərkəzində bu ölkənin qurucusu İsmayıl Samaninin heykəli qoyulub və biz şəhərlə tanışlıq çərçivəsində bu heykəli ziyarət etdik. Demək olar ki, bütün taciklər İsmayıl Samanini özləri üçün ideal hesab edir və onun Tacikistan dövlətinin qurucusu hesab edirlər. Doğrudan da bu ölkənin ərazisində vaxtilə Soğdiya Baktriya kimi dövlətlər olub. IX əsrin sonlarında isə İsmayıl Samani Samanilər dövlətini qurub. Hər nə qədər İsmayıl Samaninin türküstan əsilli olmağı söylənilsə də taciklər bu fikri qətiyyətlə rədd edirlər. Yalnız bəzi tarixçilər müəyyən arqumentləri qəbul etmək məcburiyyətində qalırlar. Samanilər dövrü Tacikistanın inkişaf tarixində xüsusi bir mərhələdir. Bu dövrü tacik ədəbiyyatının qızıl dövrü hesab etmək olar. Çünki həmin dövrdə Rudəki, Firdovsi, Ömər Xəyyam, Cami kimi tacik ədəbiyyatının nəhəngləri yetişdi. Sonrakı dövrlərdə isə Tacikistan müxtəlif işğallara məruz qaldı. 1905-ci ildə ingilislər tərəfindən işğal edildi. 1916-cı ildə Buxara əmirliyinə tabe oldu. 1924-cü ildə Özbəkistanın tərkibində Muxtar vilayət statusu aldı. 1929-cu ildə isə Tacikistan Sovet Sosialist Respublikası yaradıldı.
Onu da qeyd etdim ki, İsmayıl Səmaninin heykəlinin arxasında Düşənbə şəhərinin böyük bir parkı yerləşir. Park təbii meşə içərisində qurulduğu üçün buranı park-meşə adlandırmaq daha doğru olardı. Düzü mən bu parkı çox sevdim. Lakin sonradan öyrəndim ki, müasir dəblə qurulan kiçik, həmçinin, müxtəlif dekorativ şam ağacları və kollarla bəzədilmiş müasir park salmaq üçün həmin meşə-parkdakı ağaclar tamamilə kəsilərək, oradan daşınıb. Sözün açığı buna çox üzüldüm.
Tacikistanda gündəlik qəzetlər çox azdır
Səfərin ikinci günü səfirliyimizin köməkliyi ilə Tacikistanda fəaliyyət göstərən yerli KİV-lə görüşlərimiz keçirildi. "Avrasiya plyus" qəzetində və eyniadlı radioda olduq. Çox maraqlıdır ki, həmin qəzetin əməkdaşlarından biri də Azərbaycan əsilli idi. Onu da deyim ki, Tacikistanda gündəlik qəzet demək olar ki, nəşr olunmur. Bir çox qəzetlər həftədə bir dəfə nəşr olunurlar və əlbəttə ki, maddi vəziyyətləri də arzuolunan səviyyədə deyil. Biz "Avrasiya plyus" radiosunda yayımlanan proqramda Azərbaycan-Tacikistan münasibətləri, ölkəmizdə KİV-in inkişafına göstərilən dövlət dəstəyi ilə bağlı öz fikirlərimizi bildirdik. Səfər etdiyimiz dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yenicə yaradılmışdı və onun hesabına 2 milyon manat vəsait köçürülmüşdü. Mən bunu tacikistanlı həmkarlarıma deyən zaman onlar buna əvvəlcə inanmadılar. Çünki dediyimiz məbləğ Tacikistanın büdcəsinin ciddi bir hissəsi qədərdir. Amma mən bunun doğru olduğunu deyəndə onlar çox sevindilər ki, Azərbaycanda dövlət səviyyəsində mətbuata bu cür diqqət və qayğı göstərilir.
Nəzirə Rəhmətşoyevanın qəmli həyat hekayəsi
Sonrakı gün isə biz əvvəlcədən tanıdığım və Azərbaycanı çox sevən bir xanımla görüşdük. Nəzirə Rəhmətşoyeva adlı həmin xanım (ad şərtidir) 1988-89-cu illərdə SSRİ-nin dağılması ərəfəsində Ümumittifaq Lenin Komsomolu Gənclər İttifaqı tərəfindən Moskva ətrafında təşkil edilmiş bir düşərgədə istirahət etməli olur. Azərbaycandan da həmin düşərgəyə 9-10-cu sinifdə oxuyan komsomolçu gənclər göndərilir. 16-17 yaşlı bu gənclər arasında orada müəyyən səmimi münasibətlər yaranır. Nəzirə xanımın dediyinə görə, bu səmimi münasibətlər artıq getdikcə dərinləşərək, fərdi müstəvidə olduqca sıx dostluq əlaqələrinə çevrilməyə başlayır. Bu münasibətlər 1990-cı ilin yanvar ayına qədər davam edir. Xüsusilə də azərbaycanlı İlqar adlı gənclə Nəzirə xanım arasında olan bu münasibətlər ikinci tərəfindən uzun zaman unudulmur. 1990-cı ilin yanvarından sonra Nəzirə Rəhmətşoyevanın ciddi cəhdlərinə baxmayaraq, o İlqarla əlaqə qura bilmir. Aradan illər keçdikdən sonra təxminən 1997-98-ci illərdə Nəzirə xanım unuda bilmədiyi o azərbaycanlı gənci axtarmaq üçün turist kimi Bakıya gəlir. Bakıda bir neçə gün axtarış etsə də, onu tapa bilmir. Bakıdan qayıdarkən özünə borc hesab edir ki, 1990-cı ilin qanlı yanvar hadisəsi zamanı rus-erməni birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət etsin. Beləliklə, cərgə ilə düzülmüş məzarları ziyarət edə-edə irəliləyərkən qəflətən qara mərmərin üzərinə həkk olunmuş İlqarın rəsmini görür. Və bu zaman o, bilmir sevinsin, yoxsa kədərlənsin. Çünki uzun illər axtardığı İlqarı tapmışdı. Lakin zaman və tale onları bu dünyada bir daha canlı olaraq üz-üzə dayanmaq imkanından məhrum etmişdi. Bu hadisədən çox mütəəssir olan Nəzirə Rəhmətşoyeva yüngül əsəb sarsıntısı keçirir və bir neçə gün Bakıda müalicə aldıqdan sonra yenidən vətəninə dönür. Eyni zamanda, özü üçün Azərbaycanı ikinci Vətən kimi müəyyənləşdirir. Ona görə də, hər fürsətdə ölkəmizə gəlməyə çalışır və mən də onunla Azərbaycanda tanış olmuşdum. Onun həyat hekayəsini, həmçinin, Azərbaycanı çox sevdiyini bildiyim üçün Tacikistana gedən zaman onunla görüşməyi vacib hesab etdim. Və doğrudan da Nəzirə Rəhmətşoyeva Azərbaycanın bir növ qeyri-rəsmi elçisidir. Səfirliyimizdə də hər kəs onu tanıyır və onun fəaliyyəti üçün müəyyən istiqamətlər verirlər.
Elə görüşlərimizin biri də onun ailəsi ilə oldu. Həyat yoldaşı, anası və övladları ilə bərabər bizimlə çox səmimi vaxt keçirdi. Azərbaycan xalqına, bizim musiqimizə sevgisindən danışdı və heç bir zaman ölkəmizi unutmayacağını bildirdi.
Taciklərin "tacikləşdirmə" arzusu
Bu kövrək notlardan sonra bildirmək istəyirəm ki, doğrudan da Azərbaycan musiqisi Tacikistanda çox sevilir. Eyni zamanda, bizim mədəniyyətimizin və ədəbiyyatımızın nə qədər zəngin olduğunun bir daha şahidi oldum. Amma Tacikistanda başqa bir məsələ bundan ibarətdir ki, hələ də bəzi taciklər keçmiş şöhrətin parıltısını unuda bilməyiblər.
İstər Ömər Xəyyamdan, istər Firdovsidən, hətta Azərbaycan şairləri Məhəmməd Füzulidən və Nizami Gəncəvidən söhbət gedən zaman onlar bu dahilərin hamısını tacik olaraq qəbul edirlər. İsrarla deyirlər ki, bu dahilərin hamısı tacikdir.
Belə söhbətlərimizin birində, hətta bir qədər irəli gedən tacik dostlarımızdan biri Füzuli və Nizami ilə bərabər Məhsəti Gəncəvinin də tacik olduğunu iddia etdi. Mən isə "yaxşı Məhsəti Gəncəvi tacikdirsə o zaman necə olur ki, Gəncəvi olur və Gəncədə yaşayır" dedim. Cavab verdi ki, guya Məhsəti xanım Gəncəyə ərə gedib və ona görə də, Məhsəti Gəncəvi adı ilə orada yaşayıb.
Əlbəttə ki, bu bir tərəfdən məni sevindirirdi ki, taciklər bizim şairlərimizi bu qədər sevir və yaradıcılıqlarını əzbər bilirlər. Başqa bir tərəfdən kədərlənirdim ki, onlar Azərbaycan xalqının ədəbi-ictimai fikir tarixinin nəhənglərini özlərininki hesab edirlər. Onu da qeyd edim ki, XII-XVI əsrlərdə müsəlman şərqində mövcud olan ədəbi dil bugünkü tacik dilinə daha yaxın idi, nəinki müasir fars dilinə. Buna görə də, taciklər həmin dövrdə yazılmış yaradıcılıq nümunələrini sevir və əzbər bilirlər. Yeri gəlmişkən, biz avtobusla Xocənddən Özbəkistan sərhədinə gələrkən Füzulidən, Nəsimidən, Nizamidən müxtəlif şeirlər deyirdik. Bu zaman sürücü tez-tez dönüb bizə baxırdı. Amma onun niyə baxdığını biz bilmirdik. Avtobusdan düşərkən sürücü "siz bizim dili haradan bilirsiniz" deyə soruşdu. Cavab verdik ki, biz sizin dili bilmirik. O zaman "bəs səhərdən bizim dildə şeir deyirsiniz. Bu bizim dildir" deyə bildirdi. Doğrusu sürücünün belə zirənk davranışı məni təəccübləndirdi. Cavab olaraq bildirdim ki, müsəlman şərqinin orta əsrlər ədəbi dili, ərəb, fars və türk dilləri idi. Ona görə də o dövrdə yaşayan şair və ədiblər hər üç dilin imkanlarında yararlanaraq mükəmməl ədəbi nümunələr yaratmış və bizə miras qoymuşlar. Bu şeirlərin içərisində istifadə edilmiş xeyli sayda fars-tacik sözləri olduğu üçün sizə doğma gəldi. Ancaq fərq etdinizsə bütün fellər türkcə idi. Sizin dilinizdə də çoxlu sayda türk sözləri olduğu üçün şeirin sizin dildə olduğunu düşündünüz. Bütövlükdə isə bu böyük miras müsəlman şərqinin ortaq dəyərlər sisteminin tərkib hissəsidir. Bu geniş izahatdan sonra tacik sürücü heç kefini pozmadan yenə, hə bizim dildir deyə təkrar etdi. Mən də, həm də bizim, deməklə kifayətlənməli oldum.
Taciklər qədim soqdların varisləridir
Taciklər qədim soqların varisləridir. Soqdlar hər zaman tacir, ticarətçi olublar. Amma sonradan Orta Asiyada, Türküstanda uzun əsrlər boyu türk hegemoniyası bərqərar olduğu üçün etnik taciklər, demək olar ki, ovalıqlardan tamamilə dağlara sıxışdırılıblar. Və onların qədim dövrlərdə həyata keçirdikləri ticarət funksiyası ciddi şəkildə məhdudlaşdırılıb. Çünki o dövrdə Böyük İpək Yolunun üzərində soqdlar ticarətin əsas damarlarından birini təşkil edirdilərsə, sonrakı dövrlərdə artıq bu funksiyanı digər xalqlarla bərabər, əsas etibarilə, türk xalqları həyata keçiriblər. Beləliklə, bütün yollara nəzarət, ticarət və karvan yollarına nəzarət, əlbəttə ki, əsrlər boyu türklərin əlində olduğu üçün taciklərin ovalıqlara enərək şəhər həyatına alışmaları çətinləşib və böyük şəhər qurmaq imkanları bir növ məhdudlaşıb. Lakin buna baxmayaraq, tacik dili türk dillərinə çoxlu söz verib və eyni zamanda, türk dillərindən çoxlu söz alıb. Taciklərin antropologiyasına baxdıqda görürük ki, onlar bəlkə də Azərbaycan xalqına ən çox oxşayan xalqlardan biridir. Çünki tacik xalqının da etnogenizinin formalaşmasında Azərbaycan xalqının etnogenizinin formalaşmasında iştirak edən çoxsaylı türk tayfaları iştirak etdiyinə görə, həm zahiri antropoloji bənzərlik, həm də dil bənzərliyi yaranıb. Eyni zamanda, mətbəx və zövq bənzərliyi də formalaşıb. Bütün bunlar isə Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf etməsi üçün əsas təmas nöqtələridir. Elə bu nöqtələr üzərində də Tacikistan-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün ciddi baza formalaşıb.
Başıqarlı Varzob dağları
Tacikistana səfər edib, Varzob dağlarından yazmamaq qeyri-mümkündür. Məlumat üçün deyim ki, may ayı olmasına baxmayaraq, Varzob dağlarının ətəklərindən yüksək yamaclarına qədər böyük qar örtüyü vardı. Onu da bildirmək yerinə düşər ki, Varzob dağları çox zəngin su ehtiyatlarına, həmçinin, zəngin bitki örtüyünə malik silsilə sıra dağlarıdır. Bu dağların ətəklərində isə Tacikistanın rəsmi dairələrinə məxsus qonaq evləri var. Səfərimizin bir gününü biz məhz həmin ərazidə qonaq olduq.
Qonaq evi çox maraqlı bir coğrafi ərazidə yerləşir. Varzob dağlarının bir yamacından boz-bulanıq rəngdə çay axır, başqa bir yamacından isə görünür mis və gil qarışığı olduğu üçün tünd qırmızı rəngdə bir çay axır. Və hər iki çay bir qədər aşağıda, vadidə bir-birinə qovuşur. Həmin qovuşma məkanında isə rəsmi qonaq evi var. Burada əyləncə, idman üçün hər cür şərait yaradılıb. Amma eyni zamanda, həm relyef enişli-yoxuşlu olduğu üçün, həm də görünür iqtisadi məhdudiyyətlər orada daha gözəl və daha müasir standartlara uyğun bir hotelin tikilməsinə imkan vermir.
Taciklər Azərbaycanı çox sevir
Taciklər, ümumiyyətlə Azərbaycanı sevirlər. Bəhs etdiyim ərazinin ətrafında bir kənd vardı və biz bir gün axşam sakinlərlə tanış olmaq üçün həmin kəndi gəzməyə başladıq. Orada hər kəs Azərbaycan kəndlərində olduğu kimi insanı qonaq etməyə çalışır. Onların böyük əksəriyyəti Rusiyada yaşadıqları üçün demək olar ki, kənddə çox az insan var. Amma eyni zamanda, bizə qibtə ilə baxırlar. Rusiyada yaşamış və vətənlərinə geri qayıtmış taciklər bizi görən kimi "İstər Moskvada, istərsə də Rusiyanın digər şəhərlərində azərbaycanlılar hər zaman bizi himayə edirlər. Siz ağıllısınız, siz böyük işlər görə bilirsiniz" deyirdilər. Bu fakt onlarda Azərbaycana bir aludəçilik, azərbaycanlılara qarşı bir həsəd formalaşdırır.
Mən burada bir haşiyə çıxmaq istəyirəm. Hələ Tacikistana getməzdən öncə Tacikistanın Azərbaycandakı səfiri Zakir bəylə görüşdük. Zakir bəy mənə maraqlı bir hadisə danışdı. Belə ki, ötən əsrin 80-ci illərinin ortalarında o, Moskvada doktorantura üzrə təhsil alırmış və bir azərbaycanlı ilə bərabər yataqxanada qalırmış. Bir gün bu azərbaycanlı "Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyeva vəfat edib, bu gün qırxıdır. Mən ora gedəcəyəm. Sən də gedirsənmi" deyib. Beləliklə, onlar Moskvaətrafı bağların birində Ulu öndər Heydər Əliyevin təşkil etdiyi yas mərasimində iştirak ediblər. Mərasimdə molla olmağına baxmayaraq, Zakir bəy icazə alaraq Yasin surəsini oxuyur.
Aradan iki ay keçdikdən sonra Zakir bəyə deyiblər ki, onu SSRİ Nazirlər Sovetindən gəlmiş bir nəfər axtarır. Beləliklə Zakir bəyi SSRİ Nazirlər Sovetinə aparıblar və orada müvafiq şöbələrdən birinin müdiri Zakir bəyə Moskvada ikiotaqlı mənzilin açarını təqdim edərək "bu evi sizə Heydər Əliyev verib. Gedin mənzilinizə sahib çıxın" deyib. Beləliklə, bu gün də həmin mənzil Zakir bəyin mülkiyyətidir.
Mən bunu eşitdikdən sonra belə qənaətə gəldim ki, taciklərin ümumi Azərbaycan sevgisi heç də təsadüfi deyil. Belə ki, istər Zakir bəyin timsalında fərdlərin birbaşa taleyində, istərsə də bütövlükdə tacik xalqının taleyində onların sovet dövrü inkişaf tarixində Ulu öndər Heydər Əliyevin nə qədər böyük xidmətləri olub.