Modern.az

Bakının yeni Baş Planı gələn il hazır olacaq

Bakının yeni Baş Planı gələn il hazır olacaq

Ölkə

18 Oktyabr 2011, 14:13

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DTAK) "Böyük Bakının Regional İnkişaf Planı"nı gələn ilin sonunadək hazır edəcək. Modern.az-ın məlumatına görə, bu barədə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
C.Qocayevin sözlərinə görə, 2030-cu ilə qədər Bakının “Papanin”, “Sovetski”, Xutor" adlanan və köhnə tikililərin mövcud olduğu ərazilərinin abadlaşdırılması nəzərdə tutulur. Bu zaman həmin ərazilərdəki yaşayış üçün yararsız və tarixi dəyəri olmayan binalar söküləcək, onların yerində müasir binalar tikiləcək.

C.Qocayev deyib ki, Bakının mərkəzində 5-7 mərtəbədən hündür binaların tikintisinə də qadağa qoyulacaq.

2009-cu ilin aprelindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Böyük Bakının Regional İnkişaf Planı” üzrənidə işləyir.

“Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilədək dövrü əhatə etməlidir. Layihə 4 hissədən ibarətdir:

I. Böyük Bakının ərazisi üçün ilkin məlumatların toplanması və yerin mövcud vəziyyətinin analizi;

II. Abşeron yarımadasının (Böyük Bakı) ekoloji vəziyyətinin analizi;

III. Regionun 2010-cu ildədək mövcud iqtisadi vəziyyətinin analizi, həmçinin 2030-cu ilə qədər perspektivlərin inkişafını proqnozlaşdırmaq;

IV. 2030-cu ilə qədər regionun planlaşdırma sxeminin hazırlanması.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindəki "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarov Modern.az-a deyib ki, yeni Baş Plana görə, bəzi məqamlar aydındır. O cümlədən:
- Dəniz limanının və bərənin Qaradağ rayonuna, Ələt şəhərinin yaxınına köçürməsi;
- Neftdaşıyan terminalın Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Sanqaçala köçürməsi;
- “Qara Şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və  boşaldılmış ərazinin məskünlaşma üçün mənimsənilməsi;
- “Xutor” - 88 hektar, “Kubinka”- 46 hektar, şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı “Beşmərtəbə”nin- 85 ha;
- 292 hektarını təşkil edilməmiş tikintilər əhatə edən “ 20-ci sahə” - 800 ha  kimi şəhər sahələrinin  bölmələrinin regenerasiyası.

Xatırladaq ki, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər