Modern.az

Məhkəmə icraçıları “Xural” qəzetinin əmlakını müsadirə edib

Məhkəmə icraçıları “Xural” qəzetinin əmlakını müsadirə edib

Ölkə

20 Oktyabr 2011, 10:06

Ədliyyə Nazirliyinin Nərimanov rayon məhkəmə icraçıları oktyabrın 19-da “Xural”ın redaksiyasına baxış keçirib əmlakı siyahıya alıblar. İcraçılar redaksiyaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərlinin “Xural”a qarşı iddiaları üzrə çıxarılmış qərarlara görə gəliblər. Məhkəmə qərarlarına görə, “Xural” Ramiz Mehdiyevə 10 min manat, Vüqar Səfərliyə 5 min manat təzminat ödəməlidir. Təzminat ödənmədiyindən bu ilin mayında “Xural”ın əmlakı siyahıya alınıb.

Qəzetin baş redaktoru Əvəz Zeynallı RATİ-yə bildirib ki, cərimələri ödəməyə maddi imkanları olmadığından icranın dayandırılması üçün məhkəməyə müraciət edib. Əmlakın yenidən siyahıya alınmasının siyasi sifariş olduğunu düşünən Əvəz Zeynallı deyib ki, bu, bir aydır gündəlik dərc olunan “Xural” qəzetinin Azərbaycan hakimiyyətinə, ölkə rəhbərliyinə qarşı tənqidi materiallar dərc etməsi ilə bağlıdır.

RATİ bildirir ki, məhkəmə icraçıları saat 10:00-dan 16:00-a qədər redaksiyada olublar. Saat 18 radələrində yenidən geri dönən icraçılar redaksiyaya məxsus bütün avadanlıqları yük avtomobilinə yığıb aparıblar. Proses saat 21:30-a qədər davam edib.

“Xural” qəzeti 2002-ci ildə yaradılıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan qəzet həmin gündən həftədə yeddi dəfəyə keçib.

Mediaforum.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər