Modern.az

Bələdiyyələrin istəyi, “JEK”-lərin dirənişi... (Araşdırma)

Bələdiyyələrin istəyi, “JEK”-lərin dirənişi... (Araşdırma)

Ölkə

20 Oktyabr 2011, 13:21

və “Bələdiyyələrə əlavə səlahiyyərtlərin verilməsi haqqında” qanun layihəsi

“Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihəsi birinci oxunuşdan keçsə də, sənəd ikinci oxunuşda Milli Məclisin 2011-ci il payız sessiyasının qanunvericilik işlər planına salınmadı.

Bu sənəd bələdiyyələrə yeni səlahiyyətlərin verilməsini özündə ehtiva edir. Elə buna görə də bələdiyyələr bu layihədən çox şey gözləyirlər.

Modern.az-ın əməkdaşı bir neçə bələdiyyə rəhbərinə “siz hansı səlahiyyətlərin verilməsini istərdiniz” sualı ilə müraciət edib.

Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov bildirib ki, çox şey istəməklə deyil, çox şey istəyəndə hər şeyi adama vermirlər.
“Bələdiyyələrin səlahiyyəti çox məhduddur. Hazırda bələdiyyələr çox cüzi səlahiyyətlərlə fəaliyət göstərirlər. Bələdiyyələr yarananda bu qurumlara qanunvericiliklə müəyyənləşən az səlahiyyətlər verilib. Çox işlər görmək üçün isə  çoxlu səlahiyyət verilməlidi. Hazırda xeyir-şər evləri, qəbristanlıqlar, bəzi qəsəbədaxili yollar, fiziki şəxlərdən yığılan vergilər bələdiyyələrin səlahiyyətindədir.
Çox yaxşı olardı ki, nikah evlərini, hüquqi şəxslərdən vergilərin yığılmasını bələdiyyələrin səlahiyyətinə versinlər. Bələdiyyələr fiziki şəxslərdən vergiləri yığa bilir, amma hüquqi şəxslərdən vergi ala bilmir”.

Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri Nazim Dadaşov isə bildirib ki, Milli Məclis tərəfindən bələdiyyələrlə bağlı hansı qanun qəbul olunmasından asılı olmayaraq onu icra etməli olacaqlar: “Hüquqi şəxslər bir yana qalsın, fiziki şəxslərdən, idarələrdən, müəssisələrdən torpaq və əmlak vergisini yığa bilsək, çox böyük bir iş görmüş olacağıq. Amma heç biz onu da yığa bilmirik, o imkan bizdə yoxdur. Fiziki şəxslərdən vergilərin yığılması ilə bağlı Vergilər Nazirliyi ilə müqavilə də bağlanıb. Biz gözləyirik, görək Milli Məclis öz sözünü hansı formada deyəcək”.
Bələdiyyə sədri onu da bildirib ki, qəsəbədə olan nikah evini, qəbristanlığı,  məscidləri onların nəzarətinə versələr, çox yaxşı olar.

Nizami rayon bələdiyyəsinin sədr müavini Bəylər Quliyev isə bildirib ki, onların ən ağırlı yeri əmlak vergisinin toplanması məsələsidir: “Əmlak vergisi məsələsində “JEK”lər bizimlə elə bil bir növ rəqabət aparırlar. Onlar da həmin  vergini yığırlar, ancaq həmin vergi qanunla bələdiyyələrə aiddir. Mən o səlahiyyətlərin tamamilə bələdiyyələrə verilməsini istəyirəm. Çünki bələdiyyələrin də müfətttişləri gedirlər özəlləşdirilmiş mənzilərdən əmlak vergisi yığırlar, “JEK”lərin işçiləri də o vergini ev kirayəsi adıyla yığırlar. Ev özəlləşdirildikdən sonra olur daşınmaz əmlak. Daşınmaz əmlakın vergisinin yığılması qanunla bələdiyyələrə həvalə olunub. Sakinlər pulu bir yerə vermək istəyirlər, bələdiyyəyə vergi verən “JEK”ə vergi vermək istəmir, “JEK” vergi verən bələdiyyəyə vermək istəmir. Ortada anlaşılmamazlıq var. Bizim qanunlarda boşluqlar olduğu üçün bu məsələ də həll olunmur”.
Bələdiyyə sədrinin müavini təklif edib ki, televiziyalarda bələdiyələrlə bağlı dəyirmi masalar keçirilsin: “Bizi də ora dəvət etsinlər. Fikirlərimiz öyrənilsin. Çünki biz əhaliylə daha çox təmasda oluruq, əhalinin  problemlərini öyrənirik. Milli Məclisə bizim təklıiflərimizin hamısı gedib çatmır. Bundan əlavə, Milli Məclis tərəfindən bələdiyyələrin mülkiyyət hüququ müəyyənləşməlidi. İndiyə kimi heç bir bələdiyyə bilmir ki, hara hansı bələdiyyəyə aiddir. Dəqiq mülikiyyət hüququ müəyyənləşməlidir. 2007-ci ildə Prezidentin  fərmanı ilə üç ay müddət verilmişdi ki, bu məsələ həll olunsun. Üstundən 4-5 il keçsə də, bu məsələ öz həllini tapmayıb. Bələdiyyələrin mülkiyyəti ayrılmalıdır, konkret olaraq bilinməlidir ki, filan ərazi filan bələdiyyəyə aiddir. Şəhər bələdiyyələrinin heç birində bu, hələ müəyyən olunmayıb. Bələdiyyələrin işinə mane olan ən başlıca səbəblər də bunlardır”.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentiin rəis köməkçisi Sabit Əzizov isə bilirib ki, onlar yalnız mənzil haqqı və tullantıların daşınması vergisini camaatdan yığırlar:
“Qalan vergiləri elə bələdiyyələr özləri yığırlar. Bələdiyyələr bizim səlahiyyətimzdə olan məsələlərə iddialıdırlar. Amma bir məsələ də var. İddialı olmaq yaxşı şeydir, onu yerinə yetirmək də lazımdır. Əgər bələdiyyələr bizim səlahiyyətlərə iddialıdırlarsa, bunu yerinə yetirə biləcəklərini faktlarla subut etsinlər”.

Göründüyü kimi arada ciddi qarşıdurma var. Yeni qanun layihəsində “JEK”lərin ləğv edilməsi və onların bütün səlahiyyətlərinin bələdiyyələrə verilməsi nəzərdə tutulur.

İcra hakimiyyətləri ilə bələdiyyələr arasında bu kimi məsələlər uzun illərdir ki, problem yaradıb. İkincilər hələ ki məğlub durumdadırlar.

Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, bələdiyyələr ölkədə xeyli işlər görürlər, tədbirlər həyata keçirirlər: “Bələdiyyələrin fəaliyyəti xeyli genişlənir, təkmilləşir, bələdiyyələrlə bağlı müəyyən islahatlar həyata keçirilir. Bütün bunlara baxmayaraq, bələdiyyələrə müəyyən səlahiyyətlər verilməlidir. Mən onun tərəfdarıyam bələdiyyələrə elə səlahiyyətlər verilsin ki, onu bələdiyyələr yerinə yetirə bilsinlər. Bu qanunda da öz əksini tapıb,  bələdiyyələr o səlahiyyəti öz üzərinə götürməlidirlər ki, onu yerinə yetirə bilsinlər. Mən də tərəfdarıyam ki, mənzil-komunal xidmət sahələrinin bir çox səlahiyyətləri var ki, onlar bələdiyyələrə verilsin. Çünki bələdiyyələr bunu həyata keçirə bilərlər. Yaşıllaşdırma işləri bələdiyyələrə verilməlidi, su təchizatı, istər regionlarda suvarma suyu, istərsə də içməli su bələdiyyələrə verilməlidi.  Dövlət mülkiyyətində olan bir çox müəssisələr var ki, hazırda onlar işləmirlər, onlar yararsız bir vəziyyətə düşürlər, onları qoruyan yoxdu. Həmin  müəssisələr, emal sexləri, tikiş fabrikləri, mini zavodlar bələdiyyələrin mülkiyyətinə verilsin. Bu müəssisələr ya birdəfəlik verilsin, ya da uzunmüddətə icarəyə verilsin ki,  bələdiyyələr həmin ərazilərdə, sahələrdə  özlərinə xidmət sahələrini yaratsınlar. Qanunda da var ki,  məktəbdənkənar müəssisələrin istifadəsi, uşaq bağçaları, məktəbdənkənar idman obyektləri, məktəb iaşəsi bələdiyyələrə verilməlidir.  Çünki Azərbaycanda uşaq bağçalarının sayı çox aşağıdır, bu da tələbatı ödəmir, həmin sahədə problem qalır. Çünki hər bir uşaq bağçadan məktəbə gəlməlidi. Belə olanda təhsilin də keyyfiyyəti yüksək olur. Amma bunun üçün bağçalar çatışmır. Bələdiyyələr bu gün həmin bağçaları idarə edə, tikə və oradan gəlir götürə bilərlər. Digər tərəfdən də valideynlərin tələbatı yerinə yetiriləcək.  Qanunda da nəzərdə tutulub ki, məktəb iaşələri bələdiyyələrə verilsin”.

Qeyd edək ki, əksər ölklərədə nəqliyyat, enerji sistemi bələdiyyələrin səlahiyyətindər. T. Rzayev isə hesab edir ki, bu gün bələdiyyələr onu idarə etmək qabilyyətinə malik deyillər: “Onun üçün bələdiyyələrin  maliyyə bazası yoxdur,  kadrları yoxdur. Onların imkanları tam mövcüd deyil. Ona görə müəyyən məsələləri indiki dövrdə bələdiyyələrə vermək olmaz. Çox təəssüflər olsun ki, bir çox xarici ekspertlər bələdiyyələrin mövcüd vəziyyətləri ilə tanış olmadan deyirlər ki, bütün sahələr bələdiyyələrin səlahiyyətinə verilsin. Əgər həmin o səlahiyyətlər bələdiyyələrə verilsə, xaos yaranacaq. Amma müəyyən sahələr var onlar bələdiyyələrə verilsə, bələdiyyələrin büdcələri xeyli artar, bazası güclənər. Bununla da onlar çox iş görə bilərlər”.

Bələdiyyələrin səlahiyyətləri ilə bağlı qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağını deputat belə şərh edib:
“Qanun layihəsi birinci oxunuşdan keçib. Bu, çox aktual və vacib bir qanun layihəsidir. Onun  üçün müxtəlif rəylər var. Bəzi qanunlar var ki, Milli Məclisdən keçəndən sonra beynəlxalq qurumlara göndərilir, ekspertlər qanun layihəsi ilə bağlı öz təkliflərini verirlər. Bu sənəd də eyni proseduru keçməlidir. Xarici ekspertlərlə bu məsələdə bizim qanunverici orqan arasında  müəyyən münasibətlər və eyni zamanda fikir ayrılıqları var. Ona görə də qanun layihəsinin ikinci oxunuşa çıxması bir az ləngiyib. Bələdiyyələrin təkliflərilə yerli və beynəlxalq ekspertlərin təklifləri ümumiləşdiriləcək. Ondan sonra qanun layihəsi müzakirəyə çıxarılacaq”.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər