Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayın 12-də Bişkekdə imzalanan atəşkəs haqqında sazişdən sonra Qarabağla bağlı problem bir çox beynəlxalq təşkilatlar, ölkələr tərəfindən dondurulmuş münaqişə kimi qiymətləndirilir. Məsələ orasındadır ki, dondurulmuş münaqişə olan Dnestryanı problemi ilə Dağlıq Qarabağ arasında ciddi fərqlər var.
Birinci ona görə ki, Dnestryanıda silahlar çoxdan susub.
Dağlıq Qarabağı işğal edən ermənilər isə demək olar ki, hər gün Azərbaycan tərəfini atəşə tuturlar. Belədə atəşkəsdən əsər-əlamət qalmayıb.
Bu halda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dondurulmuş münaqişə adlandırmaq o qədər də məntiqi görünmür.
Milli Məclisin deputatı Mübariz Qurbanlı deyir ki, bu, həll olunmamış münaqişə adlanır: “Hələlik həll edilməyib, amma Qarabağ münaqişə bağlı danışıqlar bir an olsun dayanmayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu münaqişəni həll etmək üçün bütün səylərini, bütün gücünü, Azərbaycanın bütün tarixi-siyasi potensialını buna yönəldib. Uğurlarımız da var. Diplomatik sahədə Ermənistanın təcavüzkar olduğunu bir çox dövlət və təşkilatlar birmənalı olaraq tanıyıb.
Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyindən dondurulub. Amma münaqişənin həlli ilə əlaqədar səylər hələ davam edir. ATƏT-in Minsk qrupu çərçivəsində səylər davam edir. Azərbaycanın xarici siyasətində intensiv olaraq böyük işlər həyata keçirilir. Atəşkəsin pozulması, atəşin davam etməsi bütövlükdə Ermənistanın təcavüzkarlığının nümunəsidir”.
Millət vəkili İlyas İsmayılov isə bildirib ki, ermənilərlə danışıq heç nə verə bilməz: “Ona görə ki, Ermənistanın prezidenti söz sahibi deyil. Ermənistan Rusiya və diaspor tərəfindən idarə olunur. Və onlar da torpağı heç cür qaytarmaq istəmirlər, əksinə işğal olunmuş əraziləri də özlərinin ana torpağı hesab edirlər. Ona görə də mənim fikrimcə, biz torpağı ancaq hərb yolu ilə azad edə bilərik və ölkə də buna hazırlaşmalıdır".
Deputat deyib ki, hər şeyin əvvəlinə baxmaq lazımdır: “1985-ci ildə Afinada "Daşnaksütyun" Partiyasının qurultayı keçirildi. Qurultayda bir məsələ müzakirə olundu: Erməsnitanın ərazisini genişləndirmək. "Haradan başlamaq" sualı ortaya çıxdı. Gürcüstandan, Çaxavetyadan və ya Dağlıq Qarabağdan? Bir səs çoxluğu ilə qərar verdilər ki, Dağlıq Qarabağdan başlamaq lazımdır, nəticəsi göz qabağındadır. Bu nəzərdə tutulmuş planla gedən hərəkatdır. Odur ki, ermənilərlə danışıq heç nə verə bilməz. Dondurulmuş, həll edilməyən, yəni məsələ həll edilməyib deməkdir. İfadə bu mənada işlənilir. Bundan nə siyasi nəticə çıxartmaq olar ki?”
Modern.az