Modern.az

Qazanılmış rəzalət

Qazanılmış rəzalət

Ölkə

25 Oktyabr 2011, 13:02

Dünya Qəzzafinin ölümündən danışır. Daha dəqiqi, rəzil ölümündən. Görəsən, 42 illik hakimiyyəti dövründə bu cür urvatsız, hörmətsiz bir ölümlə üzləşəcəyini heç olmasa yuxusunda görmüşdümü Qəzzafi?

 Hər kəs öləcək. Ancaq ölməyin və öldürülməyin də təhəri, əndazəsi var. Onilliklər boyu hakimiyyətdən yapışıb qalmış, xalqına divan tutmuş çox diktatorların aqibəti edamla, güllələnmə ilə və s. nəticələnib. Nəticədə onlar da ölüblər. Amma dövlət orqanlarının qərarları ilə. İcraçılar da bu işin icrası üçün səlahiyyət verilmiş şəxslər olub.

Qəzzafinin ölümü isə ölümün özünü də hörmətdən saldı. Çünki bu ölümün icraçıları rəsmi qurum əməkdaşları yox, əlinə silah keçmiş uşaq və yeniyetmələr idi.

Hər kəs gördü o səhnələri. Bir dəstə uşağın əlinə düşmüşdü 42 il bir ölkəyə, onun ordusuna, polisinə hökm etmiş lider. Uşaqlar onunla istədikləri kimi davranırdılar, bir "bomj" kimi, hətta küçələrdə sahibsiz qalmız köpək kimi. Ancaq Qəzzafini uşaqların əlindən almağa nə ordu gəlirdi, nə polis, nə də hər zaman ətrafını bəzəyən qadın mühafizəçiləri...

Bu aqibət, bu cür şərəfsiz və rəzil ölümü özü qazanmışdı Qəzzafi. Özü seçmişdi bu rəzaləti. Başıpozuq bir dəstənin əlində söyülə-söyülə, döyülə-döyülə ölməyi və sonra da yük maşının arxasına atılıb, Misrata şəhərində ticarət mərkəzində bir soyuducuda saxlanmağı.

Hər söyüşdən və hər yumruq, təpik, sillə zərbəsindən sonra "günah işlədirsiniz", "mən sizin babanızam" deyirdi, dünyaya gözünü açandan prezident kimi məhz onu görmüş uşaqlara, gənclərə. Günahdan danışırdı, minlərlə insanı hərbi artilleriya atəşilə məhv edən diktator.

"Babanızam" nağılı ilə yumşaltmaq, tovlamaq istəyirdi, XXI əsrin cocuqlarını. O hayda yəqin unutmuşdu ki, bu günün uşaqlarını, yeniyetmələrini, gənclərini "baba" nağılları ilə aldatmaq mümkün deyil.

Qəzzafinin öldürülməsi səhnəsində həmin gənclərin hərəkətləri də vəhşət saçırdı. Baxın, bir müsəlman-ərəb ölkəsi, Peyğəmbər qövmü. "Allahu-Əkbər" bağıraraq Allahın yaratdığı insanı ən alçaldıcı hərəkətlərlə yerlə sürüyürlər. O insan bu münasibəti qazansa belə...

Bəs "Allahu-Əkbər" dediyin nədir, bu rəzillik, bu azğınlıq nə? Məgər, müsəlman olaraq "bu dünya, o dünya" söhbətində, "Cənnət, cəhənnəm" divanına inanmırsan? İnanırsansa, Qəzzafi etdiklərinə görə cəhənnəmdə Allah dərgahında cavab verəcək və əbədi cəzasını alacaqsa, o cəzanı Allahdan öncə sənin verməyin, inandığın Kitabda yazılıbmı?

Mən o gün ərəbləri yenə bədəvi ərəb olaraq gördüm.  Üzərindən 1400 il keçir, Məhəmmədin ərəbləri insanlaşdırmaq cəhdi hələ də yol gedir...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər