Modern.az

İcra başçısı: "Heydər Əliyev olmasaydı, Zəngilanda Xocalıdakından dəhşətli qırğın olacaqdı"

İcra başçısı: "Heydər Əliyev olmasaydı, Zəngilanda Xocalıdakından dəhşətli qırğın olacaqdı"

Ölkə

28 Oktyabr 2011, 12:24

Oktyabrın 29-u tarixi Zəngilan rayonunun işğalı günüdür. 1993-cü ilin bu günlərində Zəngilan rayonu Ermənistan ordusu tərəfindən işğal olundu. Qarabağın son qalası olan Zəngilan Azərbaycanın işğal olunan sonuncu rayonu oldu. Zəngilanın 235 şəhidi var. Rayon təbii sərvətlərlə zəngin idi. Bu gün ermənilər həmin sərvətləri talan etməklə yanaşı, onları dünyaya «erməni məhsulu» kimi təqdim etməyi də unutmurlar…

Bu gün Şəhidlər xiyabanında Zəngilanın işğalı gününə həsr olunmuş mərasim keçirilib. Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun, millət vəkili İmamverdi İsmayılovun, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovun, Milli Məclis əməkdaşlarının, Zəngilan ziyalılarının iştirak etdiyi anım mərasiminə 100-ə qədər zəngilanlı qatılıb.
Mərasim iştirakçıları Zəngilan rayonunda şəhid olmuş və Şəhidlər xiyabanında dəfn olunmuş zəngilan övladlarının da məzarlarını bir-bir ziyarət edərək qəbirləri önünə gül dəstələri qoyublar, onların ruhuna dualar oxunub. Bütün digər şəhidlər də yad edilib.

«Əbədi» məşəl abidəsi qarşısında çızış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, bu rayonun sakinləri 18 ildər köçkün şəraitində yaşasalar da, doğma torpaqlarını heç vaxt unutmurlar:
«Biz öz torpaqlarımızın azad olunacağına inanırıq və bu yolda atılan hər bir addımı dəstəkləyirik. Zəngilan rayonu müharibədə mərdlik göstərib, sona qədər düşmənlə mübarizə aparıb. Şəhid olan 235 nəfərin hər biri bizim sağ qalmağımız uğrunda canlarını fəda ediblər. O dövrdə ermənilər Zəngilanı mühasirəyə almışdı”.

İcra başçısı deyib ki, mərhum president Heydər Əliyev olmasaydı, İran prezidenti ilə danışıqlar aparıb zəngilanlıların İran ərazisinə keçməsi üçün razılıq əldə etməsəydi, zəngilanlıları Xocalıdan da dəhşətli qırğın gözləyirdi.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov isə bildirib ki, işğal olunmuş rayonların hər birinin əhalisi onlara yaradılan şəraitdən razıdır. Lakin bu insanlar öz torpaqlarına qayıtmağı hər şeydən üstün tuturlar:
«Biz inanırıq ki, o gün uzaqda deyil. Ali baş komandanın apardığı danışıqlar, yürütdüyü siyasət bizdə inamı daha da artırır».

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər