Modern.az

BMT Təhlükəsizlik Şurasında üzvlük 2012-2013-cü illər üçün Azərbaycana nə vəd edir?

BMT Təhlükəsizlik Şurasında üzvlük 2012-2013-cü illər üçün Azərbaycana nə vəd edir?

Ölkə

31 Oktyabr 2011, 13:11

Təhlükəsizlik Şurasında üzvlük

Oktyabrın 24-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təşlükəsizlik Şurasına (BMT TŞ) qeyri-daimi üzv seçildi. Bu hadisə həqiqətən də çox əlamətdar hadisədir. Beynəlxalq hüquq və xüsusilə humanitar hüquq sahəsində təhsil alanlar, bu sahənin mütəxəssisləri BMT TŞ-də qeydi-daimi üzvlüyün nə qədər əhəmiyyətli olduğunu yaxşı başa düşürlər.
BMT-nin Nizamnaməsinin 23-cü maddəsinə əsasən BMT TŞ-ın 15üzvü var ki, bunlardan da 5-i daimi (ABŞ, Rusiya, Böyük
Britaniya, Fransa və Çin), 10-u isə qeyri-daimi üzvlərdir.

2012-ci ilin yanvar ayından etibarən Azərbaycanla bərabər daha 4 ölkə (Qvatemala, Mərakeş, Pakistan və Togo) qeyri-daimi üzv kimi öz fəaliyyətlərinin icrasına başlayacaq. Kolumbiya, Almaniya, Hindistan, Portuqaliya və Cənubi Afrika isə keçən il olduğu kimi, bu il də qeyri-daimi üzvlük fəaliyyətinədavam edəcəklər.

Təhlükəsizlik Şurasında qərar qəbuletmə prosesində iştırak və sədrlik

Daha bir qaydaya əsasən, əlifba sırası ilə daimi və qeyri-daimi üzvlər hər biri 1 ay müddətində Təhlükəsizlik Şurasına rəhbərlik edəcəklər. Nəzərə alsaq ki, ölkəmizin adı A hərfi ilə başlayır, bu o deməkdir ki, Azərbaycan çox tezliklə BMT TŞ-na 1 ay müddətində sədrlik edəcək. BMT TŞ-ın sədr ölkəsi sədrlik etdiyi müddətdə BMT TŞ-ın fəaliyyət gündəliyini müəyyən edəcək. Təbii ki, bu da çox vacib məsələdir. Ən azından Azərbaycan öz problemlərini, o cümlədən də Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələnin gündəliyə salınmasına təşəbbüs göstərə bilər, habelə Azərbaycan onu narahat edən digər beynəlxalq məsələlərin gündəmə salınmasına çalışa bilər, hər bir məsələ üzrə məqbul saydığı vaxt öz fikrini söyləyə bilər və mövqeyini daha effektiv sürətdə qoruya bilər.

Ümumilikdə isə BMT-in Nizamnaməsinə əsasən, TŞ-in məqsədi qlobal səviyyədə sülh və təhlükəsizliyin bərqərar olunması və qorunmasıdır. Azərbaycan TŞ-na üzv olmaqla beynəlxalq gündəmdə olan məsələlər üzrə nəinki daha yaxından iştirak edəcək, həmçinin dünyada baş verən proseslər üzrə qərar qəbuletmə prosesinin aktiv iştirakçısına çevriləcək.

Təbii ki, Azərbaycanın BMT TŞ-da üzvlüyü diplomatik üstünlüklər yaratmaqla yanaşı, həmçinin bir sıra siyası hüquq və öhdəliklər də yaradır.

Üzvlükdən bəhrələnmə perspektivləri

Azərbaycan Respublikasının əsas hüquq və öhdəliyi təbii ki, BMT TŞ-nin üzvü olaraq qlobal sülh və təhlükəsizlik məsələlərində aydın mövqe ortaya qoymaqdan ibarət olacaq. 2012-ci ildə mövcud beynəxlaq münasibətlərin get-gedə gərginləşməsi fonunda TŞ-da ağır müzakirələr dövrü gözlənilir. Bir sıra beynəlxalq və regional münaqişələr üzrə
qərarların qəbul edilməsi məhz 2012-2013-cü illərdə gözlənildiyindən Azərbaycanın bu məsələlər üzrə TŞ-da səsvermələrdə həyata keçirəcəyi fəaliyyət maraq doğurur. Bir çox məsələlərdə Azərbaycan seçim qarşısında qalacaq. Bir çoxlarının fikrincə, indiyədək uğurla həyata keçirilən “balanslı siyasət” artıq “konkret seçim” siyasəti ilə əvəz edilməlidir. Misal üçün, Yaxın Şərqdə baş verən məlum proseslər ətrafında Azərbaycanın ortaya qoyacağı mövqe də maraq döğurur. Təbii ki, ilk baxışda
Azərbaycanın müsəlman ölkəsi olaraq Şərq dünyası ölkələrinin maraqlarını müdafiə edəcəyi şübhə doğurmaya bilər. Amma daha dərindən nəzər saldıqda, bu məsələdə heç də hər şey birmənalı olmayacaq. Yadımızdan çixarmamalıyıq ki, Azərbaycanın prosedur qaydalara əsasən, qeyri-daimi üzvlüyə namizədliyi Şərqi Avropa regionundan verilib. Azərbaycan 2012-ci ilin yanvar ayından etibarən BMT TŞ-də Avropanı təmsil edəcək. Bundan  başqa, bildiyimiz kimi bir sıra konfliktli məsələlərdə heç də həmişə daimi üzvlər arasında fikir həmrəyliyi müşahidə olunmur. Adətən 5 daimi üzvdən 3-ü (ABŞ, Fransa və Böyük Britaniya) Qərb dünyasının, 2-si isə (Rusiya və Çin) buna hər vəchlə əleyhinə gedən ölkələrdir. Maraqlıdir ki, növbəti müzakirələrdə və səsvermələrdə həmrəylik olmadığı təqdirdə Azərbaycan hansı tərəflərin yanında olacaq?

Təbii ki, hüquqi prosedurlara əsasən bitərəf qalmaq da olar və buna görə heç kim hüquqi cəhətdən Azərbaycanı qınamayacaq. Amma siyası cəhətdən əgər Azərbaycan üzv seçilmə faktından əlavə, üzvlüyün verdiyi hüquqlardan aktiv istifadə etmək, yəni beynəlxalq sülh və təhlükəsizlik məsələlərin fəal iştirakçısı olmaq istəyirsə, onda konkret mövqe ortaya qoymağa ehtiyac yaranacaq. Əks təqdirdə passiv üzvlüyün beynəxlaq münasibətlərin inkışafına elə bir təsiri olmayacaq.

Avro-Atlantik inteqrasiya

Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasına əsasən, Azərbaycanın xarici siyasət strategiyasının başlıca istiqaməti Avro-Atlantik inteqrasiyadır. Bu müddəa təkcə kağız üzərində qalmaq üçün yox, həm də əməli olaraq həyata keçirilmək üçündür. Hər halda, Azərbaycan Respublikasının Avropa İttifaqının Şərqi Tərəfdaşlıq Proqramında aktiv iştirakı, NATO, ABŞ, İsrail, Avropa İttifaqı və Şərqi Avropa ölkələri ilə əməkdaşlığı, həmçinin enerji ehtiyatlarının istismarı üzrə daha çox Qərb ölkələri ilə münasibətlərə üstünlük verməsi həqiqətən Avro-Atlantik inteqrasiyanın Azərbaycan üçün nəinki sənədlərdə, həmçinin gündəlik fəaliyyətdə də vacibliyini açıq göstərir. Eyni zamanda Azərbaycanın MDB məkanında çöxtərəfli yox, daha çox fərdi qaydada ikitərəfli əməkdalığa üstünlük verilməsi, MDB ölkələrinin razılaşdığı bir çox birgə təşəbbüslərdə, hərbi və qeyri-hərbi təsisatlarda, müxtəlif sənədlərdə iştirak etməməsi də belə deməyə əsas verir.

2012-2013-cü illər respublikamızın beynəlxalq münasibətlər sistemində öz layiqli yerinin tutması, Azərbaycanın haqlı mövqeyinin daha effektiv yollarla dünya birliyinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması, həmçinin Azərbaycanın müasirləşməsi və demokratikləşməsi, Avro-Atlantik məkana inteqrasiyasının daha da gücləndirilməsi ilə yadda qalacaq.


Ramil İskəndərli
İnsan Hüquqları və Humanitar Hüquq üzrə Magistratura tələbəsi
Viadrina Avropa Universiteti, Frankfurt Oder, Almaniya
Çatham Haus” Kraliçanın Beynəlxalq Münasibətlər İnsitutunun (Böyük
Britaniya) üzvü

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər