Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi tələb olunur
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc təklif edib ki, yaxın zamanlarda Türkiyyə və Azərbaycan Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirsinlər: “Hesab edirəm ki, bu son dərəcə vacibdir. Çünki regiona yönələn təhdid, əzələ nümayişi həyata keçirən qüvvələr mövcüddur. Cənab Prezidentin oktyabrın 25-də Türkiyəyə səfərindən öncə Ermənistanın dövlət başçısı Sərksiyan Rusiyaya dəvət olundu. Halbuki, erməni prezidentin belə bir dövrdə səfəri əvvəlcədən nəzərdə tutulmamışdı. Ölkə rəhbərləri arasında görüşlər ən azı bir ay öncə razılaşdırılır, qrafik tərtib olunur. Hesab edirəm ki, bu, əslində Azərbaycanın Türkiyəyə yaxınlaşmasının son raunduna bir primitiv reaksiya idi. Guya qabaqlayıcı addımlar idi. Azərbaycanla Türkiyə arasında imzalanan 14 müxtəlif müqavilələrə oxşar bəzi sənədlər tələm-tələsik Rusiya və Ermənistan arasına da çıxarıldı”.
Deputat bildirib ki, iki ölkə arasındakı hərbi təlimlər imkan verir ki, birgə komandanlıq, birgə vərdişlər, vahid şərti hədəflərin birgə zərəsizləşdirilməsi və həmçinin təcrübə mübadiləsinin aparılsın, bunlar isə son dərəcə önəmli məqamlardır.
Hərbi təlimlər öz-özlüyündə bir hərbi hadisə olmur, eyni zamanda siyasi, bəlkə də geopolitik maraqları olan dairələr üçün də bir mesajdı. Azərbaycan və Türkiyə hərbi qüvvələri arasındakı təlimlər regionda siyasi və hərbi əzələ nümayişinə qarşı bir cavab reaksiyası olardı. Düşünürəm ki, bəlkə 1997-2000-2005-ci ilin münasibətlərilə bu səviyyədə addımlamaq çətin olardı. Bizim düşmənlərimiz eynidi, bölgəyə yönələn risklər oxşardı. Faktiki olaraq ziyan çəkdiyimiz terror məsələləri mahiyyətcə biri-birinə yaxındı”.
Müfadiə Nazirliyi Mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev hazırda belə bir məsələ barəsində danışıqların olmadığını bildirib. Nazirlik rəsmisi qeyd edib ki, hazırda bu məsələ ilə bağlı hansısa danışıqlar aparılmır.
“Ona görə də hesab edirəm ki, indidən nəyisə söyləmək tezdir”-deyə o, fikrini tamamlayıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev Azərbaycanın qardaş Türkiyə ilə birgə hərbi təlimlərinin keçirilməsini dəstəklədiyini bildirib. O deyib ki, bu təklifi çox yüksək dəyərləndirir: “Azərbaycan Silahlı Qüvvələri də modernləşərək NATO sisteminə doğru gedir. Bizim qardaş Türkiyə ilə heç bir problemimiz yoxdur. Bir millət, iki dövlətik. İki dövlət arasında birgə hərbi təlimlərin keçirilməsi çoxdan olmalı idi. Necə ola bilər ki, ermənilər öz qardaşları ilə təlimlər keçirə bilir, biz öz türk qardaşlarımızla təlimlər keçirmirik”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, Azərbaycanan Türkiyənin hərbi əməkdaşlığı çox yüksək səviyyədədir və dünyanın bir çox ölkələri üçün örnəkdir: “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında qardaş Türkiyə dövlətinin çox böyük xidmətləri olub. Türkiyə dövlətinin hərbi müəllimləri bizim hərbi məktəblərimizdə dərslər keçiriblər, bizim kursantlarımız, zabitlərimiz Türkiyənin hərbi akademiyalarında, məktəblərində təhsil alıblar və bu gün proses davam edir.
Azərbaycan Silahlı Qüvvələrinin bir tağımı Türkiyə taborunun tərkibində sülhyaratma proseslərində NATO-nun Kosova və Əfqanıstandakı missiyasında çox yüksək səviyyədə iştrak ediblər. Bizim sülhyaratma bölüyümüzun 1997-ci ildə yaradılmasında da qardaş Türkiyə dövlətinin rolu böyük olub. Türkiyənin Gülhanə Hərbi Hospitalında bizim hərbi qulluqçularımız müalicə alırlar, hərbi zabitlərimiz orada kurslar keçirlər, öz peşəkarlıq səviyyələrini artırırlar. Gələcəkdə hesab edirəm ki, bu məsələ də öz aktuallığını tapacaq. Siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə olduğu kimi, hərbi sahədə də bizim Türkiyə ilə əməkdaşlığımız yüksək səviyyədədir. Türkiyə dövləti həmişə bizim milli maraqlarımızı müdafiə edir. Biz də regionda və dünyada baş verən proselərlə bağlı Türkiyənin milli maraqlarını öz maraqlarımız bilərək onu daim müdafiə etmişik və bundan sonrada bu davam edəcək”.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə məsələyə belə münasibət bildirib: “Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycana oktyabrın 12-15-də baş tutmuş səfərinin nəticələri bu məsələyə görə qənaətbəxş hesab edilə bilər. Bu səfərin nəticəsi kimi iki ölkə arasında hərbi, hərbi-texniki və müdafiə sənayesi sahəsində ciddi addımların atılacağı gözlənilir. Xüsusilə də hərbi sahədə təcrübə mübadiləsinin intensivləşəcəyi, birgə təlimlərin keçiriləcəyini düşünürəm. Əldə olan informasiyalara görə, Türkiyə və Azərbaycana arasında yaxın gələcəkdə, konkret olaraq gələn ilin birinci yarısında bir neçə birgə hərbi təlimlər keçirilə bilər. Bunlar ötən ilin sentyabrında iki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin sənədlərinə uyğundur. Xəzərdə Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələrinin birgə təlimlərinin keçirilməsi mümkündür. Bu, Azərbaycanın dənizdə təhlükəsizlik imkanlarının güclənməsinə, dənizdə enerji layihələrinin mühafizəsi istiqamətində təcrübəsinin artmasına səbəb ola bilər.
Naxçıvan Muxtar Respublikasının ərazisində Türkiyə və Azərbaycan Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin effektli ola biləcəyi mümkündür.
Məndə olan məlumata görə, tərəflər arasında bu istiqamətdə danışıqlar gedir. Araşdırmalar göstərir ki, yaxın gələcəkdə iki ölkə arasında hərbi əməkdaşlığın konkret konturları ortaya çıxacaq və bunların əsas hissəsi birgə təlimlərlə bağlı ola bilər”.
Mail AĞAXANOV