Modern.az

Rektor deputat: "Rafiq Əliyev vaxtilə Mərkəzi Komitədəki vəsifəsində də səhvlərə yol verib"

Rektor deputat: "Rafiq Əliyev vaxtilə Mərkəzi Komitədəki vəsifəsində də səhvlərə yol verib"

13 Noyabr 2011, 16:49

Ziyalıların İctimai Forumunun üzvü, tanınmış alim Rafiq Əliyevin Dövlət Neft Akademiyasındakı vəzifəsindən – kafedra müdirliyindən çıxarılması Azərbaycan cəmiyyətində ciddi rezonansa səbəb olub. R.Əliyevlə bağlı belə bir addım atdığına görə Dövlət Neft Akademiyasının rəhbərliyi ciddi qınaq obyektinə çevrilib. Hətta ABŞ-da yaşayan dünya şöhrətli alim Lütfi Zadə də məsələylə bağlı Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevə müraciət edib.

Modern.az saytı xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı isə olaya bu qədər srt reaksiya verilməsilə razılaşmır. A.Naxçıvanlı sıralarında Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşən kimi ziyalıları birləşdirən Ziyalıların İctimai Forumunu siyasiləşmiş qurum kimi xarakterizə edib.

Milli Məclisin” rəsmi orqanı “Azərbaycan” qəzetinə açıqlamasında deputat bildirib ki, Ziyalılar Forumu adlanan qurumun fəaliyyəti, əslində, ziyalı təfəkkürü, ziyalı dünyagörüşü, ziyalı mədəniyyəti, həyata ziyalı baxışı ilə qətiyyən uzlaşmır. Onun sözlərinə görə, forumda cəmləşənlərin fəaliyyəti ziyalı adına ləkə gətirir, onların cəmiyyətdəki nüfuzuna zərbə vurur.

Aqiyə Naxçıvanlı t bildirib ki, forumda cəmləşənlər indiyədək müxtəlif bəyanatlar veriblər. Amma bunların heç birində Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemindən bəhs edilmir.

R.Əliyevin vəzifəsindən azad edilməsinə gəldikdə isə Aqiyə Naxçıvanlı deyib ki, bəzi insanların - köhnə və ənənəvi vərdişlərinə sadiq qalaraq ağa qara deməyə adət etmiş radikal müxalifət təmsilçilərinin, antiazərbaycançı şəbəkədən aldıqları qrant hesabına düşmən dəyirmanına su tökənlərin, əqidəsini satanların R.Əliyevin vəzifədən azad olunması ətrafında süni ajiotaj yaratmağa, məsələyə "siyasi don" geydirməklə Azərbaycan hakimiyyətini tənqid hədəfinə çevirməyə cəhd etməsi yalnız təəssüf doğurur.
”Belələri yanılırlar. Çünki elmi ictimaiyyət Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad olunmasında heç bir siyasi məqsədin güdülmədiyini, onun ictimai-siyasi mövqeyinin bu məsələdə heç bir rol oynamadığını çox gözəl bilir”-deyə deputat vurğulayıb.

Aqiyə Naxçıvanlı qeyd edib ki, istənilən ali məktəbdə kafedra müdiri olmaq çox məsuliyyətli vəzifədir.
”Bu vəzifəni daşıyan insan kafedranın işini yüksək səviyyədə nizamlamalı, elmi-pedaqoji işini təmin etməyi bacarmalıdır. Əgər kafedra rəhbəri öz əsas vəzifəsini kənara qoyub, digər işlərə daha çox vaxt ayırarsa, həmin kafedranın işi iflic vəziyyətinə düşər.
Rafiq Əliyev də kafedra müdiri idi. Ona Neft Akademiyasının ən aparıcı kafedralarından birinin rəhbəri vəzifəsi həvalə olunmuşdu. Amma o, aylarla öz vəzifəsinə deyil, daha çox digər işlərə diqqət ayırıb. Ona görə onun kafedra müdiri vəzifəsindən azad edilməsində heç bir qəbahət yoxdur”.

Aqiyə Naxçıvanlı onu da bildirib ki, R.Əliyev vaxtilə Mərkəzi Komitədə ideologiya sahəsində fəaliyyət göstərəndə də bir sıra səhvlərə yol verib.

”Görünür ki, həmin səhvlərdən nəticə çıxarmayıb və kafedra müdiri kimi də nöqsanlara yol verib. Rafiq Əliyevin gözəl alim olmasına şübhə yoxdur. O, Azərbaycan Müəllimlər İnstitutunda da mühazirələr oxuyub. Amma, görünür, onda təşkilatçılıq bacarığı yoxdur. Biz hamımız müəllimik. Heç birimizin alnına yazılmayıb ki, ömrümüzün axırınadək ya kafedra müdiri olmalıyıq, ya da rektor. Rafiq Əliyev hətta Mərkəzi Komitədəki vəzifəsindən azad ediləndə belə hay-küy olmamışdı. Gündə neçə kafedra müdiri vəzifəsindən, prorektorluqdan azad edilir. Amma onların ətrafında belə süni ajiotaj yaradılmır" -deyən Aqiyə Naxçıvanlı əlavə edib ki, bəzi insanların R.Əliyevin vəzifədən çıxarılmasına sensasion yanaşmaları, "siyasi don" geydirməyə çalışmaları, müxalifətin bunu əlində bayraq etməsi mənəviyyatsızlıqdır.

”Əslində Rafiq Əliyevin vəzifədən azad edilməsi onun özü üçün daha münasib olmalıdır. Çünki vəzifədən kənarlaşdırılması onun daha intensiv şəkildə elmi fəaliyyətlə məşğul olmasına imkan verəcək. Kafedra müdiri olmaq bir vəzifə daşımaq deməkdir. Bu vəzifənin isə müəyyən dərəcədə aktiv elmi fəaliyyətlə məşğul olmasına maneçilik yaratması təbiidir”.

Aqiyə Naxçıvanlı ziyalı adından sui-istifadə edənləri bu ada kölgə salmamağa çağırıb: "Hər bir ziyalının əməli, fəaliyyəti xoş assosiasiya doğurmalıdır. Cəmiyyət məhz buna görə ziyalıya dəyər verir. Bu gün özünü ziyalı kimi qələmə verib hər şeydən danışanlar, şəxsi maraqlarını ümummilli mənafedən, milli birlikdən üstün tutanlar, Qarabağ həqiqətini dilə gətirməyənlər, bir kafedra müdirinin vəzifədən çıxarılmasını siyasi hadisə kimi cəmiyyətə sırımağa çalışanlar unutmamalıdırlar ki, xalqımız onların əqidəsini də, keçmişini də çox gözəl bilir. Ona görə belə insanların hansısa qurumda bir araya gələrək açdıqları gərəksiz müzakirələr ziyalı adına kölgə salır. Məsləhət görərdim ki, belələri daha səmərəli, cəmiyyətə xeyir verən fəaliyyətlə məşğul olsunlar".

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər