Noyabrın 22-də Milli Məclisdə 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılacaq. Büdcə layihəsi ilə bağlı sənədlər deputatlara paylanılıb və komitələrdə müzakirələr başlayıb.
İqtisadiyyatdan yazan jurnalistlər 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlərlə tanışdırlarmı? Ümumiyyətlə, onlar bu büdcə layihəsini necə qiymətləndirirlər?
“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov büdcə zərfinə daxil olan sənədlərin hamısı ilə tanış olmasa da, ümumilikdə büdcənin gələn il artım hissəsi-mədaxil və məxaric hissəsi ilə bağlı məlumatlı olduğunu bildirib. O hesab edir ki, büdcədə artımın olması təqdirəlayiq cəhətdir.
“2011-ci il Azərbaycan dövlət büdcəsinin xərclər hissəsi 20 milyard dollarla ifadə olunurdu. Gələn il isə büdcənin xərclər hissəsi 22 milyard dollar olacaq. Bu da haradasa 10 faizlik artım deməkdir. Gələn ilin büdcəsinin təqdir olunmasının digər cəhəti ondan ibarətdir ki, əsas kapitala yönələn vəsaitlər yenidən yüksək səviyyədə saxlanılıb. Bundan başqa, əmək haqqı ödənişləri, sosial müavinətlər üçün nəzərdə tutulan bölmədə də artım var. Bu da onu deməyə əsas verir ki, gələn il Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarında artım gözlənilir”.
V.Cəfərovun diqqətini cəlb edən digər məqam büdcədə milli müdafiə xərclərinin yenə də yüksək səviyyədə saxlanılmasıdır: “Hətta bu istiqamətdəki xərclər 2011-ci ilə nisbətən bir qədər də artıq olacaq. Bundan əlavə, büdcədə ümummilli istehlak səbətinin dəyərinin, milli ehtiyac meyarının həddinin artırılması da gözlənilir. Ümumi büdcənin xərclər hissəsinin 10 fazi artması əlavə olaraq bir sıra tədbirlərin həyata keçirilməsinə, minumum əmək haqqının, ümumistehlak səbətinin artırılmasına imkan verəcək”.
Müsahibizimin sözlərinə görə, ümumən 2012-ci ilin büdcə layihəsi müsbət xarakterizə oluna bilər. Lakin o büdcədə qeyri-neft sektorundan gələn gəlirlərin növbəti illərdə artırılmasını da arzuladığını vurğulayıb: “Çünki bu illər Dövlət Neft Fondundan transfert olunacaq məbləğin həddi yeni bir rekord səviyyəyə yüksələcək. Təxminən büdcənin 50 faizindən artığı Dövlət Neft Fondundan ayrılacaq vəsait hesabına formalaşacaq. Bu yaxşı hal deyil. Ona görə də qeyri-neft sektorundan daxil olmalar nə qədər çox olsa, bir o qədər yaxşıdır”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Pünhan Əfəndiyev də 2012-ci ilin büdcə layihəsilə müəyyən qədər tanış olduğunu qeyd edib. O hesab edir ki, 2012-ci ilin büdcə layihəsi indiki iqtisadi vəziyyətə uyğundur: “İqtisadiyyat inkişaf etdikcə, onun səviyyəsi də artır. Gələn ilin büdcə zərfində olan əlavələrin həcmi Ermənistanla Gürcüstanın illik büdcəsinin həcmindən çoxdur”.
“APA-Ekonomiks”in redaktoru Vüqar Mustafayev isə sənədlərlə tanış olduğunu, amma şərh vermək istəmədiyini söyləyib.
“Bizim yol” qəzetinin əməkdaşı Vüsalə Rüstəmova bildirib ki, ötən ilin büdcəsi ilə müqayisədə artım olsa da, gələn ilin büdcəsi sosial yönümlüdən çox investisiya yönümlüdür. Önun sözlərinə görə gələn ilin büdcəsində investisiya xərclərinə ayrılan pulların həcmi artır: “Amma çox təəssüflər ki, məvaciblərin, əmək haqlarının, təqaüdlərin artırılması istiqamətində hər hansı artımın olması gözlənilmir. Səhiyyəyə, aqrar sektora ayrılan vəsaitin ümumi büdcənin çox cüzi bir hissəsini təşkil etməsi təəssüf doğurur. Gələn ilin büdcəsində ötən illə müqayisədə artım heç 1 faizi keçmir. Amma investisiya xərcləri büdcədə kifayət qədər yer alıb ki, bu da çox təhlükəlidir. Yəni büdcədə korrupsiya yönümlü xərclər daha çox yer alıb”.
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Fuad Əliyev 2012-ci ilin büdcə layihəsini normal qiymətləndirib. O hesab edir ki, ümumiyyətlə hər ilin büdcəsi keçən ilkinin davamıdır. Azərbaycandakı iqtisadi artıma uyğun olaraq büdcə də artır: “Ona görə də 2012-ci ilin büdcə zərfində olan artım normal hadisədir. Hər il Azərbaycanda büdcə qanunu qəbul edilir və bu il də qəbul olunan qanunla biz gələn il yaşacağıq”.
Digər iqtisadiyyat yazarı, “Azadinforum”un əməkdaşı Həbibə Abdulla isə bildirib ki, ümumi baxış onu göstərir ki, gələn il də nəqliyyat sektoru büdcədən aldığı paya görə ön sıradadır: “Maraqlıdır ki, artıq neçə illərdir bu tendensiya davam edir, bu sahə büdcə xərclərində ya birinci, ya da ikinci yerdə gəlir. Müxtəlif layihələr reallaşdırılır, yollar çəkilir, körpülər, keçidlər tikilir, amma ortada o qədər də yüksək nəticə yoxdur”.
Jurnalist digər narahatedici məqamın büdcədən qeyri-neft sektorunun prioritet sahələrinə - kənd təsərrüfatına, turizmə, İKT-yə ayrılan vəsaitlərin azlıq təşkil etməsi ilə əlaqədar olduğunu qeyd edib: “Qısa və konkret deyə bilərəm ki, büdcəmizdə könül açan məqam onun ildən-ilə artmasıdır. Gəlirlərin xərclənməsi hər zaman hətta sahə mütəxəssislərinin də narazılığına səbəb olacaq bir səviyyədə həyata keçirilir”.
Aytən ƏLİYEVA