ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin noyabrın sonunda regiona sonuncu səfərini eşidəndə təəccübləndim.
Fikirləşdim ki, yəqin Qarabağ problemi həll olunmaq üzrədir, ona görə də cənab həmsədr missiyasını sona çatdırır.
Sən demə belə deyilmiş, Fasyeni bundan sonra digər fransalı əvəz edəcək.
Rəsmi təyinat hələ olmasa da hazırda Fransanın Ukraynadakı səfiri Jak Foranın namizədliyi nəzərdən keçirilir. Yəqin ki, təsdiq olunacaq, indi gəlin onun adını əzbərləyək.
Göründüyü kimi, həmsədrlik institutunun yaranması və bir neçə illik fəaliyyəti özünü doğrultmadı. Əslində Qərb və Rusiya buna bizdən yaxşı bilir. Xüsusən də Qərb onu da bizdən daha yaxşı bilir ki, Rusiyasız münaqişənin həlli qeyri-mümkündür. Bəs, mümkün olmayan nədir? Əlbəttə ki, problemin həlli...
Düzdür, Azərbaycanla Rusiya hakimiyyət dairələri və xüsusən də elitası arasında çox isti münasibətlər var. Amma görəsən bu isti münasibətlər Kreml sahiblərinə I Pyotrun vəsiyyətini unutdura biləcəkmi? Əlbəttə, yox. Deməli, Cənubi Qafqazda təhlükə hələ də mövcuddur. Bəziləri haqlı olaraq düşünür ki, Rusiyanın Gürcüstana təcavüzü digər MDB ölkələrinə, xüsusən də Azərbaycana bir mesaj idi. Çünki, Azərbaycan o dönəmlərdə (həmişəki kimi) Ermənistana qarşı sözdə müharibə hücumuna keçmişdi. Bu da Ermənistanın təhlükəsizlik açarı kimi baxdığı Rusiyanın xoşuna gəlməyə bilərdi.
Azərbaycan ərazi bütövlüyü çərçivəsində kompromislərə hazır olduğunu qarşı tərəfə anlatmağa çalışır.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində rəsmi Bakının təklif etdiyi kompromislə erməni-rus ittifaqının razılaşacağı günü kəşf edənə bu millət nə verməz ki…
Amma bu da mümkün olan deyil....
Nədən ki, Azərbaycanın kompromis kimi təklif etdiyi münaqişənin sülh yolu ilə həllinə sadiqlik və Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi “havası”na ermənilər “qol götürüb oynaya” bilmir. Ona görə ki, muxtariyyət statusundan əvvəl Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır, məcburi köçkünlər yurdlarına qayıtmalıdır, iqtisadiyyat inkişaf etməlidir, kommunikasiyalar açılmalıdır və s. Bütün bunlar baş verdikdə Azərbaycan güclənir. Sizcə, Azərbaycanın qüdrətlənməsini Ermənistan istəyirmi?.. Əlbəttə ki, istəmir. Amma onlar üçün zor da olsa bunu istəməyə məcburdurlar. Çünki, sülhün əldə olunması Dağlıq Qarabağın inkişafını tezləşdirə və Ermənistanın Azərbaycanla əməkdaşlığını mümkün edə bilər.
İndi də deyirlər, danışıqlarda tam fərq olmasa da, yeni nüanslar əmələ gəlib. Hansı nüanslar? Madrid təklifləri ətrafında işləyirlər, bəzi məqamlar var ki, razılaşdırmayıblar, amma bu, prinsipial xarakter daşıyır, daha nə bilim nələr. Danışıqları dalana dirəyən də elə prinsipial məqamlardır da... İndi vaxt lazımdır ki, iş aparılsın. Tərəflər heç də narahat olmasın. Çünki, bizdə vaxtdan dəyərsiz heç nə yoxdur. Aman canım, niyə belə tələsirik ki, ay var, il var.
Əlbəttə, qarşıya belə bir şablon sual çıxır: Vaxt kimin xeyrinə işləyir? Azərbaycan politoloqları vaxtın bizim xeyrimizə işlədiyini ölkəmizin getdikcə inkişaf etməsi ilə əsaslandırırlar. Yəni, həmişə çalınan hava... Erməni tərəfi isə vaxtın uzanması səbəbindən münaqişənin həllinin çətinləşdiyini iddia edərək əks arqumentlə çıxış edirlər.
İndi artıq Azərbaycan rəsmiləri problemin sülh yolu ilə həlli relsindən çıxdığının fərqindədir. Onlar Ermənistana ən azı psixoloji hücum taktikasında müharibə variantını işə salırlar. Bu isə Ermənistandan daha çox Rusiyanı və bu ölkənin Qərbdəki dayaqlarını təşvişə salır.
İlham Əliyevin həmişə Azərbaycanın müharibəyə hazır olduğunu, lazım gələrsə, torpaqların silah gücünə qaytarılacağını bəyan edir. Amma bizim üçün çox maraqlıdır. Bəlkə müharibəyə başlayacağı təqdirdə Amerika Azərbaycanın neftini-qazını əlindən alacaq. Təbii ki, Azərbaycan üçün belə bir təhlükə baş verməyəcək. Amma ABŞ və onun kimi Azərbaycanın sərvətindən faydalanan imperialist güclərin biznes maraqları bir neçə müddətə – müharibə başa çatana qədər dondurulacaq. Qərbi narahat edən bu və ya digər amillərdir. Onlara Azərbaycanın sərvətlərini sümürmək üçün vaxt və sabitlik lazımdır. Bu gün o sabitlik var, vaxtın nə zaman tükənəcəyi isə sual altındadır. Elə bunun üçün də ABŞ hökuməti və onun əlaltıları Azərbaycanın ərazi bütövlüyünü yalnız sözdə müdafiə edir.
Qərbdə bəziləri Azərbaycanın hərbi gücünün Ermənistandan çox olmadığını iddia edirlər. Təbii ki, onların bu iddiası yersizdir. Onlar gözəl bilir ki, Azərbaycanın iqtisadi qüdrəti Ermənistandan dəfələrlə güclüdür, müdafiə xərcləri düşmənin ümumi büdcə xərclərinə bərabərdir, insan potensialı da iki dəfə çoxdur. Amma Ermənistandan, Rusiyadan deyil.
Müharibənin ümumi Qafqaz üçün fəlakət gətirəcəyini proqnozlaşdıranlar da haqsız deyillər. Çünki regionda iqtisadi gücə malik Azərbaycanı gürcülər, onların vasitəsi ilə isə ermənilər “sağmal inək” kimi əmir… Azərbaycan müharibəyə başlasa qonşularla sərhədləri bağlayacaq, xarici iqtisadi münasibətləri müvəqqəti də olsa donduracaq. Gəlin başlayaq, qonşudan bizə nə...