Bu gün Azərbaycan mediası yenə İranı tənqid ruhunda köklənib. Sanki Rafiq Tağı ölməyib, Azərbaycanda İrana qarşı media müharibəsi başlayıb. Bu məsələdə İranı və hətta İslamı tənqid edən insanlar kor-koranə qatil ovuna çıxıblar. Əllərində, ovuclarında heç bir fakt olmadan, jurnalist olduqlarını unudublar belə... Bəziləri bir neçə addım da irəli gedərək ağıllarına deyil, ağızlarına gələni yazır. Oxuyanda isə təəccüblənə və təəssüflənə bilmirsən...
Onlardan fərqli olaraq Rafiq Tağının ölümünü adi qarşıladım, qətlindən isə təəssüfləndim. Nədən ki, cinayətə haqq qazandırmazlar. Amma Rafiq Tağının bu qədər ziyalılaşdırılması ilə də qətiyyən razılaşa bilmərəm. Ən azı ona görə ki, Rafiq Tağı yarımçıq ziyalı idi. Deməli, ziyalı deyildi. Dininə, Peyğəmbərinə həqarət edən bir insanı necə ziyalı adlandırmaq olar: “İsa peyğəmbərə tapınan heç kəs Məhəmməd peyğəmbərə burnunu silməz. İsa peyğəmbərlə müqayisədə müharibə fitvalarının atası Məhəmməd peyğəmbər sadəsə qorxunc məxluq idi”. Bu ifadələr Rafiq Tağıya məxsusdur. Sizcə, hansısa inamlı, imanlı müsəlman Rafiq Tağını ziyalı adlandırarmı?
Jurnalist həmkarımız Həbibə Abdulla da hamımız kimi Rafiq Tağının ölümündən heyfislənərək yazır: “Ziyalı deyilən bir kəs ziyalısı olduğunu iddia etdiyi bir xalqın dinini, dilini, mənəviyyatını, səviyyəsini təhqir edə bilərmi? Allah rəhmət eləsin Rafiq Tağıya, onun öldürülməsi təbii ki, insanlığa qarşı cinayət idi, amma onu ziyalı adlandırmaq məncə düzgün deyil. Qələminə, düşüncəsinə, cəmiyyətdəki mövqeyinə böyük hörmətim olan insanların yazılarında belə ifadələri gördükcə gerçəkdən ziyalısızlıq problemimizin olduğunu açıq-aydın görürəm”.
Bu məsələdə millət vəkili Fazil Mustafanın mətbuata verdiyi açıqlamalarda daha çox qətlin kim və yaxud da hansı dövlət tərəfindən törədilməsi versiyası önə çəkilir. Mən də bu məsələ ilə bağlı fikir yürüdən insanlar kimi Rafiq Tağıya qarşı edilən sui-qəsdin kənardan ölkənin daxilində qarışıqlıq yaradılması niyyəti ilə törədilmiş hadisə olduğunu düşünürəm. Amma qəti əminliklə ifadə edirəm ki, burada İran amili yoxdur. Fazil Mustafanın dediyi kimi, burada “daha çox İran kəşfiyyatının etməsi versiyasının üstündə dayanmaq o qədər inandırıcı görünmür. Çünki İranın indiki halda Azərbaycan tərəfdən ona qarşı şübhələrin çox olduğu vəziyyətdə belə bir addımı atması ağlabatan deyil”. Bu qətlin sifarişçilərinin İranda deyil, İrandan daha da uzaqlarda axtarmaq lazımdır. İran faktorunu əldə rəhbər tutanlar sadəcə mərhumun bu ölkə ilə bağlı yazdıqları ilə əsaslandırırlar. Bu da cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycan mediasında İranın əleyhinə yazan o qədər insan var ki, Rafiq Tağı onların yanında toya getməli idi, amma başqa yerə getdi...
Burada məni narahat edən başqa məsələdir. Bəzi yazarlarımız bir az da qabağa gedərək sosial şəbəkələrdə İslama nifrət etdiklərini bəyan edirlər. Bu cahillərə deyən yoxdur ki, bu məsələdə dini-İslamın nə günahı var? Düşünürəm ki, əgər nifrət olunmalı kəslər varsa, bu yalnız siz nadanlar ola bilərsiniz. Sizlər imperializm və sionizmin yerli nökərləri, milli missionerlərsiniz. Hər il bir-iki cızma-qaranıza görə Qərbin mükafatları gözlərinizi boyayıb, əqidənizə təcavüz edib.
Təəssüf ki, müsəlmanların sayının durmadan artmasına baxmayaraq, hələ əsil mənada yekdil, bütöv bir ümmətdən danışmaq mümkün deyil. Nədən ki, aramızda sizlər – imperializm və sionizmin nökərləri var.
Bu gün imperializm və sionizmdən “hamilə” qalan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi ölkələr Qərbin Şərqdəki sədaqətli müttəfiqləridir. Qərb müsəlman dövlətlərində İslamı onların öz əlləri ilə zəiflətməyə girişiblər. İlk növbədə Rixterlər, bir az sonra isə Hemfillər işə düşdü. Bu gün isə Azərbaycanda sizlər varsınız. İranı bəhanə edərək İslama qarşı mübarizə aparırsınız. Sizlər Azərbaycanın media məkanında, QHT-lərində sadəcə ürək bulandırırsınız.
Müsəlman ölkələrində demokratiya və əmin-amanlıq gətirmək niyyəti ilə bölgədə hərbi hegemonluğunu quran Qərb dövlətləri himayələri altında regiona axışan minlərlə missioner üçün qoruyucu qalxan olmuşlar. Görünür, eyni vəziyyət bu gün də dəyişməmişdir. Siz bütün bunları görməyəcək qədər kormusunuz?
Amma bunu da dərk edin ki, bu gün Qərbin regionda, xüsusən də Azərbaycanda ikili standartlarla işləməsi heç kimə sirr deyil. Artıq Azərbaycan insanı Qərb sözünü eşidəndə dodaq büzür, üzünü yana çevirir. Təkcə bir-iki dövlətin fonunda bütün Avropaya iqtisadi maraqların güdükçüsü kimi baxır.
Səudiyyə Ərəbistanı, Qətər, Kuveyt müsəlman ölkələrinə vəhabi ixrac etməklə məşğuldur. Onlar müsəlman ölkələrində baş verən müharibələrə, acılığa, zəlalətə heç vaxt hay verməyiblər. Fələstində baş verənlər heç də uzaq keçmişə aid deyil. Bu məsələdə yuxarıda bəhs etdiyimiz neftli müsəlman dövlətlərinin mövqeyi hamıya bəllidir. Onlar yalnız Amerika imperialistlərinin regiondakı çör-çöpüdür. Bu dövlətlərin xarici siyasət prioritetlərini Ağ Evdən gələn tezislər müəyyənləşdirir. Onlar və yandaşları ABŞ-ın diqtəsi ilə şiəliyin mərkəzi hesab olunan İranı yer üzündən silmək istəyirlər. Bu həm Amerika imperialistlərinə, həm də onların müsəlman ölkələrindəki milli missonerlərinə sərf edir. Hələlik ABŞ bunu zor gücü ilə etmir. Səudiyyə Ərəbistanı və digər dini-ideoloji baxışları bəlli olmayan Şeyxlərin vasitəsi ilə edirlər. Yuxarıda bəhs etdiymiz kimi, din pərdəsi adı altında Əbu Xaliqlər buradakı əqidəsi zəif Əbu Qulaməlilərə daha tez təsir edə bilir. Nəticədə müxtəlif təriqətlər altında birləşərək İslamın parçalanması fonunda şiəliyi yox etmək istəyirlər. Amma nə yaxşı ki, bacarmırlar. Onlar dərk etmək istəmirlər ki, bütün bunlar səmərəsiz cəhtdən başqa bir şey deyil. Çünki, şiəlik bu millətin qanıdır, canıdır, gündəlik həyatıdır...