Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidməti yazıçı-jurnalist Rafiq Tağının ölümü ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, 19.11.2011-ci il tarixdə saat 23.10-da təcili tibbi yardım xidməti tərəfindən 1950-ci il təvəllüdlü Tağıyev Rafiq Nəzir oğlu döş qəfəsinin və qarnın çoxsaylı deşilmiş-kəsilmiş yaraları və kəskin qanaxma ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.
“Xəstə dərhal əməliyyata götürülmüş, zədələnmiş dalaq xaric edilmiş, diafraqma və digər yaralar cərrahi işlənərək tikilmişdir. Cərrahi əməliyyatdan sonra reanimasiya şöbəsində aparılan intensiv kompleks müalicə nəticəsində xəstənin vəziyyəti stabilləşərək o, palataya keçirilmişdir.
Lakin 23.11.2011-ci il tarixdə saat 14.50-də xəstənin vəziyyəti qəflətən pisləşmiş, kəskin tənəffüs çatışmazlığı və davamlı qusma baş vermişdir.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmamışdır.
R.Tağıyevin meyiti 23.11.2011-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair İstintaq İdarəsinin qərarına əsasən Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyində yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə komisyon qaydada ekspertiza müayinəsindən keçirilmişdir.
Meyitinin ekspertizasının ilkin nəticəsinə görə, mərhumun ölümünə səbəb ona yetirilmiş çoxsaylı deşilmiş-kəsilmiş yaralanmalar nəticəsində daxili üzvlərin (dalaq, mədəaltı vəz, diafraqma) zədələnməsindən inkişaf etmiş süst gedişli peritonit, nazik bağırsağın atoniyası və intoksikasiya, eləcə də əvvəllər keçirdiyi ikitərəfli plevrit xəstəliyinin qalıq əlamətləri fonunda ağciyərlərin kəskin ödemi olmuşdur.
R.Tağıyevin ilkin müəyyən edilmiş məhkəmə-tibbi diaqnozunun dəqiqləşdirilməsi və elmi əsaslandırılması üçün, meyitdən götürülmüş biomaterialların “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyində tədqiqatları davam etdirilir”.
Modern.az