Modern.az

Dövlət orqanlarında 887 boş vəzifə var

Dövlət orqanlarında 887 boş vəzifə var

Ölkə

25 Noyabr 2011, 13:22

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bir müddət öncə (4 oktyabr, 21 oktyabr və 4 noyabr 2011-ci il tarixdə) 97 dövlət orqanında inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan 887 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib. Oktyabrın 4-ü və 21-də elan edilmiş müsabiqələr üzrə sənəd qəbulu müvafiq olaraq noyabrın 3-ü və 21-də başa çatıb. Noyabrın 4-də elan edilmiş müsabiqə üzrə sənəd qəbulu isə dekabrın 5-də başa çatacaq.  

“Dövlət qulluğu haqqında” Qanuna əsasən, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin birinci mərhələsi olan test imtahanı sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilməlidir. Qanunun bu tələbini rəhbər tutaraq Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya oktyabrın 4-ü və 21-də elan edilmiş müsabiqələr üzrə qeydiyyatdan keçmiş namizədlərin test imtahanını bu gün, yəni 25 noyabr 2011-ci il tarixdə keçirir.

Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində                                                                                 - 15 test tapşırığı;

2. Qanunvericilik sahəsində                                                      - 40 test tapşırığı;

3. İnformasiya texnologiyaları sahəsində                              - 15 test tapşırığı;

4. Məntiqi düşünmə qabiliyyəti sahəsində                           - 30 test tapşırığı.

Qaydalara əsasən inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin 8-9-cu təsnifatlarına uyğun olan vəzifələr üzrə müəyyən edilmiş keçid balını toplayan namizədin vəzifənin tutulma şərtləri nəzərə alınmaqla bu təsnifatlara uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilərlər. Test imtahanının qrafiki də yeniliyin bu tələbi nəzərə alınmaqla tərtib edilib. Belə ki, test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak edəcəklər.

Test imtahanı ilk növbədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi və Səhiyyə Nazirlikləri üzrə keçiriləcək.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə 5 vakant vəzifəyə qarşı 190 namizəd, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi üzrə 1 vakant vəzifəyə qarşı 56 namizəd, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti üzrə 2 vakant vəzifəyə qarşı 101 namizəd, Səhiyyə Nazirliyi üzrə 10 vakant vəzifəyə qarşı 111 namizəd qeydə alınıb.

Test imtahanı kompyuter vasitəsilə keçirilir və nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.

Müsahibədə namizədlərin müvafiq vəzifəyə uyğunluğu dörd meyar əsasında qiymətləndiriləcək:

1. Bilik səviyyəsi - ixtisas üzrə bilikləri, müvafiq vəzifə üzrə nəzəri bilikləri, müvafiq vəzifənin tələblərinə uyğun olan səviyyədə zəruri qanunvericilik və xarici dil bilikləri;

2. Peşə hazırlığı – müvafiq vəzifənin tələblərinə uyğun iş təcrübəsi, yenidənhazırlıq, ixtisasartırma və s. proqramlarda iştirakı, qulluq funksiyalarının icrası zamanı bilik və təcrübəsinin düzgün tətbiqi;

3. Ümumi dünyagörüşü təbiətdə, dünyada və cəmiyyətdə baş verən hadisələrə və mövcud reallıqlara, habelə bu hadisələr və reallıqlar içində insanın yeri və roluna olan baxışlar sistemi, həmçinin bu baxışlardan irəli gələn düşüncə, ideya, prinsiplərin qavranması;

4. Müvafiq vəzifə üçün zəruri olan digər keyfiyyətlər – vətənpərvərlik, emosional stabillik, səmimilik, özünütənqid, iradə, ünsiyyət qurmaq, yaradıcılıq, təşəbbüskarlıq, analitik təhlil, problem həlletmə, qərarvermə, nüfuzetmə qabiliyyətləri və s.

Müsabiqənin müsahibə mərhələsində müsahibə aparılması qrafikləri (həm dövlət orqanları, həm də vakant vəzifələr üzrə), namizədlərin əldə etdikləri nəticələr və digər statistik məlumatlar gündəlik olaraq Komissiyanın rəsmi internet saytında yerləşdiriləcək.

Modern.az 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər