Modern.az

Noyabrın 27-dən Məhərrəmlik başladı

Noyabrın 27-dən Məhərrəmlik başladı

27 Noyabr 2011, 11:41


Noyabrın 27-dən Hicri Qəməri təqvimi ilə (1433-cü il başlayır) İslamın birinci ayı-Məhərrəm başlayıb. Bu ay İmam Hüseyn Əleyhissalam və yaxınları Yəzid ibn Muaviyyənin qoşunları tərəfindən qətlə yetirilib. Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətvasında bildirilib ki, bu ay döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub.
Fətvada qeyd edilib ki, müsəlman ümmətinin tarixinə ən acı, lakin, eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Qazilər Şurası bəyan edib ki, Aşura günü 2011-ci il dekabr ayının 6-na təsadüf edir Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətiylə QMİ-nin Qazılar Şurası  bütün dindarlara dərin hüznlə başsağlığı verir ,onlara  Allah-Təaladan səbr, məğfirət diləyir və  İmam Hüseyn (ə) əzadarlığını İmamın  şəninə layiq şəkildə  keçirilməsini tövsiyə edir. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş  qaydalarına riayət olunmaqla keçirilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli,qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda  bəyənilməyən hərəkətlərə yol verilməməlidir .

QMİ Aşura günü rəhmdillik və insanlara kömək əlaməti olaraq, dindarları qan verməyə çağırıb.

“Son illər təziyə günlərində Qafqaz  Müsəlmanları  İdarəsinin təşəbbüsü ilə gerçəkləşən ,xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir.Bu təcrübə örnək olaraq müsəlmanlar arasında yayılmalıdır.
Ümidvarıq ki, inşaallah, dindarlarımız bu il də İmam Hüseyn təziyədarlığı ilə İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə  daha dərindən yiyələnəcəklər .Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi yolunda   şəhid olmuş xüsusən Qarabağ  torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini yad edərək əziz tutan xalqımız torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin qorunub saxlanmasını  təmin etmək yolunda daha artıq səy  nümayiş etdirəcəkdir , inşaallah”.

Təzəpir məscidinin axundu Hacı Faizin sözlərinə görə, Məhərrəm ayında baş verən Kərbəla faciəsi İslam dininin tarixinə düşən ən acı və kədərli, eyni zamanda şərəfli bir hadisədir. Onun fikrincə, bu ayda İmam Hüseynin həyat və mübarizəsinin yad edilməsi təkcə matəm xarakteri daşımır, həm də müsəlmanları bəd əməllərdən çəkindirir, onları haqq-ədalətə, şəhidlərə ehtirama səsləyir.
Hacı Faizin sözlərinə görə, Məhərrəm ayı müddətində toy, şənlik, nişan mərasimlərinə, əyləncələrə fasilə verilməsi təkcə həzrəti imam Hüseynin ruhuna deyil, bütün şəhidlərin xatirəsinə hörmət və ehtiramı ifadə edir.
Hacı Faizin fikrincə, təziyə günlərində, Aşura mərasimində bədəndən qan çıxarmaqla özlərinə xəsarət yetirənlərin əməli düzgün addım deyil, bunu təlqin edənlər isə xurafatla məşğul olanlardır:
«Bəzən xurafatla məşğul olanlar bildirilər ki, Aşura günündə mütləq zəncirvurma, sinədöymə, başyarma, bədəndən qançıxarmaq əmələllri həyata keçirilməldir. Amma heç bir yerdə heç nə yazılmayıb ki, həmin hərəkətlər hökmən edilməlidir». Hacı Faiz deyib ki, Məhərrəm haram ay kimi qəbul olunduğundan onun davam etdiyi müddətdə toy-düyün və digər xeyir iş görülməsi məsləhət deyil. Axundun sözlərinə görə, sınanılıb ki, həmin ərəfədə şadlıq edənlər xeyir görməyiblər.

Modern.az -ın məlumatına görə, Bakıdakı restoran və şadlıq evləri də Məhərrəm ayı müddətində sifarişlərin qəbulunu müvəqqəti dayandırıblar. Məhərrəm ayı müddətində spirtli içkilərin də satışının zəifləyəcəyini ehtimal edilir.   

Mail Ağaxanov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər