Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsi sürücülərə xəbərdarlıq edib.
Bildirilib ki, b ilin iyul ayında “Yol hərəkəti haqqında” Qanununa dəyişiklik edilərək yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydasını müəyyənləşdirən yeni maddə əlavə edilib.
Yeni maddədə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati xəta törətmiş şəxsin cərimə bildirişi üzrə müvafiq məbləği 3 iş günü müddətində banka ödədiyi halda tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilməsi, 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə isə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulunun hesablanması, habelə qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə həmin qərarı qəbul etmiş məhkəmə və ya DYP-nin vəzifəli şəxsi tərəfindən inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilməsi nəzərdə tutulub.
Lakin qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsindən 5 aya yaxın müddət keçməsinə baxmayaraq bu günə qədər xeyli sayda inzibati xəta törətmiş şəxs tərəfindən cərimə bildirişi üzrə müvafiq məbləğin banka ödənilmədiyi müəyyən edilib. Bunu nəzərə alaraq Baş DYP İdarəsi bir daha nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə çatdırıb ki, inzibati xəta törətmiş şəxslərin cərimə bildirişi üzrə 2 ay müddətində müvafiq cərimə məbləğini banka ödəmədiklərinə görə inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilərək həmin nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən dayandırılacaq, onu idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağında saxlanılacaq.
Nəqliyyat vasitəsinin sahibinə qaytarılması isə yalnız cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra mümkün olacaq.
Yeri gəlmişkən, bundan sonra sürücülər cərimə balları haqqında çox asanlıqla məlumat əldə edə biləcəklər.
Bunun üçün Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş “Cərimə balları barədə məlumatlar” bölməsinə - //mia.gov.az/?/az/driverlicense daxil olmaq tələb olunur.
Belə ki, sürücülər bölmədə sürücülük vəsiqəsinin nömrəsi, doğum və vəsiqənin son istifadə tarixi ilə bağlı məlumatları daxil etməklə yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimə balları barədə məlumatlarla tanış ola bilərlər.
Modern.az