Modern.az

Deputatlar avtobuslarda da gedişhaqqının artacağını gözləyirlər

Deputatlar avtobuslarda da gedişhaqqının artacağını gözləyirlər

Ölkə

30 Noyabr 2011, 10:35

Millət vəkili: “Azərbaycanda iki ən ciddi problem var: biri korrupsiyadır, biri də monopolistlərin at oynatmağı”


Tarif Şurasının qiymət artımı ilə bağlı qəbul etdiyi son qərar ölkə gündəmini məşğul etməkdədir. İnsanlar bu qərarın tezliklə bahalaşmaya səbəb olacağından, avtobuslarda da gedişhaqlarının qalxacağına təsir edəcəyindən, 2012-ci ildə enerji daşıyıcılarının qiymətlərinə yenidən baxılacağından narahatdırlar.

Millət vəkilləri, tanınmış iqtidsadçılar Əli Məsimli və Vahid Əhmədov Modern.az-a açıqlamalarında bu məsələlərə münasibət bildiriblər.

“Tarif Şurasının son qərarından sonra 2012-ci ildə müxtəlif istiqamətlərdə qiymətlərin artacağı gözləniləndir. Bunun hansı məhsullar üzrə olacağını demək çətindir. Belə konteksdən yaşanmaq olar ki, Azərbaycanda əsasən enerşi daşıyıcılarının qiyməti qalxanda çörəyin qiymətinə təsir edir. Qismən də ətin qiymətinin qalxması daha geniş spektrli məhsulların qiymətinə təsir göstərir”.
Bu fikirləri millət vəkili, iqtisadcı Əli Məsimli Modern.az saytına açıqlamasında deyib.

Millət vəkili deyir ki, Tarif Şurasının sonuncu qərarı onun üçün bir qədər qəribə görünüb. “Bir tərəfdən artımların faizləri, digər tərəfdən bunun niyə yeni ildən yox, dekabr 1-dən olması təəccüblüdür. Bu kimi suallar maraqlıdır”.
Azərbaycanda rəsmi statistikaya görə, ilin sonunda inflyasiyanın 10%-dən aşağı olacağını deyən Ə.Məsimli bildirib ki, belə bir şəraitdə Tarif Şurası rəsmi statistikanın göstərdiyi  inflyasiyadan bir neçə dəfə artıq templə qiymətləri artırmaq məsələsinə aydınlıq gətirməlidir.

Əli Məsimlinin sözlərinə görə, metronda gedişhaqının artması sərnişin nəqliyatının digər növlərinin lokal xarakterli qiymət artımına gətirib çıxara bilər.

Yeni qiymət artımının enerji daşıyıcılarının qiymətinə təsir edib-etməyəcəyinə gəlincə, millət vəkilinin cavabı belə olub: “Əlaqədar strukturlar bu suala cavab verən zaman bildiriblər ki, qiymətlər qalxmayacaq. Amma metroda da qiymətlərin qalxmayacağını demişdilər. Onların “qiymətlər qalxmayacaq” deməsi metro ilə bağlı məsələyə bənzərdir yoxsa yox, bunu deyə bilmərəm”.

Deputatın sözlərinə görə, qiymətlərin artmasını yumşaltmaq üçün əks tətbirlərin görülməsinə ehtiyac var. Xüsusi ilə də aztəminatlı təbəqənin maaşlarının, pensiyaların, müavinətlərin artırılması istiqamətində addımlar atılmalıdır.
“Çünki ayda 100-150 manat çivarında gəliri olan xeyli sayda Azərbaycan vətəndaşı var. Onlar belə bir vəziyyətdə sual verirlər: “Mən 100-150 manatı ailəmin ərzaq, paltar, dava-dərman təminatına ödəyim, uşaqlara dərs ləvazimatlarını alım, yoxsa nəqliyyat xərclərinə, yaxud kommunal xərclərin ödənilməsinə sərf edim?”.

Ə.Məsimlinin sözlərinə görə, qiymətlərin qalxmasından işbazlar və monopolistlər istifadə edərək süni qiymət artımı ilə məşğul olurlar. Millət vəkili deyir ki, əgər qiymətlər 10% qalxırsa, onun 3 faizi Azərbaycan iqtisadiyyatında gedən proseslərin məntiqinə uyğundur.  Artımın 2-3%-i xaricdən gələn məhsulların üzərində gəlir. Yerdə qalan 4-5 %-i  süni qiymət artımınıdır: “Hökümət nümayəndələri süni qiymət artımının qarşısını almaq üçün daha ciddi, daha sərt addımlar atmalıdırlar. Bu gün Azərbaycan üçün iki ən ciddi problem varsa, biri korrupsiyadır, biri də monopolistlərin at oynatmağıdır. Bunların qarşısını almaq üçün ciddi addımlar atılsa,  əhalinin az təminatlı təbəqəsinin güzəranınım pisləşməsinin qarşısını almaq olar”.

Digər millət vəkili, iqtisadcı Vahid Əhmədov da deyir ki, Tarif Şurasının bu qərarı onun üçün gözlənilməz olub. “Milli Məclisdə dekabrın 6-da olacaq müzakirələr sırasında Metropolitenə dotasiyanın ayrılması məsələsi var idi. Onlar niyə tələsdilər, bilmirəm...”.

V.Əhmədov qiymət artımının gələn il ölkədə enerji daşıyıcılarının bahalaşmasına təsir edəcəyinə inanmadığını söyləyir. Onun sözlərinə görə, buna səbəb 2011-ci ildə büdcədən maliyyələşən təşkilatların maaşlarınin o qədər də artırılmamasıdır.  

Ancaq V.Əhmədov deyir ki, metroda gedişhaqqının 15 qəpikdən 20 qəpiyə qalxması gələn il digər nəqliyyat vasitələrinində gedişin bahalaşması məsələsini gündəmə gətirə bilər.

Dünyada gedən qlobal maliyyə böhranının Azərbaycana təsirsiz ötüşməyəcəyini deyən V.Əhmədov bildirib: “Azərbaycan da bu dünyanın bir hissəsidir. Xaricdən qiymətlər, inflyasiya idxal edirik. Ona görə də Azərbaycanda ilin yekunlarına görə 9-10 faiz bahalaşma olacaq. İnflyasiya gələn ilin büdcəsində 6% nəzərdə tutulub. Biz deyirik ki, 6% yox, 9-10%, bəlkə də daha artıq olacaq. Təbii ki, dünyada gedən proseslər Azərbaycana təsir edəcək”.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər