Hər il Bakıdakı yolların təmir olunması üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılsa da, paytaxtın “qan damarları”nın vəziyyəti düzəlmirki, düzəlmir. Bir də görürsən ki, bir ay öncə milyonlarla manat hesabına təmir olunmuş hansısa yolun bir hissəsi ya çöküb, ya asfalt örtüyü dağılıb, ya da oranı yenidən qazıb bərpa edirlər.
Qeyd edək ki, Bakı şəhərində yolların təmir-bərpasına əvvəllər Nəqliyyat Nazirliyinin nəzdindəki “Azəryolservis” ASC baxırdısa, hazırda bu işə Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdir.
2012-ci lin dövlət büdcəsinin investisiya xərclərində Bakı şəhərin abadlaşdırılması istiqamətinə böyük məbləğdə vəsaitin ayrılması nəzərdə tutulub. Gələn il büdcədən Bakı şəhərinin abadlaşdırılması ilə bağlı layihələrə 100 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
Həmin vəsait hesabına yollarda da təmir-bərba işləri aparılmalıdır.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayılov Modern.az saytının əməkdaşı ilə söhbətdə deyib ki, Bakıda yollların təmir-bərpasına ayrılan vəsait düzgün istiqamətdə xərclənmir. Onun sözlərinə görə, ildə 1 milyard manatdan çox vəsait ölkə üzrə yolların təmirinə sərf olunur ki, bunun da mühüm hissəsi Bakının payına düşür.
“Ancaq o işlər keyfiyyətli görülsə, bu qədər problem olmaz. Yəni Bakı şəhərinin içərisində bu dəqiqə normal yolun uzunluğu azdır. Bu, bir tərəfdən ayrılan vəsaitlərin səmərəsiz istifadəsi ilə bağlıdırsa, digər tərəfdən düzgün olmayan şəhər planlaşdırılmasından asılıdır.
Yəni tutaq ki, hansısa yol təmir olunur. Sonra oranı “Azərsu” qazıb su xətti çəkir, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rabitə xətti, Baş Dövlət Yol Polisi İdarəsi işıqforlar üçün kabellər çəkir. Bu hamısı Bakı şəhərində normal planlaşdırmanın olmaması ilə bağlıdır”.
Z.İsmayılov əsas problemin Bakı şəhərinin sahibinin olmaması ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Bakının böyük şəhər bələdiyyəsi yaradılsa, həmin qurum şəhərin bütün problemləri ilə məşğul olsa, tam səlahiyyətli və sakinlərin qarşısında hesabat versə, sakinlər tərəfindən seçilən bir bələdiyyə başçısı olsa, bu problemləri nisbətən həll etmək olar.
Dövlət investisiyaları, o cümlədən ayrı-ayrı nəqliyyat layihələri ilə bağlı monitorinqlər apardıqlarını deyən Zöhrab İsmayılov bunun ümumi avtomobil yolları ilə də bağlı olduğunu söyləyib.
“Həmin monitorinqlərdə əldə olunan nəticələr ondan ibarət idi ki, yol layihələrinə sərf olunan vəsaitlər şəffaf deyil, səmərəlilik problemi var, eyni zamanda tenderler düzgün keçirilmir. Bəzi hallarda tenderlər, ümumiyyətlə keçirilmir, bəzi hallarda qeyri-şəffaf, qapalı gizli şəkildə keçirilir və seçilən şirkətlərin də hansı kriteriyalarla seçildiyi də ictimaiyyətə məlum olmur. Bundan əlavə, qiymətlər də dəfələrlə şişirdilir”.
QHT sədri hesab edir ki, bütün bunlara nəzarət etmək üçün Bakı şəhərini idarə edən qurum olmalıdır.
“Bakı 10-20 il bundan əvvəlki Bakı deyil, kifayət qədər hərəkət var. Demək olar ki, əhalinin təxminən 40 faizi burada cəmləşib. Və burada böyük tikinti işləri gedir, böyük dəyişiklər var. Ona görə də Bakı şəhəri normal idarə olunmalıdır. Onun özünün böyük şəhər bələdiyyəsi yaradılmalıdır ki, o bələdiyyə də şəhərin planlaşdırılması ilə məşğul olsun. Bələdiyyənin artıq səlahiyyəti olmalıdır və bilməlidir ki, hardan kabel, hardan su xətti çəkilməlidir və s.”.
Bu gün bir körpünün tikintisi üçün kifayət qədər pul ayrıldığını deyən müsahibimiz bir-iki belə körpünün pulu ilə bütün Bakı şəhərinin yollarını təmir etməyin mümkün olduğunu vurğulayıb.
“Böyük pul ayırmaqla deyil. O pullar göyə də sovrula bilər. Bu gün 100-150 milyon manatlıq bir körpünün tikilməsinə pul ayrılır. Məncə bir-iki körpünün puluna bütün Bakı şəhərinin yollarını çox gözəl şəkildə təmir etmək olar. Problem budur - böyük pullar ayrılır və kimlərsə bunu mənimsəyir”.
Aytən ƏLİYEVA