Modern.az

Təhsil və MƏN

Təhsil və MƏN

2 Dekabr 2011, 10:24

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Hər bir ailə övladı dünyaya göz açdığı andan etibarən onun gələcəyini düşünməyə çalışır, ona dair xəyallar, planlar qurur. Bu planlar ilk növbədə isə uşağının alacağı təhsillə bağlı olur. ”Oğlumu ən yaxşı məktəbdə oxudum”, ”Qoy ən prestijli universitetə girsin”, ”Uşağımı xaricdə oxudum ki, əsl mütəxssis olsun” . Övladının nə təhsil alacağı, gələcəkdə necə mütəxəssis olacağı, cəmiyyətdə özünə necə hörmət qazanacağı –hamısı bilavasitə və ya dolayısı yolla alacağı təhsillə bağlıdı.

Bir sözlə, təhsil cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır. Çünki təhsil –yalnız bilik demək deyildir. Təhsil insanı birinci sinifdən cəmiyyətin bir hissəsi olmağı, kollektivlə işləməyi öyrədir. Hətta bəzilərinin önəmsiz hesab etdiyi etika qaydaları belə məktəbdən uşaqlara aşılanmağa başlanılır.  Əvvəl bağça, sonra məktəb, daha sonra isə universitet...

Hər bir uşağın tərbiyəsi belə ailəsi ilə yanaşı onun düşdüyü mühitdın asılıdır. Əgər nəzərə alsaq ki, şagird və ya tələbə günün yarısını məktəbdə və univeristetdə keçirir, onda onun sinif yoldaşlarının, ona dərs deyən müəllimlərin belə onun tərbiyəsinə, davranışlarına, xarakterinin formalaşmasına nə qədər əhəmiyyətli dərəcədə təsir etdiyini anlamaq çətin olmaz... İlk addım isə məktəbdən başlanır. 6 yaşında uşağın ətraf mühit, insanlar haqqında fikirlərinın özülü məhz məktəbdə qoyulur Bu fikirlər isə sonradan həmin uşağın gələcək şəxsi və iş həyatında özünü büruzə verir.

Təhsil aldığım ilk məktəbdə müəlliməmiz cavan və enerji dolu idi. Daim yenilik etməyə can atırdı, nəsə təşkil etmək, kiçik səhnəciklər qoymaq, bayramlarda çıxışlar hazıramaq və s... Bununla yanaşı, bizi  də ictimai aktiv olmağa  çağırırdı. ”Alim olmaq asandı, adam olmaq çətin”...
Dərsin çoxluğundan gileylənəndə isə deyirdi ki, “əgər gələcəkdə həqiqətən nəyəsə nail olmaq istəyirsinizsə çalışın, çətinlikdən qorxmayın, yoruldum deyə o dəqiqə geri çəkilməyin, daim insanlarla ünsiyyətdə olmağa çalışın..”. İndi onun sözlərinin xatırlayanda nə qədər doğru olduğunu görürəm..Təhsil mənə yalnız hansısa sahəyə dair məlumat vermədi, “məni” formalaşdırdı. Məhz məktəb təhsili dövründə mən özümə güvən əldə etdim, debatlarda çıxış edərək insanlardan çəkinməməyə, fikrimi düzgün bildirməyi öyrəndim, hər hansı bir tədbiri təşkil edərkən təşkilatçılığı, lider olmağı öyrəndim, daim kiməsə güvənərək kömək gözləməyi yox, öz gücümə arxalanaraq problemləri həll etməyi öyrəndim... İndi isə həmin yolu dava elətdirməyə çalışıram. Bəlkə də , məktəb dövründə əldə etdiyim savad və təcrübə olmasaydı indi yeni nailiyyətlər ədə edə bilməzdim. Hətta 4 il əvvəl iqtisadiyyat sahəsini seçməyim belə məktəbdəki müəllimlərin, təhsil aldığım məktəbin təsiri nəticəsidir.  

Universitetdəki indiki təhsilim isə gələcək peşəmi seçməyə kömək oldu. Hansı sahəni davam eləmək istəyirəm? Niyə məhz bu sahə? Mənim bilik və bacarıqlarıma bu sahə nə qədər uyğundu? və s. suallara caab tapmaqda universitet müəllimlərin həqiqətən böyük rolu oldu. Kiminsə dərs keçmə metodu, hansısa müəllimin xarakteri, fənnə dair biliyi, ona qarşı olan simpatiya tələbədə  bu sahəyə dair marağı artırır. Və ya əksinə... Hər hansı müəllimin savadsızlığı, o dərsi lazımınca keçə bilməməsi, dərs zamanı davranışları bu sahəyə olan bütün marağı öldürməyə qadirdir... Bəzi müəllimlər dərsə “gəlim bir 45 dəqiqəmi keçim, maaşımı alım, gedim” prinsipi ilə yanaşırlar. Bu isə tələbədə keçirilən fənnlə bağlı başqa bir fikir yaradır: ”Nəsə cavab verim, qiymətimi alım” və ya “müəllimin başını qatım, dərs tez bitsin ”... Beləliklə də, zəncirvari bir proses başlanır: tələbənin dərsə həvəsi olmur, oxumur, qiymət almaq üçün başqa yollara əl atmağa başlayır, bunu görən digər tələbə “daha asan yolu” görün onu nümunə götürür, müəllim isə qiymət yazmağındaha rahat yolunu öyrənir. Bununla da, savadsızlıq və korrupsiyanın əsası qoyulur...

Lakin unutmaq lazım deyil ki, indi parta arxasında adi  bir tələbə qismində oturan hər bir uşaq gələcəyin həkimi, müəllimi, rejissoru, diplomatı, siyasətçisi, jurnalistidi... Onlar isə iqisadiyyatımızın, səhiyyəmizin, təhsilimizin bir hissəsi olacaqlar. Beləliklə, bir tələbəyə laqeyd münasibət “bumeranq effekti” yaradaraq, onu müalicə edən savadsız həkim, onun uşaqlarına və ya nəvələrinə dərs keçən savadsız müəllim  kimi qarşısına çıxarda bilər.

Hər bir insan təhsilin, savadın cəmiyyətdəki rolunu və ən əsası, öz rolunu anlasa mövcud olan problemləri həll etmək daha asan olar. Bəlkə də, həmin problemlər heç yaranmaz da...

Tofiq Ağayev
ADİU, XİQ BİM fakültəsi, 4-cu kurs tələbəsi
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər