Dekabrın 3-də Daxili İşlər Nazirliyində «Şəhər, rayon polis orqanlarının növbətçi hissələrində, «Təhlükəsiz şəhər» və «102» xidmətlərində», həmçinin «Bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması» sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki hər iki məsələnin aktuallığı ilə seçildiyini və vacib olduğunu xatırladıb, mahiyətinə görə onların insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədlbirləri, perspektiv vəzifələri ehtiva etdiyini bildirib.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov çıxış edib. O deyib ki, Xidmətin strukturu muasir dövrün tələblərinə uyğun yenilənən funksiyalarına uyğunlaşdırılıb, ştatları optimallaşdırılıb, normativ-hüquqi və maddi-texniki bazası möhkəmləndirilmiş, əməliyyat şəraitinin izlənilməsində və nəzarətdə saxlanılmasında informasiya- kommunikasiya texnologiyalarının tətbiqi geniş xarakter alıb.
Bildirilib ki, cari ilin əvvəlində 56 polis orqanının «102» Xidməti Zəng Mərkəzinə qoşulması ilə sistemin respublikanın bütün ərazisini əhatə etməsi üzrə işlər başa çatdırılıb. Nəticədə regionlarda əməliyyat şəraitinə və əməliyyat qruplarının hadisə yerlərinə vaxtında çıxmasına mərkəzləşdirilmiş nəzarət xeyli güclənib, bütövlükdə ərazi polis orqanlarının, nizami hissələrin operativliyi və çevikliyi yüksəlib.
2011-ci ilin 10 ayında Xidmətin imkanları ilə 228 cinayət, o cümlədən 1 qəsdən adam öldürmə, 1 qəsdən adam öldürməyə cəhd, 3 quldurluq, 6 soyğunçuluq, 9 qəsdən sağlamlığa zərər vurma, 23 nəqliyyat vasitəsinin qaçırılması, 58 oğurluğa cəhd, 59 oğurluq və 68 xuliqanlıq «isti izlərlə» açılıb. Məişət zəminində baş vermiş 5.754 hüquqazidd əməlin qarşısı alınıb, müxtəlif məsələlərlə əlaqədar müraciət etmiş 16.799 vətəndaşa hüquqi yardım göstərilib və ya müvafiq izahlar verilib. Nazirliyin aidiyyəti strukturları tərəfindən polis əməkdaşları barədə «Qaynar xətt»ə daxil olmuş 461 şikayətin araşdırılması təmin edilib.
«Təhlükəsiz Şəhər» Sisteminin videomüşahidə vasitələri ilə 4.305, o cümlədən 3.707 avtomobil qəzası (toqquşma), 247 asayişin pozulması, 99 piyada vurulması, 51 yanğın, 13 avtoxuliqanlıq, 1 qəsdən sağlamlığa zərər vurma və sair hadisə qeydə alınıb. Həmçinin, piyadaların ölümü və xəsarət almaları ilə nəticələnən 14 yol-nəqliyyat hadisəsinin, 5 soyğunçuluq, 4 oğurluq, 3 quldurluq, 2 qəsdən adam öldürmə, 1 qəsdən sağlamlığa zərər vurma, 1 xuliqanlıq cinayəti açılmış, itkin düşmüş 2 şəxs tapılıb. Cinayət və hadisələrin araşdırılması ilə bağlı məhkəmə, prokurorluq və polis orqanlarının 604 sorğusu cavablandırılıb.
Qeyd olunub ki, cari ilin 10 ayında «102» Zəng-Mərkəzinə daxil olmuş məlumatların sayı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,5 dəfə artıb, bu müddətdə qeydə alınmış cinayət xarakterli 10831 məlumatın 85 faizi araşdırma zamanı təsdiqlənib.
Bütövlükdə ötən bir ildə həyata keçirilən tədbirlər vətəndaşların qanuni mənafelərinin, konstitusion hüquqlarının daha etibarlı qorunmasına, onların müraciətlərinə vaxtında və operativ reaksiya verilməsinə dair ölkə Prezidentinin müvafiq tapşırıqlarının uğurla yerinə yetirilməsinə yönəldilib, göstərilən sahədə əldə olunmuş müsbət nəticələrin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xidmət edib.
Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üzrə görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış edib. Qeyd olunub ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmasında göstəriciləri aşağı olan şəhər-rayon polis orqanlarına zəruri əməli köməkliklər göstərilib, bağlı qalmış müvafiq cinayətlərin açılması üçün adekvat tədbirlər görülüb.
Həyata keçirilmiş təşkilati-praktik tədbirlərin nəticəsi olaraq 2009-cu illə müqayisədə ötən il ölümlə nəticələnən cinayət tərkibli yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz azalıb. Son 3 ilə yaxın bir dövrdə müvafiq cinayətlərin açılma göstəricisi yüksək olmaqla orta hesabla 95 faiz təşkil etmişdir. Ərazi polis orqanlarında 1308 analoji cinayətin istintaqı tamamlanıb məhkəmələrə göndərilib, 942 cinayət işi xitam edilib. Bu növ hüquqazidd əməlləri törətmiş 1193 şəxs müəyyənləşdirilib, onlardan 905 nəfəri cinayət məsuliyyətinə cəlb edilib. Digər tərəfdən, «Təhlükəsiz şəhər» xidmətinin video-müşahidə vasitələrinin tətbiqi ilə 6416 yol-nəqliyyat qəzası, o cümlədən piyadaların vurulması ilə bağlı 134 hadisə aşkarlanıb, habelə qeyri-aşkar şəraitdə törədilən müvafiq cinayətlərin 30,1 faizinin açılmasında elmi-texniki vasitələrdən istifadə edilib.
Müzakirələrdə çıxış edənlər görülən işlərdən, fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlardan danışıb, onların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görəcəklərinə söz veriblər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik Ramil Usubov qeyd edib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, cinayətlərin qarşısının alınması və açılması sahəsində həyata keçirilən hərtərəfli təşkilati-praktiki tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinin qəbulu, qeydiyyatı və baxılmasında, polisə gətirilən şəxslərin hüquqlarının qorunmasında, cinayət və hadisələrə çevik reaksiya verilməsində əhəmiyyətli rolu olan növbətçi hissələrin fəaliyyətinin təkmilləşdirilməsinə də böyük önəm verilir. Son illər informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Nazirlik sistemində həyata keçirilmiş mühüm layihələrdən olan «102» Xidməti - Zəng Mərkəzi və «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə sistemlərinin yaradılması cinayətlərin qeydiyyatına, növbətçi hissələrdə vətəndaşların qəbuluna mərkəzləşdirilmiş nəzarəti xeyli gücləndirib, habelə əməliyyat şəraitinin fasiləsiz izlənməsinə böyük imkanlar yaranıb.
Gündəlikdəki ikinci məsələyə diqqəti cəlb edən nazir yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunmasının polisin əsas vəzifələrindən olması baxımından, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılması sahəsində görülən işləri hər bir orqan rəisinin ciddi nəzarətdə saxlamasını tələb edib.
Daxili işlər naziri gündəlikdəki məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib, ayrı-ayrı nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarını göstərib, həmçinin tədbir iştirakçılarının diqqətini cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində mühüm əhəmiyyət kəsb edən bir sıra digər məsələlərə yönəldib.
2011-ci ilin başa çatmasına bir aydan da az vaxtın qaldığını xatırladan Ramil Usubov iclas iştirakçılarının diqqətini səylərin daha da artırılmasına, bütün qüvvə və imkanların ağır və xüsusilə ağır cinayətlərin açılmasına, axtarışda olanların tutulmasına səfərbər olunmasının vacibliyinə cəlb edib.
Modern.az