Modern.az

Politoloq Qabil Hüseynli: “İran yanlış olaraq öz hərbi potensialı ilə öyünür”

Politoloq Qabil Hüseynli: “İran yanlış olaraq öz hərbi potensialı ilə öyünür”

4 Dekabr 2011, 17:54

Ərəb ölkələrində vüsət alan inqilabi dəyişikliklərin dalğası hazırda Suriyanı cənginə almaqdadır. Hadisələrin bu fonunda Türkiyə-Suriya münasibətləri də getdikcə gərginləşir. Eyni zamanda Suriyanın regionda yerləşən əsas müttəfiqi İrana qarşı da təzyiqlər güclənir. Politoloq Qabil Hüseynli Türkiyə-Suriyə münasibətləri, İrana olan təzyiqlər və bunların qonşulara gözlənilən təsirini Modern.az saytına şərh edib.

“İran Suriya ilə strateji münasibətlərə malikdi və İran yaxşı başa düşür ki, Suriya ətrafında məsələlərin mürəkkəbləşməsi son nəticədə İranın özü üçün də çıxılmaz vəziyyət yaradır” deyən Q.Hüseynli bildirib ki, Türkiyənin bəzi ekspertləri yanlış olaraq Türkiyə Suriyaya qoşun yeridə biləcəyini düşünür.

“Bu günlərdə Suriya prezidenti Bəşər Əsəd açıqlamasında bildirib ki, Suriyanın çökməsi İrana qarşı başlayan hərəkatın giriş hissəsi ola bilər. Bir məlumata görə, İranın xüsusi nümayəndəsi Türkiyə prezidenti ilə görüşüb. Görüş zamanı İran nümayəndəsi diplomatik etikaya yaraşmayan müddəalardan istifadə edərək Türkiyəni hədələyib. Bundan əvvəl isə İran ordusunun hava və kosmos üzrə ordu komandanı da Türkiyəni hədələmişdi. Bildirmişdi ki, əgər Suriyaya qarşı hər hansı bir hərəkət olacaqsa, İran bəzi obyektləri, xüsusilə də ABŞ-ın Avropada qurmaq istədiyi hava hucumundan müdafiə sistemlərinin bir elementi olan radiolakasiya stansiyasını vuracaq, eyni zamanda “İncirlik” hərbi hava bazasına raket hücumu olacaq”.

Q.Hüseynli deyir ki, Türkiyə dövləti Suriya məsələsində son dərəcə ehtiyatlı hərəkət edir. Politoloq düşünür ki, Türkiyənin Suriyaya qoşun yeritməsinə ehtiyac yoxdur. Çünki Suriya xalqı özü Liviyada olduğu kimi, öz rejimi ilə bacaracaq.
“Doğrudur Liviyadan Suriya üsyançılarına kömək gəlib və  bu kömək də Türkiyənin Hatay vilayətindən keçərək Suriya ərazilərinə daxil olub. Amma bu Ərəb Liqasının qərarına uyğun olaraq atılan addımdır”.

Türkiyənin Ərəb Liqasının iclasında  iştrak etdiyini və Suriyaya qarşı qəbul edilən sanksiyalara qoşulduğunu deyən Q.Hüseynli bildirib ki, Türkiyənin qəbul etdiyi sanksiyalar ərəb ölkələrinin  qəbul etdiyi sanksiyalardan daha yumuşaqdır.
“Türkiyə tərəfindən hələ də Suriyaya elektrik enerji, içməli su, ərzaq məhsulları satılması, uşaqlar və ağır xəstələr üçün dərman ləvazimatı göndərilməsini Suriya rəhbərliyinin qiymətləndirməməsi təəssüf doğurur”.
Politoloqun sözlərinə görə, Türkiyənin bu addımını İran da lazımı səviyyədə qiymətləndirmir.

Q.Hüseynlinin sözlərinə görə, İran böyük dövlətləri təhdid etməklə unudur ki, ona məxsus olan kosmik raket sistemlərinin hamısı 60-cı illərdə Sovet İttifaqının dövründə istehsal olunan və çertiyojları sonradan İrana ötürülən köhnə raket tipləridir, bunlar müasir modern silahlar deyil.
”İran özünün hərbi potensialı ilə nə qədər öyünsə də, bu  hərbi potensial 20-ci əsrin tələblərinə cavab vermir. Həmin silah növlərini çox asanlıqla, hətta ən uzaq məsafədən suni peyklər vasitəsi ilə vurub sıradan çıxartmaq mümkündür”.

Q.Hüseynli deyir ki, İran hərbi potensialı ilə öyünmək əvəzinə neft-qaz ehtiyatlarını və buradan gələn milyonları xalqın rifahına yönəltsə, qonşuları ilə dinc yaşamaq yolunu seçsə, daha yaxşı olar.

Türkiyə-İran münasibətlərinin Azərbaycan -İran münasibətlərinə təsirinə gəlincə, politoloq deyib ki, Azərbaycanın heç bir günahı olmadan İranın bəzi ayətullahları, muştəhidləri, axundları suni iddialarla daxili işlərimizə qarışaraq vəziyyəti mürəkkəbləşdirməyə çalışırlar.
“Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun İrana səfəri zamanı aparılan danışıqlarda zidiyyət doğuran, ortada mübahisə predmeti olan məsələləe müzakirə edilib. İranla bağlı məsələlərin Azərbaycana ziyanı olduğunu bilirik, amma bundan qorxub, çəkinmək lazım deyil. Bu prosesləri biz başlamamışıq, prosesi dünya dövlətləri başlayıb. Məsələn, Amerika ilə İran arasındakı düşmənçiliyin tarixi 30 ilə yaxındır, Böyük Britaniya ilə isə bundan daha çoxdur”.

İranın Qərb ölkələrinin bir çoxu ilə münasibətləri gərginləşdirdiyini deyən Q.Hüseynli bunun ərəb ölkələrin əksəriyəti ilə də eyniyyət təşkil etdiyi qənaətindədir.
O, buna misal olaraq iran-Səudiyyə Ərəbistanı, İran-Küveyt, İran-İraq münasibətlərini göstərib. İranın ətrafını düşmən dövlətlərin bürüdüyünü deyən politoloq qeyd edib ki, Azərbaycan İranın böhtanlarına, daxili işlərimizə qarışan addımlarına lazımi cavabı vermir. “Halbuki, bu məsələlərə din xadimlərimiz gözəl cavab verə bilərdilər, onlar da nədənsə susurlar. Azərbaycan rəsmiləri, siyasətçilər, siyasi rəhbərlik İranın bütün bu hərəkətləri qarşısında özünü çox dözümlü və təmkinli aparır. Biz yaxşı başa düşürük ki, İran bizim qonşumuzdur, bizim orada 35 milyonluq soydaşımız yaşayır. Ona görə də İranda baş verə biləcək hər hansı bir faciə bizim faciəmizdi. Buna görə də biz İrana qarşı hər hansı hərəkətin olmasını istəmirik. Ancaq bu baş verəcəyi halda qarşısını ala biləcək gücdə də deyilik”.

Q.Hüseynli bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etməyə çalışmalıdır. Politoloq deyir ki, bu baxımdan İranın tutduğu mövqe də Azərbaycan üçün məqbul sayıla bilməz. Çünki İslam birliyindən danışan ölkə Çeçenistan məsələsində Rusiyaya bir söz demədi, Dağlıq Qarabağ məsələsində isə daha çox ermənilərin yanında dayanır.
”1978-ci ildə Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanının zəvvarları ilə İran zəvvarları arasında qanlı toqquşmanın baş verməsi nəticəsində min nəfərə yaxın adam həlak oldu. Bütun bunlar onu göstərir ki, İranda mövcüd olan rejim dünya və qonşu dövlətlərlə münasibətləri qorumaqda ciddi yanlışlıqlara yol verir”.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər