“Biznes obyekt”ə çevrilən sərhəd məntəqəsi bir qrup şəxsin qazanc yerinə dönüb
Rusiya-Azərbaycan sərhəddinin Dağıstan buraxılış məntəqəsindən ölkəmizə gələn vətəndaşlara qarşı yeni “qayda” tətbiq edilib. Bu barədə Modern.az-a şimal bölgəmizdəki mənbə məlumat verib. Mənbənin məlumatına görə, Rusiya hissəsində olan nəzarət-buraxılış məntəqəsində qeyri-qanuni “biznes” növü peyda olub. Sərhəd xidmətinə heç bir aidiyyatı olmayan bir qrup şəxs Azərbaycana gələn insanları sərhəd-nəzarət məntəqəsinin ərazisində piyada hərəkət etməyə qoymurlar.
“Məcburi olaraq “QAZel” markalı maşınlara doldurulan insanlar cəmi təxminən 200 metr uzunluğu olan yolla sərhəd məntəqəsindən Azərbaycan istiqamətinə hərəkət edərək, neytral əraziyə kimi gəlməkdən ötrü adambaşına 150 rubl ödəməli olurlar. Sərhəddi keçən insanların sözünə görə, son zamanlar Rusiyanın Sərhəd Qoşunlarının və Gömrük Xidmətinin Azərbaycan sərhəddində qulluq edən zabit və gizir heyəti bu “sərnişindaşımaya” hamilik edirlər. Beləki, sərhəddi həmin inhisarda olan “QAZel”lərlə keçmək istəməyənlər Rusiyanın sərhədçiləri və gömrük işçiləri tərəfindən müxtəlif bəhanələrlə incidilir, hətta maşınlara oturmağa məcbur edilirlər. Bu da təbii ki, kütləvi narazılığa səbəb olur”-deyə mənbə vurğulayıb.
Ticarət məqsədi ilə sərhəddi keçən Dağıstan vətəndaşlarından Artur adlı birisi “məcburiyyətdən bu maşınlara minməli oluruq, etiraz edəndə isə sərhəddəki ləzgi xalqından olan bu adamlar adamın başına oyun açır, lazımsız yerə sənədləri götürür gedir, bir də gördün FTX-nin adamları ilə qorxudur, bilmirik nə edək?!” –deyə şikayətlənib.
Maraqlı detallardan biri də sərhəd dəstəsinin milli tərkibi ilə bağlıdır. Bir müddət öncə sərhəd-buraxılış məntəqsindəki hərbi personalın tərkibi yerli ləzgi xalqının nümayəndələri hesabına dəyişdirilib. Sərhəd dəstəsində xidmət edən ruslar oradan çıxarılıb və əvəzində ləzgi xalqına mənsub sərhədçilər təyin edilib.
Şimal qonşumuz olan Dağıstan Respublikası dünyanın demoqrafik cəhətdən rəngarəng olan bölgələrindəndir. Beləki, 42 rayondan ibarət olan bu respublikada 32 millət yaşayır. Məhz buna görə də bir növ Qafqazın ən qaynar nöqtələrindən sayılan Dağıstan Respublikası demək olar ki, çətin idarə olunan ərazilərdəndir. Respublikada əsas söz sahibi avarlar olsa da, digər millətlərin də müəyyən maraqları təmin olunur. Ancaq bu maraqların təmin olunması da, demək olar ki, hüquqi müstəvidə deyil, qanundankənar vasitələrlə də həyata keçirilir.
Dağıstanda yaşayan əhalinin böyük bir hissəsi demək olar ki, mütəmadi olaraq ticarət məqsədi ilə Azərbaycana gəlib-gedirlər. Məlumat üçün deyək ki, Azərbaycan və Rusiya sərhəddində 5 keçid məntəqəsi var ki, bunlardan da 2-si yalnız piyadalar üçün nəzərdə tutulub. Usuxçay və Şirvanovka yaşayış məntəqələrinin ərazisində yerləşən postlardan əhali yalnız saat 9:00-dan 17:00-dək istifadə edə bilir. Digər Rutul, Samur və Yalama-Xan oba postlarından isə piyada və ya maşınla keçmək üçün prinsipcə hec bir vaxt məhdudiyyəti yoxdur.
Modern.az