Baş Prakurorluq korrupsiya cinayəti ilə bağlı yeni məlumatlar yayıb. Modern.az saytı xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Cəfərov Oqtay Səttar oğlu "Royalbank" ASC-yə qarşı depozit müqaviləsi əsasında banka qoyduğu 30 min manat pul vəsaitinin geri qaytarılması barədə Yasamal rayon məhkəməsi qarşısında iddia qaldırıb. Mülki işə məhkəmədə baxılarkən "Royalbank" ASC-nin Yasamal filialından 2009-2010-cu illər ərzində məxaric orderlərinə Oqtay Cəfərovun adından saxta imzalar edilməklə müxtəlif məbləğlərdə pul vəsaitlərinin cəmiyyətin Yasamal filialının keçmiş rəhbər vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Digər bir cinayət işi isə şəxsiyyət vəsiqəsinin saxtalaşdırılmaqla dövlət əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə başlanıb. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Zərdab şəhər sakini Səfərəliyeva Şəfəq Abdulməmməd qızı 26 dekabr 2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə müraciət edib və doğum tarixi saxtalaşdırılan şəxsiyyət vəsiqəsini digər sənədlərlə birlikdə ərizəsinə əlavə edərək pensiya təyini üçün əsas olan 51 yaşa çatdığını göstərib. Təqdim olunan sənədlər əsasında Fondun Zərdab rayon şöbəsində ona yaşa görə əmək pensiyası təyin edilib və bununla da Ş.Səfərəliyeva qeyd edilən tarixdən 30 noyabr 2011-ci il tarixədək 4.6 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam edir.
Modern.az