Modern.az

Deputat Sədaqət Vəliyeva: “Bizdə vərəm cavanlaşıb”

Deputat Sədaqət Vəliyeva: “Bizdə vərəm cavanlaşıb”

16 Dekabr 2011, 10:14

“Vərəmlə bağlı Dövlət Proqramı var. Bu gün vərəm xəstələrinin müalicəsi üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik. Bu istiqmətdə Səhiyyə Nazirliyinin xətti ilə də dərmanlar gətirilir. Vəziyəti ağır olan vərəm xəstəsinin davamlı müalicəsi 50 min manata başa gəlir və demək olar ki, bu, təmin olunur. Səhiyyə Nazirliyi buna çox ciddi fikir verir və bu gün həmin xəstələr üçün yüksək standartlara uyğun xəstəxana da tikilib istifadəyə verilib. İndi həmin xəstələrin müalicəsi gedir”.

Bu fikirləri Modern.az saytına millət vəkili, Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, ümumi səhiyyənin büdcəsindən vərəmə lazım olan birinci sıra dərmanlar dövlət tərəfindəntam təmin olunur.

Qeyd edək ki, son iki ildə Azərbaycanda bir neçə həkim xəstələrdən vərəmə yoluxub və bunun nəticəsində də dünyasının dəyişib.

Baş həkim deyib ki, hamı bilir ki, vərəm yoluxucu xəstəlikdir: “Hər bir insan ona yoluxa bilər. Burada sadəcə ciddi olaraq sanitar-gigiyena qaydalarına əməl olunmalıdır. İkinci bir tərəfdən hər bir insanın o mikroba qarşı həssaslığı müxtəlifdir. Ola bilər həmin həkimlərdə həssaslıq daha çox olub və o da müəyyən qədər sanitar-gigiyena qaydalarına ciddi əməl etmədiyinə görə, çox tez yoluxub. Mən 30 ildir ki, vərəm həkimi işləyirəm, göydə Allahın köməyi ilə, yerdə yəqin ki, xəstəliyi yaxşı bilməyim, özümü ondan qorumağa çalışmağım mənə kömək olub ki, hələlik yoluxmamışam. Özü də ən ağır xəsətələrlə işləmişəm. Açıq formada vərəmlərlə işləmişəm, 20 il xəstəxanada baş həkim olmuşam, həm də həkim işləmişəm, amma yoluxmamışam. Heç tibb bacılarımız da yoluxmayıb. Sadəcə olaraq insan gərək diqqətli olsun. Vərəm çöpləri hər yerdə var. Tək vərəm xəstəxanasında işləyənlər yoluxmur ki? Məgər bu qədər vərəmli xəstələr vərəm xəstəxanasında işləyib xəstələniblər? Xeyr. Vərəm çöpləri torpaqda, havada, suda, nəmişlik yerlərdə uzun illər yaşamaq qabiliyyəti olan mikroblardır. Hər birimizin bədənimizdə mikroblar var. Sadəcə olaraq immunitetin zəifləməsi həmin mikrobun fəaliyyətinin artmasına səbəb olur.   Bir çox risk deyilən xəstəliklər var. Onlar da bədənin immunitetini aşağı salır. Məsələn, mədə yarası, şəkər xəstəliyi, QİÇS-in yayılması bunlar hamısı vərəmə mümnbit şərait yaradırlar.
Əgər QİÇS varsa, biz burada mütləq vərəm axtarırıq. QİÇS aşkarlanan hər bir xəstə mütləq vərəm dispanserindən müayinədən keçir. Son anında QİÇS vərəm infeksiyası ilə nəticələnir. Və çox ağır bir proses əmələ gəlir”.

Baş həkim vərəmin daha çox nəmişlik zonalarında yarandığını deyir: “Bu mənada ola bilər bir az cənub zonasında bu məsələ daha çoxdur. Bilirsiniz, adət-ənənələri nəzərə almaq lazımdır. Bunlar hamısı rol oynayır.
Vərəm riskli, qorxulu xəstəlikdir. İnsanlar yaranandan vərəm də yaranıb. Hətta qədim eramızdan əvvəlki sümükləri də çıxartsaq orada vərəmin əlamətləri tapılar. Sadəcə, müəyyən illərdə onda azalma, müəyyən illərdə artım gedir. Onun da müəyyən səbəbləri var. Məsələn, müharibə dövründə infiksion xəstəliklər artır. Müharibə gedən ərazilərdə vərəm çoxalır. Amma elə yerlər var ki, vərəmdə stabilləşmə gedir. Bizim statistik məlumatlara baxsanız, görərsiniz ki, müəyyən illərdə stabilləşmə olub, yəni xəstəliyin artımı azalıb, burada ilk növbədə xəstəlik yayan, infeksiya mənbəyi olan xroniki xəstələrin ətrafdan təcrid olunmasıdır. Birinci növbədə vərəmlə mübarizə buradan başlamalıdır. Həmin xroniki xəstələr təhlükəli xəstəlik mənbəyidir. Birinci mübarizə buradan başlayır. Biz sovet məktəbini belə öyrənmişik”.

Deputat deyib ki, indi bütün dünyada vərəm xəstəliyi geniş yayılıb:
“Hətta Amerikada da vərəm xəstəliyi yayılıb. QİÇS harada yüksəkdirsə, orada vərəm də yüksəkdir. Artıq demək olmaz ki, Azərbaycanda azdır, burada çoxdur və s. Bu xəstəlik bizdə bir az cavanlaşıb. Əvvəllər xroniki xəstələr çox uzun illər yaşayırdılar, fəaliyyət göstərirdilər. Amma indi elə bil ki, xəstəlik cavanlaşıb. Bu xəstəliyə orqanizmin inkişaf dövründə, həssaslığın artıq olduğu dövrü daha tez yoluxa bilər, nəinki 90 yaşında insan. Gənc yaşlarda xəstələnmnə ehtimalı daha çoxdur, nəinki ahıl yaşlarda”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər