Modern.az

Hərbi çağırışda dəyişiklik

Hərbi çağırışda dəyişiklik

17 Dekabr 2011, 13:06

Xəstə çağırışçılar dövlət hesabına müalicə olunacaqlar

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun layihəsi dünən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəüsində ikinci oxunuşdan təsdiqlənərək plenar iclasa tövsiyyə edilib.

Modern.az saytı xəbər verir ki, dünənki toplantıda məlum olub ki, bu sənədin birinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdikləri təkliflər nəzərə alınıb. Komitənin üzvü Zahid Oruc Modern.az-a deyib ki, birinci oxunuş dövründə həm komitədə, həm də plenar iclasda irəliyə sürülmüş bir sıra təkliflər nəzərə alınıb:

“Onların bəziləri texniki xarakterlidir, qanunun dilinin təkmilləşdirilməsinə yönəlikdir və s. Bunlar da çox önəmlidir, çünki hər bir qanun daha yaxşı, işlək olur ki, bir tərəfdən birmənalı qəbul olunsun, onun izahı birmənalı olsun. İkinci tərəfdən də hər bir qanunda yalnız beynəlxalq hüquq sisteminin nəzərə alınması deyil, daha artıq dərəcədə ölkədaxili həyata bağlı normaların əks olunması gərəklidir”.

Millət vəkili bəzi məsələlərdə dəyişiklikləri mühüm amil kimi qiymətləndirib: “Bu, hərbi qeydiyyat zamanı 16 yaşına qədər olan şəxslərin sağlamlıq durumunda problemlər olduğu təqdirdə onların dövlət hesabına müvafiq tibbi müəssislərə müalicəyə göndərilməsidir. Bundan əvvəlki birinci oxunuş variantında bu belə yazılmışdı ki, mütləq müayinə və ya müalicəyə göndərilməlidir. Lakin kimin hesabına, hansı formada tənzimlənməliydi, bu, yox idi. Artıq indiki qanunvericilikdə bu, belə əks olunub ki, 16 yaşına qədər olan şəxslərin sağlamlıq durumunda problemlər olduğu təqdirdə onların dövlət hesabına müvafiq tibbi müəssislərdə müalicəsi gerçəkləşəcək, Bu, məcburi qaydada həyata keçiriləcək. İndiyə qədər ayrı-ayrı insanlar sadəcə bir tibbi ekspert komissiyasının gözəyarı baxışı ilə xidmətə cəlb olunurdular. Bu da sonucda ordunun ümumi komplektləşməsinə, ümumi vəziyyətinə, onun gücünə, müdafiə qabiliyyətinə mənfi təsir göstərirdi. Ona görə bu çox önəmli dəyişiklikdir. Bu, həm də onu göstərir ki, dövlət özünün kadr bankını tam sağlam insanlardan ibarət formalaşdırmaqda maraqlıdır”.

Z.Oruc özünün təklifinə olan reaksiyadan da danışıb: “Mən təklif etmişdim ki, ölkədə insanların bir yaşından tutmuş hamının bütün tibbi, fiziki, fizioloji informasiyaları toplansın. Bu tibbi informasiya bankı deyək, bunlar mütləq olaraq 16-18 yaşında - hərbi çağırış dövründə komissarlıqlara və yaxud müvafiq icra hakimiyyətinə verilsin. Komitənin iclasında qeyd olundu ki, bu, artıq tətbiq olunmaqdadır. Hətta belə fikirlər oldu ki, 15-16 yaşında adam ağır xəstəliklər keçirib, lakin sonra sağlamlığı bərpa olunubsa, 18 yaşından sonra xidmətə cəlb olunduğu dövrdən hansısa narazılıqlar yaşanarsa, bu əlahiddə sayılmayacaq ki, xəstəlik ancaq hərbi xidmətdə qazanılıb. Eyni zamanda müxtəlif başqa təkliflər də var idi. Xüsusilə, hərbi hazırlıq üçün dövlətin standartlarının müəyyənləşdirilməsi... Çünki bu, sadəcə hərbi dərslərlə məhdudlaşmır, eyni zamanda ali təhsili də əhatə edəcək məsələlərdir. Bunlar da nəzərə alınıb. Eyni zamanda, bir sıra digər müəddəalarda da dəqiqləşmələr gedib”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər