Modern.az

Yırtıcı iştahlar kənd təsərrüfatının inkişafına mane olur

Yırtıcı iştahlar kənd təsərrüfatının inkişafına mane olur

21 Dekabr 2011, 12:12

Azərbaycanın qeyri-neft sektorunda, xüsusilə aqrar sahədə vəziyyət bir o qədər də ürəkaçan deyil. Hər il bu sahəyə ayrılan maliyyə vəsaitinin həcmi artsa da, ölkə xaricdən idxal olunan ərzaq məhsullarından asılılıqdan qurtara bilmir. Halbuki, Azərbaycanın iqlim şəraitinə və büdcəsinə görə kənd təsərrüfatı sahəsində güclü inkişafa nail olmaq mümkündür. Bəs belədə buna nə mane olur? Nəzərə alsaq ki, bu sahə ölkə iqtisadiyyatının inkişafında mühüm rola malikdir, o zaman aqrar sektora hazırki münasibət təəccüblüdür.
Mütəxəssislər deyirlər ki, aqrar sahəyə yönəldilən vəsait konkret adamların cibinə, onların yırtıcı iştahına deyil, düzgün istifadəyə xərclənsə, müsbət nəticəyə nail olunar.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadcı Əli Məsimli Modern.az saytına açıqlamasında deyib ki, dünyada istehsal edilməsi mümkün olan kənd təsərrüfatı məhsulları növlərinin 90%-dən çoxunu Azərbaycanda istehsal etmək mümkündür. Buna ölkənin iqlim şəraiti də imkan verir, büdcəsi də.   

Ə.Məsimlinin sözlərinə görə, Azərbaycanda çoxsahəli, yüksək inkişaf etmiş kənd təsərrüfatı yaratmaq olar. Deputatın sözlərinə görə, aparılan təhlillər göstərir ki, xüsusən son dövrlərdə bu sahəyə əlavə sərmayə qoyuluşu, dotasiya ayrılması kənd təsərrüfatında müəyyən irəliləyişə səbəb olub. Ancaq əldə olunan nəticələr potensial imkanlarından xeyli geridir.
“İstənilən xarici mütəxəssis, yaxud da hansısa bir ölkənin səfiri Bakıdan rayonlara gedənə qədər boş torpaqları və torpaqlardan istifadənin səviyyəsini görür. Ölkəyə gələn qonağın dediyi iki məsələdən biri Azərbaycanın aqrar sahəsindəki potensialdan istifadənin səmərəliliyini artırmaqla bağlı olur”.

Ə.Məsimli təəssüf hissi ilə bildirir ki, hələki belə fikirlər ya tamamilə eşidilmir, ya da ki az eşidilir. Onun sözlərinə görə, kənd təsərrüfatının göstəriciləri və nəticələr arzu olunan səviyyədə deyil. “Ölkədə böyük potensialın müqabilində adambaşına gündə 1 manat, 10 qəpiklik kənd təsərrüfatı məhsulu istehsal edirik. Onun da ərzaq olmayan hissəsini çıxanda bu rəqəm daha da aşağı olur”.

Millət vəkili deyir ki, kənd təsərrüfatında xüsusi mülkiyyətə əsaslanan istehsala əngəllər yaradılmasa, insanlar kifayət qədər yüksək məhsuldarlıq əldə edə bilərlər.

Ə.Məsilmi deyir ki, bu sahədə çox ciddi xarakter daşıyan digər bir məsələ kənd təsərrüfatının maliyyə təminatı məsələsidir. Onun sözlərinə görə, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin 3-4%-i kənd təsərrüfatına yönəldilir.
“Torpaqlar şoranlaşmadan təmizlənsə, erroziyanın qarşısı alınsa, ekoloji problemlər həll edilsə, və torpağın həqiqi mənada kənd təsərrüfatı üçün yararlı vəziyyətə gətirilməsi üçün 200-250 milyon manat vəsait sərf edilsə, təxminən 5-6 il sonra müsbət nəticələr əldə etmək olar. Mən bunu xüsusi vuğulamaq istəyirəm ki, vəsait konkret adamların cibinə, onların yırtıcı iştahına yox, bilavasitə kənd təsərrüfatına yönəlsə, müsbət nəticəyə nail olmaq olar”.

Ə.Məsimlinin sözlərinə görə, diqqət və qayğı, düzgün yanaşma olacağı halda  5-6 ildən sonra Azərbaycanda kənd təsərrüfatı  sahəsində inqilabi nəticələrə nail olmaq olar. O bildirib ki, bu halda hər il orta hesabla 12 məhsul üzrə 8-10 % real artım ola bilər. Bunun da nəticəsində aqrar sahə ayağa qalxa bilər. Nəticədə həm Azərbaycanın özünün əhalisini ərzaq məhsulları ilə təmin etmək mümkün olar, həm yüngül sənaye xammalla təmin edilər, həm də idxal imkanları  genişlənər.

Ə.Məsimli deyir ki, aqrar sahə üzrə müsbət məqamları inkişaf etdirmək, mənfi məqamları aradan qaldırmaq istiqamətində islahatlar proqramının işlənilib hazırlanmasına və onun sistemli şəkildə mərhələlərlə 5-6 il müddətinə həyata keçirilməsinə ciddi ehtiyac var. Bu zaman kiçik, orta və iri təsərrüfatlara yer olmalıdır ki, aqrar sektorda iri, orta və kiçik kapitalın effektli kombinasiyasına nail olunsun. Əli Məsimlinin sözlərinə görə, bu halda Azərbaycanın kənd təsərrüfatı nəinki 9 milyonluq, hətta bundan 2-3 dəfə artıq əhalini təmin etmək səviyyəsində inkişaf edə bilər.

Sədaqət Süleymanova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər