Modern.az

16 Jeltoqsan (dekabr) 1986 - VIDEO

16 Jeltoqsan (dekabr) 1986 - VIDEO

21 Dekabr 2011, 13:18

1987-ci ildə Almaniyada hərbi qulluqda olduğum zaman əsgərliyə yeni gələn bir qazax balası heç vaxt eşitmədiyimiz olaylar haqqında danışardı. Soyadı Omarbekov olan bu balacaboylu oğlan deyirdi ki, 1986-cı ilin dekabr ayında Almatı da daxil olmaqla Qazaxıstanın bir sıra şəhərlərində gənclər ayağa qalxaraq Qorbaçov hakimiyyətinə etiraz edirmiş. Omarbekov da bir tibb tələbəsi və gənc olaraq həmin olaylarda yer alıbmış. Sonra buna görə onu oxuduğu universitetdən xaric ediblərmiş. Bu qazax balası deyirdi ki, o, hələ yaxasını yaxşı qurtara bilibmiş. Olaylarda ölənlər olub, özü də yüzlərlə. Üstəlik, həbs edilənlər, yaralananların da sayı minlərlə imiş.

Bir gənc olaraq, həm də Sovet dövlətinə sadiq birisi kimi, Omarbekovun danışdıqlarını o qədər də dərk edə bilmirdim. Əslində, bu olayların mahiyyətini anlamaq mənim üçün çətin idi. Qazax dostumun danışdıqlarını təsəvvür etməyə belə çətinlik çəkirdim. Çünki qapalı Sovet rejiminin sadiq bir əsgəri olaraq bu cür müxalif hərəkatları ağlımdan belə keçirə bilmirdim…

İllər keçdi, aylar ötdü. İndi dəmir pərdə yoxdur artıq. İnsanlar fikirlərini sərbəst şəkildə ifadə edə bilər. Tarixi olaylara da obyektiv qiymət vermə imkanlarımız var. Ancaq bununla bərabər bilgisizliyimizin də altını cızmağa məcburuq. Belə bilgisizliklərdən biri də 16 jeltoqsan (dekabr) 1986-cı ildə başlayan və şiddətli repressiyalarla bitən Almatı olayları ilə bağlıdır. Bəli, bu gün hələ də bir çox insanlar həmin müdhiş günlərdə nə baş verdiyindən xəbərsizdir.

1986-cı il dekabrın 16-da Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov Qazaxıstan SSR Kommunist Partiyasının I katibi Dinmuxamed Axmetulı Qonayevi vəzifəsindən kənarlaşdıraraq yerinə Qazaxıstanla heç bir əlaqəsi olmayan, milliyyətcə rus, RSFSR-in Ulyanovsk Vilayət Partiya Komitəsinin I katibi Gennadi Kolbini təyin etdi. Bu isə Qazaxıstanda ciddi etirazlara səbəb oldu. Elə həmin gün Almatı şəhərində bir qrup gənc Kommunist Partiyasının Mərkəzi Komitəsi önündə etirazlara başladı. Onların səsləndirdiyi şüarlar əsasən bunlar idi: “37-ci ilin təkrarına imkan vermərik!”, “Hər xalqa öz lideri!”, “İmperiya sərsəmliyinə son qoyulsun!”, “Özünütəyin hüququ tələb edirik!”.

Bu olaylar gözlənilməz olduğu üçün nə Qazaxıstan, nə də SSRİ hakimiyyəti onlara qarşı tədbirli deyildi. Bununla belə Sovet cəza maşını dərhal səfərbər edilib hərəkətə keçə bildi. Moskvanın təlimatı ilə şəhərlə telefon əlaqəsi kəsildi. Ardından da milis qüvvələri “Çovğun” kod adlı əməliyyatla etirazçıları dağıtmağa müyəssər oldu. Bu işdə xüsusi təyinatlı milis dəstələrinin imkanlarından geniş istifadə edildi. Həm də bu dəstələr Sibir Hərbi Məktəbinin kursantlarından təşkil edilərək Almatıya yeridildi. Təbii ki, etirazları dağıtmaq üçün təşkil edilən milis qüvvələrinin çoxunu ruslar təşkil edirdi.

16 jeltoqsan etirazının yatırılması sonucu bir çox insanlar xəsarət aldı. Üç nəfər həlak oldu. Yüzlərlə insan həbs edildi. Təbii olaraq bu xəbər Almatı və Qazaxıstanın başqa vilayətlərinə yayıldı. Milisin və Sovet hakimiyyətinin dinc nümayişçilərə qarşı qəddar davranışları bir anda yeni-yeni insanların hiddətinə səbəb oldu, dekabrın 17-də və 18-də daha iri miqyaslı etiraz aksiyaları keçirildi. Bu aksiyalarda heç bir təşkilatçının olmaması ondan xəbər verirdi ki, qazax xalqının hər bir fərdi uzun illərdir qəlbində gəzdirdiyi bağımsızlıq arzusu uğruna imperiya mərkəzi olan Moskvaya etiraz üçün bir fürsət gəzirmiş. Düzdür, sonrakı illərdə yazılan bəzi yazılarda qeyd olunur ki, 16 dekabr və sonrakı olayların təşkilatçısı rolunda gizli də olsa indiki prezident, həmin günlərdə Qazaxıstan SSR Nazirlər Şurasının sədri olan Nursultan Nazarbayev çıxış edirmiş. Belə iddia edilir ki, Nazarbayev hələ o zamanlar qazax olmayanların respublikada vəzifə başına gətirilməsinə heç də sıcaq yanaşmırmış. Həm də nəzərə alsaq ki, rus dilini bilməyən qazaxlar ümumiyyətlə dövlət vəzifəsi tuta bilməzdilər, Nazarbayevin bu əndişəsi başa düşüləndir.

16 dekabrda başlayan etirazlar ayın 25-dək davam etməklə Almatı dışında Qarağandı (Karaqanda) da daxil olmaqla bir sıra böyük şəhərlərdə özünü göstərdi. Ancaq heç bir təşkilatçının və hazırlığın olmaması üzündən bu olaylar şiddətli bir şəkildə yatırıldı və hətta Sovet İttifaqı xalqlarının ondan xəbəri də olmadı. Yalnız bir neçə il sonra açıqlanan rəqəmlər olayların yetərincə iri miqyaslı olmasından xəbər verir.

Beləliklə, “16 jeltoqsan” adı alan olayların statistikası budur: Milis və başqa hüquq-mühafizə orqanları tərəfindən 8500 nəfər tutuqlandı. 1700 nəfərdən artıq şəxs ağır bədən xəsarətləri (əsasən kəllə-beyin xarakterli) aldı. Prokurorluq orqanlarında 5324, KGB-də (Dövlət Təhlükəsizliyi Komitəsi) 850 nəfər dindirildi. 900 nəfər inzibati cəzaya (qısa müddətli həbs, cərimə) məhkum edildi. 1400 nəfərə xəbərdarlıq elan olundu. 319 nəfər işdən azad edildi. 309 tələbə universitetlərdən qovuldu. 99 nəfər cinayət məsuliyyətinə cəlb edildi və onlardan biri – 20 yaşlı Qayrat Noğaybayulı Rısqulbekov 1988-ci il mayın 21-də hələ də tam aydın olmayan şəraitdə öl(durul)dü. Onu da qeyd edək ki, bu gəncə ölüm hökmü çıxarılmışdı və sonradan hökm 20 illik həbslə əvəz edilmişdi. 1992-ci ildə, artıq bağımsız Qazaxıstan Respublikası həmin olayların bütün iştirakçıları kimi Qayrata da bəraət verdi. Bununla da qalmayaraq prezident Nursultan Nazarbayev 1996-cı ildə onu “Xalq qəhrəmanı” adına layiq gördü (ölümündən sonra).

Həmin olayların dağıdılması zamanı həm də ölənlər oldu. Özü də nə az, nə çox: düz 174 nəfər! Üstəlik, öldürülənlərin dəfni gizli şəkildə həyata keçirildi. Həm də toplu məzarlarda. Öldürülənlərdən 168-i cəmi 58 məzarda dəfn edildi o günlərdə. Bundan məqsəd baş verən olayların miqyasını gizlətmək idi. Çünki Sovet hakimiyyəti başa düşürdü ki, olaylarda tətbiq edilən qəddarlıq haqqında bilgilər nə qədər geniş yayılsa, etirazlar daha da artacaq…

16 jeltoqsan 1986-cı il olayları Qorbaçovun başçılığındakı Sovet İttifaqının dağılmasının başlanğıcı oldu əslində. Bəzən iddia edilir ki, SSRİ-ni dağıdan olayların ilki Baltikyanı ölkələrə aiddir. Halbuki bunlardan Litvanın bağımsızlıq hərəkatı “Sayudis”in qurulması 3 iyun 1988-ə, Estoniya Xalq Cəbhəsinin qurulması həmin ilin aprelinə, Latviya Xalq Cəbhəsinin qurulması da eyni dövrə düşürdü. Buna qədər həmin respublikalarda hər hansı açıq və iri həcmli hərəkətlənmələr müşahidə edilməmişdi. Qazaxıstanda baş verənlər isə Sovetlərə və özəlliklə rus dominantlığına qarşı on minlərlə insanın açıq və qərarlı hərəkətlənmələri idi. Bu da bir daha sübut edir ki, Qazaxıstan SSRİ-nin dağılmasının ilkin və qərarlı işartılarını hələ 1986-cı ilin dekabrında nümayiş etdirdi. Elə bunun nəticəsi idi ki, zorla Qazaxıstana rəhbər təyin edilən Kolbin 1989-cu ildə həmin vəzifədən uzaqlaşaraq yerini Nursultan Nazarbayevə verməli oldu. Nazarbayev də öz növbəsində prosesləri düzgün idarə edərək 1991-ci il dekabrın 16-da ölkəsinin bağımsızlığını rəsmiləşdirməsinə nail oldu. Və tarix də təsadüfən seçilmədi: 16 dekabr 1991! 16 dekabr 1986-cı ildə başlanan hərəkətlənmədən düz beş il sonra eyni gündə Qazaxıstan Respublikası bağımsızlığına qovuşdu. Və bu gün Qazaxıstan tarixinə 16 Jeltoqsan kimi düşdü. Bəzən iddia edilir ki, Qazaxıstan guya SSRİ-nin təbii olaraq dağılması sonucu dinc şəkildə bağımsızlığına qovuşub. Halbuki buna qədər bu ölkə 174 şəhid vermiş, minlərlə yurdsevər insanının Sovet zindanlarında işgəncələrə məruz qalması mərhələsini keçmişdi…




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər