“Qaz xətlərində sızma nəticəsində partlayışların baş verməsini birmənalı şəkildə boruların təzə və ya köhnə olması ilə əlaqələndirmək olmaz”. Bu sözləri Modern.az saytına açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tahir Kazımov deyib. O qeyd edib ki, Bakıda son vaxtlar sürətli şəkildə qaz xətlərinin yenilənməsi prosesi gedir. T.Kazımov qaz sızması nəticəsində partlayışların baş verməsinin başlıca səbəbinin insan faktoru olduğunu deyir.
Onun sözlərinə görə, heç kimlə razılaşdırılmadan qaz xətlərinin keçdiyi yerlərdə insanlar qazıntı, tikinti işləri aparır. Nəticədə borular zədələnir, qaz sızması baş verir ki, bundan qaynaqlanaraq da partlayışlar olur.
“Bir daha qeyd edirəm ki, bu hadisələrə birmənalı olaraq boruların köhnə və ya təzə olması deyil, ilk növbədə insan faktoru səbəb olur. Razılaşdırılmadan qanunsuz işlər həyata keçirirlər və bu da xoşagəlməz hadisələrlə nəticələnir”.
Tahir Kazımov deyir ki, bu yaxınlarda Binəqədi qəsəbəsində, eyni zamanda Buzovna qəsəbəsindəki 234 saylı orta məktəbdə qaz sızması nəticəsində baş verən partlayışlar da insan faktoru səbəbindən törənib.
“Bu yaxınlarda Binəqədi qəsəbəsində yaşayış evinin qarşısındakı ərazini düzəltmək üçün sakinlər qazıntı işləri aparıblar. Həmin yerdən də qaz boruları keçir. Qazıntı nəticəsində bilmədən borunu zədələyiblər və buna fikir vermədən üstünü asflatlayıblar. Nəticədə qaz sızmasından partlayış oldu, yaxşı ki, heç kim xəsarət almadı.
Noyabrın əvvəllərində, Buzovna qəsəbəsindəki 234 saylı orta məktəbin 3-cü mərtəbəsinin sanitar hissəsində partlayış olmuşdu. Burada da eyni məsələdir. Məktəbin yaxınlığındakı qazanxanaya yeni qaz xətti çəkilib. Məktəbin kanalizasiya borusu da qaz xəttinin üstündən keçir. Kanalizasiya borusu dəyişiləndə fəhlələr qaz xəttini zədələyiblər. Bunu hətta özləri də etiraf edir. Deyirlər ki, “baxdıq, gördük sızma yoxdur, heç bir iy yoxdur, üstünü asflatladıq və işimizə davam etdik”. Nəticədə qışda qazanxanaya qaz verilərkən zədələnən hissədə sızma olub və qaz kanalizasiyaya daxil olub. Sonrada məlum hadisə baş verib.
Göründüyü kimi bu partlayışlar qaz borularının fiziki baxımı ilə əlaqədar deyil. Bunlar hamısı insan faktoru nəticəsində baş verir”.
T.Kazımov Bakıda bütün qaz xətlərinin dəyişildiyini, yalnız köhnə boruların mədən zonalarında qalma ehtimalının olduğunu vurğulayıb.
“Əminliklə deyə bilərəm ki, Bakıda bütün borular dəyişdirilib, yeniləri ilə əvəz olunub, köhnə qaz xətləri ancaq mədən zonalarında qalar ki, onların da dəyişdirilməsi istiqamətində işlər gedir. Qaz təsərrüfatı yeniləndirmə istiqamətində xeyli işlər görür”.
Aytən ƏLİYEVA