Modern.az

Azərbaycanda ailəsinin imtina etdiyi uşağı amerikalı ailə övladlığa götürüb

Azərbaycanda ailəsinin imtina etdiyi uşağı amerikalı ailə övladlığa götürüb

Ölkə

9 Yanvar 2012, 14:35

“2011-ci ildə Azərbaycanda 7 uşağın əcnəbi vətəndaşlar tərəfindən övladlığa götürülməsi prosesi olub”. Bu sözləri Modern.az saytına açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığagötürmə sektorunun müdiri Vəsilə Möhsümova 

deyib. Onun sözlərinə görə xarici vətəndaşlara övladlığa verilən uşaqlardan 5-i qız, 2-i oğlandır.

“Həmin uşaqlardan 3-ü Rusiyada yaşayan azərbaycanlılar tərəfindən övladlığa götürülb. Azərbaycandan Rusiyaya işləmək üçün gedən bu insanlar Rusiya Federasiyasının vətəndaşı kimi bizə müraciət ediblər və əsasən öz qohumlarının, yəni bacısının, qardaşının uşaqlarını övladlığa götürüblər. Bu ailələrdə hər iki valideyn, həm ata, həm ana azərbaycanlıdır”.

V.Möhsümova digər bir uşağın da azərbaycanlı ailəyə verildiyini qeyd edib. Daha dəqiq həmin ailədə ana azərbaycanlı, ata isə Türkiyə vətəndaşıdır.
“Qadın ailə qurduqdan sonra əvvəlki nikahdan olan uşağını hazırkı həyat yoldaşının övladlığa götürülməsini istəmişdir. Yəni burada uşağın ögey ata tərəfindən qəbulu prosesi həyata keçirilib”.

Qalan 3 uşaqdan biri isə Fransa vətəndaşına övladlığa verilib. Bu ailədə də ana əslən Təbrizdəndir, yəni azərbaycanlıdır.

Sektor müdiri digər 2 uşağın isə Amerika ailələrinə övladlığa verildiyini qeyd edib.

“Amerika ailələrinə verilən hər iki uşaq anadangəlmə qüsurludur. Birinin qolu dirsəkdən aşağı inkişafdan qalıb, qolunun yarısı yoxdur. Bu oğlan uşağı qüsurlu doğulduğu üçün öz ailəsi tərəfindən yazılı formada imtina edilib. Digər uşağın isə anadangəlmə beyin problemi olub, üzərində şuntlama əməliyyatı aparılıb. Bu uşaq atıldığı üçün qohumları və yaxınları məlum deyil”.

Vəsilə Möhsümova Fransa vətəndaşına verilən uşağın da anadangəlmə qüsurlu olduğunu bildirib.

Sektor müdiri Amerika vətəndaşlarına verilən hər iki uşağın dəfələlərlə Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən azərbaycanlı, yəni yerli ailələrə göstərildiyini vurğulayıb. Lakin onların qüsurlu olması səbəbindən azərbaycanlı ailələr o uşaqları övladlığa götürməyiblər.

“Ümumiyyətlə, azərbaycanlı ailələr daha çox sağlam uşaqları övladlığa götürmək istəyirlər. Yəni qüsurlu uşaq götürüb onun müalicəsi ilə məşğul olmaq istəmirlər”.

Vəsilə Möhsümovanın sözlərinə görə, bu cür uşaqlar xarici vətəndaşlara övladlığa verilərkən əcnəbilər qarşısında həmin uşaqları daim müalicə edəcəkləri barədə tələb qoyulur və onlar bununla razılaşır.

“Onlar həm bizə yazılı formada, həm də məhkəmə qarşısında zəmanət verirlər ki, daim həmin uşaqların müalicəsi ilə məşğul olacaqlar.

Məsələn, qolu qüsurlu olan uşağı diplomat ailəsi övladlığa götürüb. Həmin ailə uşağı övladlığa götürərkən bildirib ki, müəyyən yaşa çatdıqdan sonra onun qoluna protez qoyula bilər və bununla da uşağın normal fəaliyyəti təmin edilə bilər”.

Sektor müdiri hər 2 ailə, eyni zamanda övladlığa götürən digər ailələrlə 3 il ərzində hər 6 aydan bir əlaqə saxlandığını bildirib. Həmin müddətdə bu ailələr uşaqlar haqqında, onların səhhəti, sağlamlığı, yaşayışı barədə sənədlər, videogörüntülər, şəkillər də daxil olmaqla geniş hesabatlar verirlər.

Hazırda Komitədə övladlığa götürülmə ilə bağlı 10 əcnəbi vətəndaşın müraciətinə baxılır. Vəsilə Möhsümova bunlardan ikisinin işinin artıq məhkəməyə təqdim olunduğunu qeyd edib.

“Onlardan biri yenə Rusiyada yaşayan azərbaycanlıdır, öz qohumunun uşağını övladlığa götürmək istəyir”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər