İyirmi ildən artıqdır ki, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistanın nəzarətindədir. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Azərbaycan ordusunun bir sıra yaşayış məntəqələrini azad etməsi nəzərə alınmasa, demək olar ki, bu sahədə nəinki irəliləyiş var, hər şey sıfır nöqtəsindədir.
Keçən müddət ərzində Torpaqların işğaldan azad olunması üçün Azərbaycan cəmiyyətində ən müxtəlif mövqelər sərgilənib.
Bəzu siyasi təşkilatlar zaman-zaman hakimiyyəti bu istiqamətdə əməli işlər görməməkdə günahlandırırlar. Bəs, siyasi partiyaların özləri hansı mövqedədir? Onlar məsələdən çıxış yolunu sülhdə, yoxsa hərbdə görürlər..?
AMİP hərbi-siyasi yola üstünlük verir
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov bildirib ki, işğal altındakı torpaqların azad olunması ilə bağlı mövqeləri açıq və birmənalıdır: “AMİP işğal olunan ərazilərimizin azad olunmasını hərbi-siyasi yolda görür. Bunlar biri-birini tamamlamalıdır. Partiya son parlament seçkilərindən öncə çox mükəmməl sənəd hazırlayaraq Azərbaycandakı bütün siyasi partiyalarla, qeyri-hökümət təşkilatları ilə müzakirə keçirdi. Həmin sənəd eyni zamanda baxılması üçün Milli Məclisə və Prezidentə göndərildi. Biz hesab edirik ki, problemin həlli Minsk qrupunun vasitəçiliyindən çıxarılmalı və bu problemin çözülməsini BMT öz üzərinə götürməlidir.
ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan olan Fransa və Rusiya Ermənistanla hərbi-siyasi müttəfiqdir. ABŞ isə birtərəfli olaraq ermənilərin maraqlarından çıxış edir”.
Əli Orucov bildirib ki, AMİP-in hazırladığı sənəddə o da göstərilib ki, daxildə milli həmrəyliyə nail olunmalı, Azərbaycan hərbi-strateji müttəfiqlərinin sayının artırılması istiqamətində fəaliyyətini genişləndirməlidir. AMİP-də hesab edirlər ki, Azərbaycanın BMT Təhklükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi əlverişli fürsətdir.
BQP: “Bütün hallarda sülh yoluna üstünlük veririk”
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib ki, siyasətdə konkret hansısa yolun tərəfdarı olmağı söyləmək düzgün deyil: “Elə situasiyalar var ki, orada sülh yolu ilə prosesi həll etmək prespektivi varsa təbii ki, sülh yolunun tərəfdarıyam. Müharibə variantına isə tam hazırlıqlı olduqdan sonra tərəfdar çıxmaq olar. Amma mən bugünkü Azərbaycanda hakimiyyətin hərbi imkanlarının nə olduğu, gerçək durumun müharibə aparmağa yetərli olub-olmadığı haqqında məlumata sahib deyiləm. Ona görə də bu şərtlər altında məğlub ola biləcəyimizdən ehtiyatlanaraq müharibə aparmağın da tərəfdarı deyiləm. Amma bütün hallarda sülh yoluna daha çox üstünlük verirəm”.
YAP: “Sülh danışıqlarının tükənmədiyini düşünürük”
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bu mövzuda səsləndirdiyi bəyanatlarda bildirib ki, Azərbaycan işğal olunmuş ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası istiqamətində səylərini sülh danışıqları yolu ilə həyata keçirmək istəyir.
“Biz də təbii ki, Azərbaycanın işğal olunmuş ərazilərinin sülh yolu ilə geri qaytarılmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyirik və bunu tələb edirik. Ali Baş Komandanın qeyd etdiyi kimi, bu, yeganə həll yolu deyil. Əgər sülh yolu dalana dirənərsə, başqa alternativ yol qalmayacağı təqdirdə Azərbaycan hərb yolunu seçmək məcburiyyətində qalacaq. Ancaq hazırda biz sülh danışıqlarının tükənmədiyini düşünürük”.
Ədalət Partiyası da öncə sülh yolunu seçir
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov isə qeyd edib ki, istənilən halda ən yaxşı variant sülh yoludur: “Əgər qarşı tərəf Azərbaycan torpaqlarını işğaldan azad etmirsə, işğalçı siyasətini davam etdirirsə, bu zaman Azərbaycanın müharibədən başqa bir yolu qalmır. Ona görə də hesab edirəm ki, biz torpaqlarımızı azad etməliyik. Azad etmək istəyini ortaya qoymaq üçün isə bütün gücümüzü səfərbər etməliyik. Biz Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmalıyıq, əks təqdirdə bunu nə zaman bağışlıyacaq, nə də ki, gələcək nəsillər”.
BAXCP: “Ermənistana bir il vaxt verilməlidir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyir ki, onlar məsələnin hərbi yolla həllinin tərəfdarıdırlar: “Biz həmişə bəyan etmişik ki, Azərbaycan torpaqlarının sülh danışıqları ilə azad edilməsinin prespektivini görmürük. BAXCP hesab edir ki, Ermənistana və beynəlxalq təşkilatlara bir il müddətinə konkret vaxt verilməlidi. Bu bir il müddətdə əgər Ermənistan, beynəlxalq təşkilatlar və xarici güclər, xüsusilə də ATƏT-in Minsk qrupun həmsədrləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün Ermənistana təzyiq göstərməsələr, o zaman Azərbaycan hərbi əməliyyatlara başlayaraq öz torpaqlarını işğaldan azad etməlidir”.
KXCP: “Torpaqlar ancaq hərbi yolla azad olunmalıdır”
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun isə fikri çox kəski və birmənalıdır: “Azərbaycan torpaqlarının işğaldan azad olunmasının bir yolu var. Torpaqlar hansı yolla işğal olunubsa, o yolla da azad olunmalıdır. Söhbət işğaldan gedirsə, o torpaqlar ancaq hərbi yolla azad olunmalıdır. Hərb yolu ilə işğal olunan torpağı sülh yolu ilə azad etməzlər. Bu mümkün olan şey deyil, dünyada da belə bir şey yoxdur”.
AXCP: “Hərbi əməliiyyatı son variant kimi nəzərdən keçirə bilərik”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bildidb ki. Təmsil olunduğu siyasi düşərgə məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır: “Biz məsələnin sülh yolu ilə çözülməsinin tərəfdarıyıq. Ancaq sülh yolu məsələnin heç də ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların lüzumsuz yerə uzadılmasından keçmir. Bundan ötrü Azərbaycanın ilk növbədə hərbi potensialı güclü olmalıdır. Azərbaycan cəmiyyətində vətənpərvərlik əhval-rühiyyəsi yüksək olmalıdır və dövlətlə cəmiyyət arasındakı uçurum aradan qalxmalıdır. Ermənistan anlamalıdır ki, sülh yolu ilə torpaqları azad etməsə, Azərbaycanın hərbi gücü qarşısında aciz qalacaq. Eyni zamanda, Azərbaycan xarici siyasətində kifayət qədər müttəfiqlər qazanmalıdır və Ermənistana beynəlxalq səviyyədə spesifik təzyiqlərin göstərilməsinə nail olmalıdır. Bütün bunlar məsələnin sülh yolu ilə həllinə real təminat yaradacaq. Təəssüflər olsun ki, indiyə qədər bu istiqamətdə real addımlar atılmadığına görə, sadəcə olaraq məsələ Ermənistanın insafına buraxıldığı üçün sülh yolu effekt vermir. Sülh yolu müharibə etməmək deyil. Sülh yolu ilk növbədə qeyri-hərbi təzyiq mexanizimlərinin işə salınması üçündür. Azərbaycanın xarici siyasətində və eyni zamanda daxili siyasətində bu istiqamətdə uğursuzluqlar olduğu üçün sülh yolu fayda vermir. Hərbi əməliiyyatı son variant kimi nəzərdən keçirə bilərik”.
Mail Ağaxanov