Modern.az

Ramiz Zeynalov yol polisinin işi barədə Ramil Usubova hesabat verib

Ramiz Zeynalov yol polisinin işi barədə Ramil Usubova hesabat verib

Ölkə

17 Yanvar 2012, 21:22

Yanvarın 17-də Baş Dövlət Yol Polisi İdarəsində 2011-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. DIN-in mətbuat xidmətinən Modern.az-a verilən məlumata görə, nazir əməliyyat müşavirəsində ötən il DYP xidməti əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırıldığını, respublikamızın ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsinə başlanıldığını, ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyinin təmini ilə bağlı 13 qanun, fərman və sərəncam imzalandığını vurğulayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov isə deyib ki, 2011-ci il ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 892 min 409 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 18 min 233, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 100 min 755, ötmə qaydalarının pozulması üzrə 13 min 940 fakt aşkar ediblər. 

R.Zeynalov bildirib ki, hərəkətin təhlükəsizliyinin təmini ilə yanaşı yollarda baş vermiş digər  cinayət hallarına qarşı mübarizə sahəsində də bir sıra işlər görülüb, DYP əməkdaşları tərəfindən 12 ədəd Kalaşnikov avtomatı, 4 tüfəng, 6 tapança, 1 əl qumbarası, 1429 ədəd müxtəlif çaplı patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib. Polisin digər xidmətləri ilə birgə 36 fakt üzrə 43 kiloqramdan çox narkotik maddə aşkar olunub. 2011-ci il ərzində Baş İdarəyə 181 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan da 168-i tapılıb.

O da qeyd olunub ki, ötən il 73 min 337 avtomobil ilkin qeydiyyata alınıb, respublikanın avtomobil parkının sayı 1 milyon 49 mindən artıq olub. Qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 65 nəfər və 258 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 412 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışın keyfiyyətinin yüksəldilməsi məqsədilə 15 cərgəlik ən müasir tələblərə cavab verən yeni diaqnostika stansiyası istifadəyə verilib.

R.Zeynalov təəssüflə bildirib ki, ötən il yol-nəqliyyat hadisələrinin, bu zaman ölən və yaralananlarının sayının artması da qeydə alınıb. Belə ki, il ərzində respublika ərazisində 2890 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1016 nəfər həlak olub, 3031 nəfər yaralanıb. 2010-cu illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 169 (6,2 faiz), həlak olanların sayı 91 nəfər (9,8 faiz), yaralananların sayı isə 160 nəfər (5,6 faiz) artıb. 

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,6 faizi (2707) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 45 faizi (1302) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,2 faizi (671) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 3 faizi (88) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Hadisələrin 38,7 faizini (1119) piyadaların vurulması təşkil etmiş, nəticədə 392 piyada həlak olmuş, 803-ü yaralanıb. 

Ölkə başçısının DYP xidmətinə olan diqqət və qayğısına, sosial problemlərin həllinin daim nəzarətdə saxlanmasına, müvafiq fərmanla cərimələrdən toplanmış maliyyə vəsaitinin 25 faizinin aylıq vəzifə maaşlarına əlavə edilməsinə baxmayaraq hələ də bəzi əməkdaşlar tərəfindən xidmətdə neqativ hərəkətlərə yol verildiyi təəssüflə qeyd edilib. Nəticədə ötən il bu və digər nöqsanlara görə 697 əməkdaş cəzalandırılıb, 39 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 20 əməkdaş isə tutduğu vəzifədən azad olunub. 

Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov Dövlət Yol Polisi xidmətindəki bəzi nöqsan və çatışmazlıqların da olduğunu xatırladıb, onların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

O deyib ki, DYP-nin qüvvə və vasitələri əsas etibarı ilə yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa təsir göstərən kobud qayda pozuntularının, xüsusən sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi kimi inzibati xətaların aşkarlanmasına yönəlməli, piyadaların vurulması ilə nəticələnən hadisələrin  qarşısının alınması istiqamətində profilaktik tədbirlər gücləndirilməlidir. Eyni zamanda, yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb olunmaları davamlı həyata keçirilməli, bu istiqamətdə  əhalinin maaarifləndirilməsinə xüsusi diqqət yetirilməli, kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunmalıdır.

 Hərəkətin təhlükəsizliyinin təminində müasir texnologiyaların tətbiqinin və səmərəli istifadəsinin əhəmiyyətini vurğulayan nazir vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət olunmasının, yol polisi əməkdaşlarının nümunəvi davranışının, mövcud qanunvericiliyin tələblərini dərindən bilmələrinin və ona əməl etmələrinin, yüksək peşəkarlıqları ilə insanların rəğbətini qazanmalarının zəruriliyini qeyd edib. 

Çıxışının sonunda daxili işlər naziri polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılmasına DİN rəhbərliyinin böyük önəm verdiyini diqqətə çatdırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər