2012-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 123,9 min nəfər və ya 1,4 faiz artaraq 9 milyon 235 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, hazırda əhalinin 53 faizi şəhər, 47 faizi kənd yerlərində yaşayır. Əhalinin 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Azərbaycanda hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür.
Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir. 2011-ci il ərzində ölkədə 175,4 min nəfər körpə doğulub ki, bu da son 17 ildə ən yüksək göstəricidir. 2010-cu illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,5-dən 19,4-ə qədər artıb. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır. Körpələrin 1506-sı əkiz, 33-ü üçəm olub.
Ötən il doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilib.
Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,4 uşaq düşür, bununla da ölkədə əhalinin təkrar istehsalı təmin olunur.
Modern.az