Gülnarə Əliyeva
Sizcə, orta və yaşlı təbəqənin hər bir fərdini “böyümüş adam” hesab etmək olar? Sual bir az müəmmalı, anlaşılmaz və ziddiyyətli səslənə bilər. Bu dəfə aramızdakı böyüməyən adamlardan danışacağam.
“Böyümək” ... Bu məfhumu ilk baxışdan insanın cismani inkişafı kimi anlayırlar. İnsan elə bir məxluqdur ki, hələ uşaqkən körpə ağlı və özünəməxsus düşüncəsi ilə böyüməyə can atır. Həyatın mürəkkəbliyini və necəliyini anlamadan ... Böyüyür də bəlli bir yaşa qədər ... Böyümə prosesi eyni zamanda ağılda, təfəkkürdə, təxəyyüldə də formalaşır. Ancaq, bu proses hər kəsdə eyni səviyyədə getmir. İnsanın ağlına, təfəkkürünə görə böyüməsi nisbi məsələdir. Buna yaş, mühit və həyat tərzi də təsir edir. Elə bu yerdə çürümüş və şablonlaşmış atalar sözümüzü xatırlatmalı olacağam: “Ağıl yaşda deyil, başdadır”. Bu fikirlə yəqin ki, çoxlarınız razılaşarsınız. Bəzən, yeniyetmə bir adam ağıllı fikri, davranışı, hərəkəti ilə orta yaşlı adamı geridə qoyur. Yeniyetmənin düşüncə tərzi, təfəkkürü orta yaşlı adamdakı eyni keyfiyyətlərdən üstün olur. Bu yeniyetməni yaşından əvvəl böyümüş adam hesab etsək, onda orta yaşlı adamı böyüməyən adam adlandırmalıyıq !?
Cəmiyyətimizdə qəribə bir xüsusiyyət formalaşıb: “Yaşlı və iş stajı çox olan insan təcrübəlidir. İşi (vəzifəni) də təcrübəli şəxsə etibar etmək lazımdır”. Elə bu düşüncə ilə yaşayaraq, bir də ayılmışıq ki, cəmiyyətimiz artıq qocalıb və biz də bu qoca cəmiyyətin fərdləriyik. Əgər bu gün cəmiyyətimiz yaşlı nəslin idarəçiliyində, təlim-tərbiyəsindədirsə, demək söylədiklərimizdə həqiqət var. Halbuki, böyük ideyalara sahib olan bacarlıqlı, savadlı gənc kadrlar da var. İkincilərlə müqayisədə birincilər hazırkı dövrün böyüməyən adamlarıdırlar. Təəssüfləndirici hal isə odur, aramızdakı bu böyüməyən adamlar böyümək istəyənləri qəbul edə bilmirlər və onların yollarına sədd çəkirlər.
Bir sıra dünya ölkələrindən fərqli olaraq, Azərbaycanın dövlət idarəçiliyində yaşlılar üstünlük təşkil edirlər. Yaşlı insanların idarəedicilikdə həddən artıq mühafizəkarlığa yol verdiyi isə danılmaz faktlardandır. Yəqin siz də yaşlıların yeniliklərə qarşı münasibətlərinin birmənalı olmadığını hiss etmisiniz. Aramızdakı belə böyüməyən adamların cəmiyyətin əsas sahələrinə “yiyələnməsi” elə cəmiyyətimizin də böyüməsinə mane olur. Əgər yaşlı müəllim təhsildə yeni tətbiq olunan kurikulum tədris metodunu qavraya bilmirsə, dövlət idarəsində çalışan yaşlı məmur yeni texnologiyalardan istifadə edə bilmirsə, və ən əsası belə bir vəziyyətdə öz işlərindən möhkəm yapışaraq, böyümək istəyən gənclərə yol vermirlərsə demək cəmiyyətimiz inkişafa deyil, məhvə doğru gedir...
Maksim Qorkinin müdrik bir fikri var: “Sabah nə edəcəyini bilməyən insan bədbəxtdir”. Sabahın planını isə sabahın tələblərinə uyğun qurmaq gərəkir. Hər üzümüzə açılan sabah isə bir yeniliyi özü ilə gətirir. Yerində sayan, yenilikləri qəbul etməyən, elmi-texniki tərəqqinin cəmiyyətə verdiyi imkanlardan yararlanmayan insan cəmiyyətin ən böyük düşmənidir.