Yanvarın 25-də “Eurovision” Mahnı Müsabqiəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasim keçiriləcək. Modern.az-ın məlumatına görə, həmin gün “Buta Palace” sarayında “Eurovision” Mahnı Müsabiqəsinin Açar Təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin loqo və şüarının prezentasiyası olacaq.
Açar Təqdimetmə
Müsabiqənin əsas mərasimlərindən olan bu mərasimdə “Eurovision 2011”-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers “Eurovision” Mahnı Müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı “Eurovision 2012”-yə ev sahibliyini rəsmən qəbul edəcək.
Püşkatma mərasimi
“Buta Palace”da keçiriləcək Açar Təqdimetmə mərasimindən sonra “Eurovision-2012” Mahnı Müsabiqəsinin yarımfinallarında iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. Həmçinin "Böyük beşliyin" (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunacaq.
Yarımfinal mərhələlərində iştirak edən ölkələrin Eurovision 2012-də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.
Loqo və şüar təqdimatı
Tədbirin vacib məqamlarından biri isə “Eurovision-2012” Mahnı Müsabiqəsinin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm “Eurovision” axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.
2004-cü ildən etibarən “Eurovision” Mahnı Müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli loqosu var. Buna baxmayaraq hər il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.
“Eurovision-2012” Mahnı Müsabiqəsinin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən “Eurovision” Mahnı Müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə edib.
May ayının 22, 24-də “Eurovision 2012”-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən 5 ölkə-Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.
Modern.az