Modern.az

Qarabağın xilası - hərb, yoxsa sülh? - Partiyaların mövqeyi- II YAZI

Qarabağın xilası - hərb, yoxsa sülh? - Partiyaların mövqeyi- II YAZI

28 Yanvar 2012, 13:29

İyirmi ildən artıqdır ki, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistanın nəzarətindədir. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Azərbaycan ordusunun bir sıra yaşayış məntəqələrini azad etməsi nəzərə alınmasa, demək olar ki, bu sahədə nəinki irəliləyiş var, hər şey sıfır nöqtəsindədir.

Keçən müddət ərzində torpaqların işğaldan azad olunması üçün Azərbaycan cəmiyyətində ən müxtəlif mövqelər sərgilənib.

Bəzi siyasi təşkilatlar zaman-zaman hakimiyyəti bu istiqamətdə əməli işlər görməməkdə günahlandırırlar. Bəs, siyasi partiyaların özləri hansı mövqedədir? Onlar məsələdən çıxış yolunu sülhdə, yoxsa hərbdə görürlər..?

Müsavat Partiyası: “Sülh alınmırsa, hərbə üstünlük veririk”

Müsavat Partiyasının (MP) başqan müavini Tofiq Yaqublu bildirib ki, təmsil olduğu siyasi partiya Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarıdır:
“Müsavat Partiyası birmənalı şəkildə bu konfliktin sülh yolu ilə həllinin tərəfdarıdır və bunu çox real hesab edir. Çox təəssüf ki, hakimiyyət Qarabağ  probleminin sülh yolu ilə həll edilməsini gülüş hədəfinə gətirib çıxarıb. Qarabağ  probleminin indiyə kimi həll olunmaması, o cümlədən sülh yolu ilə heç nəyə nail olunmaması, Azərbaycan iqtidarı ilə bağlıdır. Çünki nə qədər Azərbaycanda xalqın seçdiyi, xalqın formalaşdığı legitim hakimiyyət xalqın adından danışa bilmir, deməli o bu xalqın problemini həll edə bilməyəcək. Hər zaman fikirlər səsləndirilir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın illik dövlət büdcəsindən çoxdur, yaxud da ona bərabərdi. Onda əgər torpaq işğal olunubsa, ordudan  torpağın işğaldan azad olunması üçün istifadə edilmirsə, bu ordu bizim nəyimizə lazımdır. Müsavat Partiyasının mövqeyi sülh yolu ilə torpaqları işğaldan azad etməkdir, alınmasa ikinci varianta, hərbə üstünlük veririk”.

Ümid Partiyası: “Danışıqlar gedirsə, gözləməliyik”

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Dağlıq Qarabağ məsələsin konkret olaraq hansı yolla həll olunması ilə bağlı bir şey deyə bilməyəcəyini bildirib: “Ona görə ki, Qarabağ problemi ilə bağlı doğru informasiyaya malik olmadan, aparılan danışıqların mahiyyətini bilmədən, Azərbaycanla Ermənistan arasında danışıqlar gedən bir vaxtda  konkret olaraq məsələnin hansı yolla həll olunmasının mümkünlüyünü demək doğru deyil”.

Liberal Partiya: “Qarabağ problemi Göyçə, Zəngəzura baxanda ikinci dərəcəlidir”

Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxan bildirib ki, Azərbaycan cəmiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin adını, mahiyyətini hələ düzgün dərk edib düzgün diaqnoz qoya bilmir: “Bunun nəticəsidir ki, Azərbaycan bu problemi həll edə bilmir. Bütun Ermənistan ərazisindən azərbaycanlılar qovulduğu halda, nə  iqtidar, nə də müxalifət bu faktı qabardır. İqtidar hakimiyyətdə qalmaq üçün Azərbaycan xalqının mənafeyini güdmür, bəzi müxalif siyasi liderlər və partiyalar isə hakimiyyətə gəlmək üçün Ermənistandan qovulmuş azərbaycanlıların problemlərini qaldırmır. Əgər bu məsələ qaldırılsa, Qarabağ probleminin həlli ikinci plana keçər. Qarabağ problemi Göyçə, Zəngəzura baxanda ikinci dərəcəlidir. Müxalifətdə olanlar qorxurlar ki, bu məsələni qabartsalar, Qərb dairələri onların hakimiyyətə gəlməsinə mane olacaq, iqtidardakılar isə hesab edirlərki onların hakimiyyəti getməsinə rəvac verəcək. ALP hesab edir ki,  Ermənistan-Azərbaycan münaqişəsi ilk növbədə hüquqi həllini tapmalıdı. Yəni Dağlıq Qarabağ ermənilərinə veriləcək status Ermənistandan deportasiya olunan soydaşlarımıza da verilməlidir. Biz  Ermənistanda doğulmuş bütün azərbaycanlılara pasport tələb etməliyik. Əgər biz məsələni belə qoysaq, ondan sonra Qarabağın sülh yolu ilə həll edilməsi mümkün ola bilər. Yox, bunu qoymasaq, nə sülh, nə də hərb yolu ilə bu məsələnin həlli Azərbaycana fayda verəcək. Onu deyim ki, bəzi müxalif siyasi partiyaların Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair mövqeyi heç də iqtidarınkıdan fərqlənmir”.

Aydınlar Partiyası: “Qarabağ probleminin həlli üçün vaxt müəyyənləşdirilməlidir”

Aydınlar Partiyasının (AP) sədri Qulamhüseyn Əlibəyli Qarabağ  problemini həll etmək üçün birinci növbədə Minsk qrupun hazırki həmsədirlərinin fəaliyətindən imtina olunmasını təklif edir:
“Fransa Senatında qəbul edilən sənəd onu göstərdi ki, Fransa Minsk qurupun tərkibində ola bilməz. Daha sonra Qarabağ probleminin həlli üçün vaxt müəyyənləşdirilməlidir. Danışıqlar sonsuz vaxta qədər uzana bilməz, konkret olaraq bir vaxt müəyyənləşdirilməlidir ki, əgər danışıqlar bir nəticə verirsə versin, vermirsə Azərbaycan işğal olunmuş ərazilərini zor gücü ilə, hərbi yolla boşaltmaq imkanına malik olmalıdır. İşğal olunmuş torpaqlar azad olunduqdan sonra həmin torpaqlar minalardan təmizlənməlidir, qaçqın və məcbüri köçkünlərin öz yurd-yuvalarına qayıtması təmin olunmalıdır”.

ADİP: “Hərbi əməliyyatların törətdiyi fəsadlardansa, sülh yolunu axıra kimi davam etdirmək yaxşıdır”

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili  Asim Mollazadə məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: “Biz əminik ki, bu istiqamətdə bütün imkanlardan istifadə olunur. Düşunuruk ki, hansısa hərbi əməliyyatlardan istifadə etməkdənsə, mütləq sülh yolundan sona qədər istifadə olunmalıdır, bütün şanslardan axıra qədər istifadə olunmalıdır. Bir insanın həyatının itkisi və yaxud istənilən hərbi əməliyyatların törətdiyi fəsadlardansa sülh yolunu axıra kimi davam etdirmək yaxşıdır”.

 Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər