Modern.az

Azərbaycanda fransız mallarının boykotuna mane olanlar var

Azərbaycanda fransız mallarının boykotuna mane olanlar var

1 Fevral 2012, 12:38

Eyyub Hüseynov: “Bu aksiyanın uğurlu alınması üçün hökumətin dəstəyi lazımdır”

Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərə cəza tədbirini nəzərdə tutan qanun qəbul olunandan sonra Azərbaycanda da etiraz aksiyaları keçirilidi. Etiraz edənlərin bəziləri isə Azərbaycanda Fransa mallarını boykot çağırışı etdi. Bundan sonra "Facebook" sosial şəbəkəsində "Fransız mallarını boykot edək" devizli səhifələr yaradıldı və boykota qoşulanların sayı artdı. Bu səhifələrdə istifadəçilərə fransız məhsullarının və onların satıldığı mağazaların siyahısı təqdim edildi və onlardan istifadənin xalqımızın maraqlarına zidd olduğu vurğulandı.

Milli Məclisin bəzi deputatları da Azərbaycanda fransız mallarını boykot etmək təklifləri səsləndirdilər.

Amma aradan xeyli müddət keçsə də, Bakıda, eyni zamanda Azərbaycan ərazisində sözdə fransız mallarını boykot etmək çağırışı gerçəklikdə müşahidə olunmadı. Bakıda fransız malları satan ticarət obyektləri yenə əvvəlki qaydada öz işlərində, elə fransız malları axtaran azərbaycanlı müştərilər də həmçinin. Xüsusilə fransız parfümeriyası satan mağazalarda qələbəlik müşahidə olunur. Azərbaycan xanımları, xüsusilə imkanlılar bahalı fransız ətirləri almaq üçün sanki növbəyə düzülüblər. Elə bəzi imkanlı kişilər də həmçinin. Yəni satan satır, alan da alır...

Məsələn, Modern.az-ın əməkdaşı Bakıda fransız parfümeriyası satan “İdeal” mağazalar şəbəkəsində bunu müşahidə edib. Əməkdaşımız “İdeal”ın rəhbərliyindən fransız mallarını  boykot çağırışına münasibət öyrənmək istəsə də, qarşı tərəf bundan imtina edib.

“Sabina” mağazalar şəbəkəsində də əməkdaşımıza bu haqda danışmaq istəməyiblər. Bu mağazaların adlarını söyləməyən işçiləri bildiriblər ki, Fransada qəbul edilən hansısa qərarlara görə onlar öz müştərilərini itirmək haqda heç düşünmürlər. Hələ fransız mallarını boykot çağırışını heç eşitmək belə istəmirlər...  

Bakıda əvvəlki qaydada "L'Oreal", "La Roche Posay", "Biotherm", "Christian Dior", "Clarins, Vichy" kosmetik vasitələri, "Chanel", "Christian Dior", "Clarins, Drakkar Noir", "Fahrenheit", "Lancome", "Lavendar Harvest" ətirləri,  "L'Oreal", "Studio Line", "Lancome", "Garnier" şampunları,  "Lacoste", "Givenchy", "Pierre Cardin", "Yves Saint Laurent", "Etam", "Rene Derby", "Sonia Rykiel", "Cacharel", "Daniel Hechter" geyim markaları, "Danone" uşaq qidası, "Tefal" məişət avadanlığı kimi fransız malları satılmaqdadır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az saytına deyib ki, o da fransız mallarından imtina ilə bağlı daha əvvəllər hökumətə müraciət edib: “Mən bir il öncə dövlət orqanlarına rəsmi müraciət etmişəm, o vaxt hələ Fransa Senatında bu məsələ yox idi. Dövlət orqanlarından mənəvi dəstək istəmişəm, qeyd etmişəm ki, Azad İstehlakçılar Birliyi və istehlakçı hüquqlarını qoruyan digər təşkilatlar Azərbaycanın xeyri üçün çox iş görə bilər. Amma qarşı tərəfdən heç bir cavab gəlmədi”.

Eyyub Hüseynov boykotun xeyrindən də danışıb: “Vaxtilə Mahamata Qandi bütün Hindistanı gəzərək vətəndaşları Böyük Britaniya mallarını boykota çağırıb. Hind xalqı baykota qoşuldu və bununla da Böyük Britaniyanın zavod və fabrikləri fəaliyyətini dayandırdı. Dünyada yeganə faktdır ki, Britaniya məhz boykot nəticəsində 300 illik hakimiyyətinə son qoyaraq Hindistandan dinc yolla çıxıb getdi. İndi qılınc-qalxan vaxtı deyil. İndi dövlətləri daha çox iqtisadi maraqlar düşündürür, bu zaman istehlakçını və bazarı ələ keçirmək marağı hər şeydən üstün tutulur”.

E.Hüseynov birmənalı şəkildə qeyd edib ki, türkdilli xalqlar Fransa mallarını baykot etməlidir:

“Bunun çox böyük təsiri ola bilər. Azad İstehlakçılar Birliyi 1999-cu ildə fransızların Azərbaycanda çıxardığı oyunları və istehlakçıların kütləvi surətdə aldadılması barədə geniş ictimai rəy yaratdı. Buna görə Fransa səfirliyi məni 2000-ci ildə bu ölkədə keçirilən beynəlxalq konqresə buraxmadı. Hətta pasportuma vurulan qara bir möhürə görə “qara siyahı”ya salındım və məni 5 il “şengen ölkələri”nə buraxmadılar. Sonra bu siyahıdan çox çətinliklə çıxdım. Ondan sonra həmin fırıldaqçı fransıza Azərbaycan hökumətinin o vaxtki məmurları daha yaxşı bir vəzifə verdilər”.

Birlik rəhbərinin fikrincə, Azərbaycanda istehlakçı hərəkatının olmaması səbəbindən boykotla bağlı çağırışlar ciddi nəticə verməyəcək: “Mən bu gün fransız mallarının boykotuna çağırış etsəm belə, güclü istehlakçı hərəkatı olmadığından heç nəyə təsir etməyəcək. Ona görə bizim əleyhimizə olan ölkələr bundan sui-istifadə edirlər. Azad İstehlakçılar Birliyi bu çağırışı hər an etməyə hazırdır. Lakin bu şərtlə, hökumətin bizim arxamızda müəyyən mənəvi dəstəyi olmalıdır. Təəssüf ki, belə dəstək yoxdur. Lakin bütün ölkələrdə belə kampaniya təşkil olunmalıdır”.

E.Hüseynov deyib ki, Azərbaycana fransız malları müxtəlif vasitələrlə gətirilir: “Fransız malları bizə qanuni və qeyri-qanuni yollarla gətirilir. Çoxlu sayda saxta mallar da var. Lakin Fransanın daha çox bizdə satılan parfümeriyasıdı. Bir daha qeyd edirəm ki, hökumətin dəstəyi olmadan belə aksiya təşkil etməyin heç bir mənası yoxdur. Digər tərəfdən, Azərbaycan cəmiyyəi də buna hazır deyil”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər