Nazir Misir Mərdanovun müvafiq əmri ilə Təhsil Nazirliyi tərəfindən ölkənin ümumtəhsil məktəblərində saxta diplomlu müəllimlərin aşkara çıxarılması tədbirləri davam etdirilir.
Modern.az saytı xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, saxta diplomla, habelə qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin ləğvi barədə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müvafiq məktub göndərilməsi üçün nazir tapşırıq verib.
Məlumata görə, son iki ildə respublikanın ümumtəhsil müəssisələrində işləyən müəllimlərin təhsil sənədləri Təhsil Nazirliyində ekspertizadan keçirilib. Bu istiqamətdə işlər ötən ilin yay aylarında Zaqatala, Balakən və Qax rayonlarında başlanıb. Həmin vaxt nazirliyin komissiyası tərəfindən yerdə aparılmış araşdırma zamanı qeyd edilən rayonlarda 27 nəfərin saxta diplomla müəllim işlədiyi müəyyən edilib. Saxta diplom əldə etmiş şəxslərdən 1-i Qax, 2-si Balakən və 24-ü Zaqatala rayonunda aşkar olunub.
Eyni zamanda diplomu mövcud qaydada Təhsil Nazirliyində tanınmayan 39 nəfər Qax, 53 nəfər Balakən, 116 nəfər Zaqatala, özəl ali məktəblərin arayışları ilə 13 nəfər Balakən, 20 nəfər Zaqatala, qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrinin məzunlarından 2 nəfəri Balakən, 14 nəfəri Zaqatalada ümumi təhsil müəssisələrində pedaqoji işə qəbul edilib.
Bundan sonra 10 məcburi köçkün rayonunda da müəllimlərin diplomları ekspertizadan keçirilib və daha 51 saxta təhsil sənədi ilə işləyən müəllim aşkar edilib.
Müəyyən edilmiş faktlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, həmin müəllimlərlə bağlanmış əmək müqavilələri ləğv olunub, hətta Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Tahir Məmmədov tutduğu vəzifədən azad edilib.
2011-ci ilin may-avqust aylarında respublikanın 25 rayonundan müəllimlərin təhsil sənədləri nazirliyin müvafiq komissiyası tərəfindən araşdırılıb. Nəticədə 20 rayonda 92 müəllimin saxta diplomla işlədiyi müəyyən edilib. 25 rayonda isə 303 müəllimin diplomla deyil, arayışla, qanunsuz fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomlarla və ya xarici ölkələrdən aldıqları, lakin qanunvericiliyə uyğun olaraq ekvivalentliyi müəyyən edilməmiş diplomlarla işlədiyi aşkar edilib.
Saxta təhsil sənədləri də hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Bu məqsədlə yerli təhsil idarəetmə orqanlarına müvafiq məktub hazırlanıb və həmin diplom sahibləri ilə bağlanmış əmək müqavilələri ləğv edilib.
Bu proses davam etdirilib və 2011-2012-ci dərs ilinin əvvəlində daha 25 rayon və şəhərin ümumtəhsil müəssisələrinin pedaqoji işçilərinin təhsil sənədləri də nazirlikdə ekspertizadan keçirilib. Nəticədə 312 nəfərin saxta diplomla, 331 nəfərin özəl təhsil müəssisələrinin arayışları, müxtəlif kursların vəsiqələri ilə, diplomu mövcud qaydada Təhsil Nazirliyində tanınmamış və qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomlarla işlədiyi müəyyən edilib.
Məlumata görə, Təhsil Nazirliyi tərəfindən indiyədək keçirilən ekspertizanın yekunlarına görə saxta təhsil sənədləri ilə işləyənlərin sayı 482 nəfər, qanunsuz fəaliyyət göstərən müəssisələrin diplomları ilə işləyənlərin sayı 260 nəfər, leqallaşdırılmamış diplomla işləyənlərin sayı 468 nəfər, özəl təhsil müəssisələrinin arayışları ilə işləyənlərin sayı 116 nəfər və müxtəlif kursların vəsiqələri ilə işləyənlərin sayı 54 nəfər olub.
Modern.az