Modern.az

Prezident Administrasiyası ən çox şikayət olunan rayonların SİYAHIsını açıqladı

Prezident Administrasiyası ən çox şikayət olunan rayonların SİYAHIsını açıqladı

Ölkə

9 Fevral 2012, 14:16

Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2011-ci ildə PA-ya daxil olmuş vətəndaş müraciətləri barəsində “Azərbaycan” qəzetində geniş məqalə yazıb.

Modern.az-ın məlumatına görə, Süleyman İsmayılov bildirib ki, ölkə vətəndaşları arzu və istəkləri, eyni zamanda, gündəlik həyatda qarşılaşdıqları problemlər barədə öz hüquq və azadlıqlarının qarantı olan ölkə Prezidentinə və onun Administrasiyasına müraciət edirlər.

- ...Vətəndaşların bu müraciətləri onların Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə böyük etimadından irəli gəlir. Vətəndaşlar yaxşı bilirlər ki, Prezident Administrasiyasında hər bir müraciət diqqətlə öyrənilir və onların haqlı tələbləri heç vaxt cavabsız qalmır.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə yerlərdə keçirdiyi görüşlərdə vətəndaşlara birbaşa müraciət edərək qarşılaşdıqları bütün problemlər və neqativ hallar barədə Prezident Administrasiyasına məlumat verməyi tövsiyə etməsi vətəndaşların fəallığını daha da artırmış, ictimai əhəmiyyət daşıyan müraciətlər daha çox olmuşdur.

Ötən illərdə vətəndaşların Prezident Administrasiyasına ən müxtəlif məsələlər barədə daxil olmuş müraciətləri dərindən təhlil edilmiş, qaldırılan məsələlərin həlli üçün tədbirlər görülmüş, bu barədə respublika mətbuatında vaxtaşırı məlumatlar verilmişdir. Ənənəvi olaraq Prezident Administrasiyasına 2011-ci ildə daxil olmuş vətəndaş müraciətləri barəsində də oxuculara ətraflı məlumat vermək istərdik.

...2011-ci ildə ölkə Prezidentinin ünvanına respublikadan və xarici ölkələrdən daxil olmuş müraciətlərin xeyli hissəsini minnətdarlıq məktubları təşkil edir. Bu müraciətlərdə Azərbaycanın uğurlarına və qələbələrinə sevinənlər, Azərbaycanı ürəkdən sevənlər və onun tərəqqisindən fərəh duyanlar öz hisslərini ölkə Prezidenti və Azərbaycan xalqı ilə bölüşməyi özlərinə borc bilirlər.

Respublika vətəndaşlarının ən müxtəlif kateqoriyaları - ziyalılar, elm və mədəniyyət xadimləri, ağsaqqallar və veteranlar, gənclər, öz daimi yaşayış yerlərindən müvəqqəti didərgin düşmüş məcburi köçkünlər və qaçqınlar, əlillər və aztəminatlı ailələr onlara göstərilən qayğı və diqqətə görə razılıq edirlər. Belə müraciətlərin sayı minlərlədir və respublikanın bütün guşələrini əhatə edir.

Ölkə Prezidentinə ünvanlanmış belə müraciətlərin bir qismində  keçən il korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə, bütün sahələrdə şəffaflığın artırılmasına, vətəndaşları narahat edən süründürməçilik hallarının və bürokratik maneələrin aradan qaldırılmasına  görə minnətdarlıq edilir. Dövlətimizin başçısı İlham Əliyev 2011-ci il yanvarın 15-də Nazirlər Kabinetinin geniş iclasında bu barədə tapşırıq verərək demişdir: "Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir".

Ölkə Prezidenti bu məsələləri il boyu keçirdiyi ən müxtəlif görüşlərdə diqqət mərkəzində saxlamış və bu barədə bütün vasitələrlə, o cümlədən müasir rabitə vasitələrindən istifadə etməklə Prezident Administrasiyasına məlumat verilməsini xahiş etmişdir. Qeyd etmək lazımdır ki, həmin müraciətlərdən sonra vətəndaşlar Prezident Administrasiyasına belə hallar barədə ərizə və şikayətlərlə yanaşı, müxtəlif dövlət orqanlarında, idarə və təşkilatlarda, o cümlədən yerli icra hakimiyyəti orqanlarında, hüquq-mühafizə, ədliyyə, məhkəmə, vergi, nəqliyyat, gömrük, əmlak qeydiyyatı orqanlarında, TSEK-larda və sosial müdafiə qurumlarında onların müraciətlərinə daha operativ və vaxtında baxılması, bürokratiya hallarının xeyli dərəcədə azalması barədə yazır, qətiyyətli mövqeyinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirir, bu sahədə işin müntəzəm və ardıcıl davam etdirilməsini bəyəndiklərini göstərirlər.

… Əvvəldə qeyd etdiyimiz kimi, Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətləri həmin gün qeydiyyata alınır, hərtərəfli araşdırılır, ilk növbədə, müraciətlərin yaranma səbəbləri təhlil edilir, onlarda qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində tətbiq olunan yeni proqram əsasında müraciətlərin dinamikasının, mövzularının və onlarda qaldırılan problemlərin öyrənilməsi müntəzəm və ardıcıl davam etdirilir.

Ölkə Prezidenti İlham Əliyev cəmiyyətdəki problemlərin həll edilməsində vətəndaşların müraciətlərinə böyük əhəmiyyət verərək, 2011-ci ilin fevralında Qazax rayonunun ictimaiyyəti ilə görüşündə demişdir: "Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq".

Dövlət başçısının bu müraciətindən sonra Prezident Administrasiyasının ünvanına daxil olan müraciətlərin sayında müəyyən artım müşahidə olunmuş, vətəndaşlar təkcə qarşılaşdıqları problemlər barədə deyil, həm də onların aradan qaldırılması yolları haqqında öz təklif və mülahizələrini bildirmişlər.

Bu müraciətdən sonra xüsusilə, süründürməçilik halları xeyli dərəcədə azalmış, dövlət məmurları vətəndaşların gündəlik qayğılarına daha həssas yanaşmış, onların əksər haqlı tələblərini müsbət həll etmişlər.

Müraciətlərin ümumi sayından və dinamikasından bəhs etsək, qeyd etməliyik ki, bütövlükdə müraciətlərin sayı artsa da, bu artım əsasən minnətdarlıq məktubları, ərizələr və təkliflər hesabına olmuş, şikayətlərin sayı əvvəlki ilə nisbətən azalmışdır.

2011-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,1 faizini ərizələr, 31,5 faizini şikayətlər və 1,4 faizini təkliflər təşkil etmişdir. 

2010-cu illə müqayisədə 2011-ci ildə müraciətlərin sayının regionlar üzrə  artımı daha çox Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan iqtisadi rayonlarında, o cümlədən  Quba-Xaçmaz iqtisadi rayonunda Siyəzən, Aran iqtisadi rayonunda Beyləqan, Bərdə,  Saatlı, Dağlıq Şirvan iqtisadi rayonunda Qobustan rayonlarında müşahidə edilmişdir. Bundan başqa, Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər, Gəncə-Qazax iqtisadi rayonunda Göygöl və Qazax, Bakı şəhəri üzrə Binəqədi, Qaradağ rayonlarında da artım olmuşdur.

Elə şəhər və rayonlar vardır ki, son 3 ildə onlardan Prezident Administrasiyasına göndərilən müraciətlərin sayı mütəmadi artır. Sel daşqınlarından zərər çəkən  rayonlarda bu artımın obyektiv səbəblərini başa düşmək olar, lakin Lənkəran, Şəki, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Qax, Qazax, Lerik, Siyəzən, Zaqatala şəhər və rayonlarında bunun səbəbləri araşdırılmalı və lazımi  tədbirlər görülməlidir.

Əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayı da təhlildə əsas göstəricilərdən biridir. 2011-ci ildə bu göstərici Bakı şəhəri və onun bəzi rayonlarında, Naftalan, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Göygöl, İmişli, Kəlbəcər, Lerik, Saatlı, Yardımlı və digər şəhər və rayonlarda daha yüksək olmuşdur.

Ayrı-ayrı şəhər və rayonlardan daxil olmuş müraciətlərin ümumi sayına və mövzularına nəzər saldıqda, həmin şəhər və rayonlarda vətəndaşları daha çox hansı məsələlərin narahat etməsi, eyni zamanda, yerli qurumlarda vətəndaşlara nə dərəcədə qayğı göstərilməsi, onların müraciətlərinə əsaslandırılmış cavablar verilməsi, yaxud bəzi tələblərin hüquqi cəhətdən əsassız olmasının vətəndaşa izah edilməsi, bütövlükdə vətəndaş müraciətlərinə necə yanaşılması haqqında kifayət qədər aydın təsəvvür yaranır.

Qeyd etmək lazımdır ki, 2011-ci ildə şəhər və rayon icra hakimiyyətlərində müraciətlərin 55,6 faizi vətəndaşlardan bilavasitə daxil olmuş, qalanları Prezident Administrasiyasından və digər qurumlardan göndərilmişdir.  Bu müraciətlərin 38,5 faizi müsbət, 7 faizi qismən həll edilmiş, 33,8 faizinə müvafiq izahat verilmiş, 7,2 faizi əsassız sayılmış, qalanlarının isə icrası davam etdirilir və ya nəzərdə tutulur.

Bakı şəhəri və onun bəzi rayonlarında, Beyləqan, Cəlilabad, Gədəbəy, Kəlbəcər, Laçın, Masallı, Salyan rayonlarında isə daxil olan vətəndaş müraciətlərinin çox hissəsi baxılmaq üçün respublikanın dövlət hakimiyyəti orqanlarından göndərilmiş müraciətlərdir.

Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında və qurumlarda daxil olan müraciətlərin sayında da bu hal özünü göstərir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Sığorta-Kommersiya Şirkətində, "Azərenerji" və "Bakıelektrikşəbəkə" ASC-lərdə, "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatında başqa dövlət qurumlarından baxılmaq üçün göndərilən müraciətlərin sayı onların özlərinə bilavasitə daxil olan müraciətlərin sayından çoxdur.

2011-ci ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarına daxil olan müraciətlərin 63,1 faizi ərizə, 36,5 faizi şikayət, 0,4 faizi təklif olmuşdur. Müraciətlərin 35,5 faizi müsbət, 3,2 faizi qismən həll olunmuş, 12,5 faizi əsassız sayılmış, 21,4 faizində qaldırılan məsələlərlə bağlı vətəndaşlara müvafiq izahat verilmiş, qalanlarının isə icrası davam etdirilir və ya nəzərdə tutulur.

Müraciətləri təhlil edərkən vətəndaşları öz şəxsi problemlərindən daha çox ictimai problemlərin düşündürdüyünü görürük. Bu baxımdan Prezident Administrasiyasına daxil olan çoxsaylı təkliflər də maraq doğurur. İl ərzində daxil olmuş bu təkliflərdə vətəndaşlar respublikanın iqtisadi və müdafiə qüdrətinin artırılması, yeni sənaye sahələrinin və müəssisələrinin yaradılması, daha müasir texnologiyaların alınıb tətbiq edilməsi, kənd təsərrüfatının və  emal sənayesinin, elm və mədəniyyətin, turizmin  inkişafına daha çox diqqət yetirilməsi, səhiyyənin daha da müasirləşdirilməsi, tibbi sığortanın tətbiq olunması, təhsilin, xüsusilə, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi barədə fikir və mülahizələrini bildirirlər. Bir sıra müraciətlərdə isə ulu öndər Heydər Əliyevin xatirəsinin daha geniş əbədiləşdirilməsi təklif olunur. 

İndi respublikada gedən böyük abadlıq və quruculuq işlərindən hər bir kəndin, hər bir qəsəbənin əhalisi bəhrələnmək istəyir. Əlbəttə, bu xarakterli müraciətlər aidiyyəti qurumlarda hərtərəfli öyrənilir, həll edilməsi mümkün olan xahiş və təkliflər Regionların İnkişafı Dövlət Proqramı çərçivəsində həllini tapır, yaxud perspektiv planlara salınır. Bu baxımdan ölkə Prezidentinin Azərbaycanın hər bir rayonunda, bir çox kənd və qəsəbələrində olması, vəziyyətlə bilavasitə tanış olaraq lazımi tədbirlər görməsi öz səmərəsini verir. Diqqəti cəlb edən əsas cəhət odur ki, ərizə və ya şikayət olmasından asılı olmayaraq vətəndaşlar bütün müraciətlərində dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir, ölkədə görülən işlərə görə minnətdarlıq hisslərini ifadə edirlər.

Qeyd etmək lazımdır ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi bilavasitə şəhər və rayon icra hakimiyyətlərinin, yerli idarə, müəssisə və təşkilatların səlahiyyətlərinə aid olan məsələlər barəsindədir. Bu məsələlər ya yerində operativ həll edilməli, ya da vətəndaşlara əsaslandırılmış cavablar və dolğun izahatlar verilməli idi. Məsələn, Prezident Administrasiyasına Şəki, Ağstafa, Astara, Balakən, Hacıqabul, İsmayıllı, Qax, Neftçala, Oğuz, Sabirabad, Şamaxı, Tərtər şəhər və rayonlarından belə müraciətlərin daxil olduğunu göstərmək olar.

Vətəndaşların gündəlik həyatlarında qarşılaşdıqları çatışmazlıqlar barədə Prezident Administrasiyasına daxil olan şikayətlərdən danışarkən qeyd etməliyik ki, bu şikayətlərin əsas mənbəyi bəzi qurumlarda yol verilən laqeydlik, süründürməçilik və bürokratiya halları, ayrı-ayrı məmurların bəzən öz vəzifə borclarına vicdanla yanaşmamaları, vətəndaşların qanuni hüquqlarının təmin edilməməsidir.

Təhlillər göstərir ki, vətəndaşlardan Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı əvvəlki illərlə müqayisədə azalmışdır. 2011-ci ildə daxil olmuş müraciətlərin tərkibində şikayətlərin faizinin 2010-cu ilə nisbətən azaldığı şəhər və rayonlar sırasında Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını, respublikanın Naftalan, Şirvan, Yevlax, Ağstafa, Daşkəsən, Füzuli, Goranboy, Hacıqabul, Xaçmaz, Kürdəmir, Laçın, Masallı,  Sabirabad, Samux, Zərdab şəhər və rayonlarını göstərmək olar.

Bunun əksinə olaraq daxil olan müraciətlərdə şikayətlərin faizinin daha çox artması Bakı şəhəri və onun bəzi rayonlarında, Lənkəran, Şəki, Ağdaş, Bərdə, Biləsuvar, Gədəbəy, Göyçay, Göygöl, İmişli, İsmayıllı, Qobustan, Lerik, Neftçala, Siyəzən, Tərtər şəhər və rayonlarında müşahidə olunmuşdur.

Şikayətlərin artdığı şəhər və rayon icra hakimiyyətləri onların yaranma səbəblərini araşdırmalı və bu səbəbləri aradan qaldırmaq üçün lazımi tədbirlər görməli, hər bir vəzifəli şəxsin öz vəzifə borcuna daha böyük məsuliyyətlə yanaşmasına, "Dövlət qulluğu haqqında" qanunun tələblərinə tam əməl etməsinə nail olmalıdırlar. Ölkə Prezidenti 2011-ci ilin sentyabrında Şamaxı rayonunda olarkən qeyd etmişdir: "Dövlət işində işləyən hər bir məmur öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Bunu etmək üçün başqa keyfiyyətlərlə bərabər, əlbəttə ki, peşəkarlıq səviyyəsi də yüksək olmalıdır".

Qeyd etmək lazımdır ki, bir sıra şəhər və rayonlardan daxil olan təkrar və  çoxsaylı müraciətlərin də sayı az deyildir. Belə müraciətlərin çox olduğu rayonlardan Ağcabədi, Göyçay, Xocavənd, Qobustan, Qubadlı, Saatlı, Yardımlı və Zaqatalanı göstərmək olar.

Əlbəttə, təkrar müraciətlərin yaranmasının səbəbləri müxtəlifdir. Əsas səbəblərdən biri isə müvafiq qurumlar tərəfindən vətəndaşlara vaxtında və əsaslandırılmış cavabların, yaxud tələblərinin hüquqa zidd olması barədə lazımi izahatların verilməməsidir.

Bəzi vətəndaşlar isə müraciət etmək hüququndan sui-istifadə edir və eyni məzmunlu çoxsaylı əsassız müraciətləri müxtəlif ünvanlara göndərməklə məsələsinin daha tez həll olunmasında təkid edirlər.

Ötən illərdə vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə mətbuatda verdiyimiz məlumatlarda Prezident Administrasiyasına müntəzəm müraciət edən  vətəndaşların bəzilərinin adları çəkilmiş və onların çoxsaylı müraciətlərinin yaranma səbəbləri araşdırılmış, bu səbəblərin aradan qaldırılması üçün müvafiq tədbir görülmüşdür. Ancaq təəssüf ki, hələ də müxtəlif təşkilatlara, o cümlədən Prezident Administrasiyasına çoxsaylı müraciətlər göndərən vətəndaşlar vardır.

Belə şəxslərdən İmişlidən İsməli Abbasovu, Məcnun Şükürovu, Siyəzəndən Valeh Zeynalovu, Mingəçevirdən Vaqif Hüseynovu, Ağcabədidən Zahid Musayevi, Füzuli və Mansur Rüstəmovları, Sabunçudan Vüqar Əhmədovu, Əli və Nizami Musayevləri, Olqa Smolyaninovanı, Səbaildən Səidə Useynovanı, Cəlilabaddan Hafiz Ağamalıyevi, Gədəbəydən Səlfinaz Xudaverdiyevanı, Lerikdən İlham İbadovu, Masallıdan Əkbər Rəhimovu və başqalarını göstərmək olar. Həmin insanlara tələblərinin əsassız olması barədə dəfələrlə izahat verilsə də, onlar öz vərdişlərindən əl çəkə bilmirlər.

Prezident Administrasiyasına daxil olan müraciətlərin müəlliflərinin sosial tərkibinə nəzər saldıqda, burada daha çox təqaüdçülərin, tələbələrin, evdar qadınların, təhsil işçilərinin, fəhlə və qulluqçuların, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və veteranlarının, əmək və xəstəlik üzrə əlillərin, məcburi köçkün və qaçqınların, əmək veteranlarının müraciət etdiyini görürük. Bu müraciətlərin əksəriyyəti müxtəlif məişət-kommunal xarakterli xahişlərdən ibarətdir. Təbiidir ki, onların problemlərinə xüsusi diqqət yetirilir. Əksər hallarda mənzil-məişət şəraitinin, maddi vəziyyətinin yaxşılaşdırılmasını və digər məsələlərin həllini xahiş edən bu insanlar həm ölkə rəhbərliyi, həm də yerli icra hakimiyyəti orqanları tərəfindən kifayət qədər qayğı ilə əhatə olunur, bu diqqət və qayğı gündən-günə daha da artırılır və onların heç bir müraciəti cavabsız qalmır.

Müraciətlərin kim tərəfindən və hansı mövzuda yazılmasından asılı olmayaraq bu, bir həqiqətdir ki, onlar cəmiyyətin döyünən nəbzidir və hər bir müraciətin arxasında bir insanın düşüncəsi, sevinci, yaxud narahatlığı dayanır, eyni zamanda müraciətlər yaranan problemlərin vaxtında aşkar edilərək aradan qaldırılmasına yol açır. Buna görə də müraciətlərə baxılmasına artan diqqət vətəndaşlara qayğı kimi qiymətləndirilməli, xüsusilə, neqativ hallar barədə müraciətlərə daha tələbkarlıqla yanaşılmalıdır. Dövlət başçısı bunu vacib məsələ kimi irəli sürərək demişdir: "Ölkəmizdə xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılır. Bu mübarizə gözəl nəticələrini verməkdədir. Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə bəhrəsini verir. Addımlarımız xalq tərəfindən dəstəklənir. Bir daha bəyan etmək istəyirəm ki, biz bu yoldan dönməyəcəyik".

Prezident Administrasiyasına vətəndaşlardan daxil olan müraciətlərin mövzularına gəldikdə, qeyd etməliyik ki, 2011-ci ildə əvvəlki ilə nisbətən ictimai-siyasi məsələlər, xarici siyasət, gənclik və idman, mədəniyyət və turizm, rabitə və informasiya texnologiyaları, vergi orqanlarının fəaliyyəti və başqa məsələlər barədə müraciətlərin sayı azalsa da, onların tərkibində hüquq-mühafizə, məhkəmə, yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti, tikinti, mənzil, torpaq, sel daşqınları, bank və kredit,  özəlləşdirmə ilə bağlı məsələlərə dair müraciətlərin faizi bir qədər artmışdır.

Məhkəmələrin fəaliyyəti ilə əlaqədar müraciətlərin sayının artması indi vətəndaşların öz hüquqlarını məhkəmə yolu ilə qorumağa üstünlük verməsi, il ərzində xüsusilə mülki işlərin xeyli artması, yəni, insanların vərəsəlik, mülkiyyət, ailə məsələləri, habelə iqtisadi məsələlərlə bağlı məhkəmə orqanlarına daha çox müraciət etməsi ilə izah oluna bilər. Eyni zamanda, qeyd etməliyik ki, məhkəmə orqanlarının fəaliyyətində vətəndaşları narazı salan hallar hələ də tam aradan qaldırılmayıb. Məhkəmə qərarlarının bəzi dövlət qurumları tərəfindən icra edilməməsi də vətəndaşları narahat edən məsələlərdəndir. Prokurorluq orqanlarının fəaliyyətinə dair müraciətlər isə əsasən onların ayrı-ayrı yerli qurumlarının işindəki nöqsanlar barədədir.

Polis orqanlarının ictimai asayişin qorunmasında, cinayətkarlığın qarşısının alınmasında öz fəaliyyətini ildən-ilə gücləndirməsinə, həmçinin pasport qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi, avtomobillərin texniki baxışdan keçirilməsi sahəsində lazımi qayda-qanun yaratmasına baxmayaraq, bu orqanların işi ilə bağlı müraciətlər əhalinin sayına nisbətdə Bakı şəhəri və onun bəzi rayonlarından, Ağcabədi, Biləsuvar, Daşkəsən, Göygöl, İsmayıllı, Kəlbəcər, Qobustan, Qubadlı və Ucar rayonlarından çox daxil olmuşdur. Lakin Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Xaçmaz, Xızı, Xocavənd, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Sabirabad, Şamaxı, Şuşa, Tovuz, Zaqatala rayonları üzrə bu göstərici aşağı olmuşdur.

Hüquq-mühafizə orqanları ilə əlaqədar müraciətlərin bir qismi dələduzluq faktları ilə bağlıdır. Müraciətlərdən göründüyü kimi, bu hallar çox vaxt vətəndaşların öz sadəlövhlüyündən irəli gəlsə də, təəssüf ki, belə faktlar artır. Qeyd etməliyik ki, ötən il Prezident Administrasiyasına daxil olan yazılı və şifahi müraciətlərin bir qismi müxtəlif dələduz insanların işə düzəltmə, sahibkarlıq fəaliyyətinə və kredit almağa kömək göstərmək adı ilə vətəndaşları aldatması barədə olmuşdur. Vətəndaşlar rüşvət və korrupsiya halları ilə yanaşı, belə hallara qarşı da mübarizənin gücləndirilməsini, dələduzluğa görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsini istəyirlər.

Şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyəti vətəndaşların gündəlik həyatı ilə bilavasitə bağlı olduğundan onların işi daim insanların diqqət mərkəzindədir. Respublikanın hər yerində ölkə Prezidentinin təşəbbüsü ilə aparılan böyük abadlıq və quruculuq işlərində fəal iştirak edən İHB-lər haqqında müxtəlif razılıq məktubları ilə yanaşı, müəyyən məsələlərdə onların işindən narazılıq da bildirilir. Xüsusilə, Bakı şəhəri və onun bəzi rayonlarından daxil olan şifahi və yazılı müraciətlərdə vətəndaşlar icra hakimiyyətləri tərəfindən yaşayış binalarının qarşısındakı ərazilərin, o cümlədən istirahət yerlərinin, müxtəlif idman, futbol və uşaq meydançalarının, kiçik boş sahələrin iş adamlarına verilməsindən, onların yerində yaşayış binalarının, ticarət obyektlərinin tikilməsindən, bu barədə edilən müraciətlərə biganə yanaşılmasından narazılıq edirlər.

Məhz vətəndaşların Prezident Administrasiyasına belə müraciətləri əsasında bəzi qanunsuz obyektlərin tikintisi dayandırılmış, ərazinin əvvəlki vəziyyəti bərpa edilmişdir.

Hazırda respublikanın bir çox rayon və şəhərlərində Olimpiya idman kompleksləri tikilmiş, daha 10 belə kompleks, həmçinin Bakı şəhərində 65 min nəfərlik Bakı Olimpiya stadionu tikilməkdədir. Azərbaycanda bu il 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi respublikamıza göstərilən böyük etimaddır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 yanvar tarixli sərəncamı ilə yaşadığımız il "İdman ili" elan edilmiş və Azərbaycanı əsl idman ölkəsinə çevirmək üçün ciddi işlər davam etdirilir. Xüsusilə, kiçik idman və futbol meydançalarını ləğv edərək onları tikinti meydançalarına çevirmək istəyən məmur və sahibkarlar unutmamalıdırlar ki, böyük idmana gedən yol məhz bu kiçik idman meydançalarından başlayır.

Müraciətlərdə həmçinin çoxmərtəbəli binaların tikintisində olan problemlərin həlli, yeni binaların dövlət komissiyası tərəfindən qəbulu, bu binalara qaz, su, istilik verilməsi, fərdi yaşayış evlərinin və kommersiya obyektlərinin sökülməsi zamanı kompensasiya ödənilməsi, evlərin və torpaq sahələrinin sənədləşdirilməsi, təbii fəlakətlər zamanı zərər çəkmiş şəxslər üçün mənzillərin tikilməsi, təmir üçün yardımların göstərilməsi və sair məsələlərdən bəhs olunur. Bu müraciətlərin böyük bir qismi Bakı şəhərində aparılan yenidənqurma işləri nəticəsində ortaya çıxan problemlərlə əlaqədardır. Vaxtilə ayrı-ayrı vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində özünə neft mədənləri və nəqliyyat qovşaqları ərazisində qeyri-qanuni evlər tikmiş vətəndaşlar indi çətin durumda qalıblar. 

Şəhərin abadlaşmasında xüsusi əhəmiyyət kəsb edən yeni yaşayış binalarının tikintisində müsbət cəhətlərlə yanaşı, əhalini narahat edən məsələlər də vardır. Bakı şəhərində bəzi tikinti şirkətlərinin, o cümlədən bədnam "Mur-ay" və "Birlik-İnşaat", həmçinin "Şərur-İnşaat", "Safari-N", "Şahbulaq", "Badu-Kubə", "Oskar", "Xəmsə-İnşaat", "Şəfəq", "Kosmos", "Elita-R", "Günəş Holdinq", "Şaiq", "Fuad Ltd", "Vedi-E", "Kamran B.Ə.", "Olimpus-Az", "Qafqaz MTZ", "İn Eksklyuziv Servis", "Ələsgəroğlu-K" MMC və MTK-ların yaşayış binası inşa etmək adı ilə gördüyü işlər şəhərin abadlığından çox vətəndaşların əsəblərinin korlanmasına xidmət etmişdir. Bu şirkətlərdən bəzilərinin rəhbərləri yüzlərlə vətəndaşın vəsaitini mənimsəmiş, onlar üçün nəzərdə tutulmuş mənzilləri bir neçə şəxsə sataraq vətəndaşları aldatmışlar. Görülmüş tədbirlər nəticəsində respublikanın Baş Prokurorluğu tərəfindən bəzi şirkətlərin rəhbərləri barəsində cinayət işi qaldırılmışdır.  

Ümumiyyətlə, Bakı şəhərində tikinti işləri aparılarkən onun tarixi simasının qorunması çox vacib məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasda bu barədə demişdir: "Bakı kimi ikinci şəhər yoxdur. Burada həm tarix, həm mədəniyyət, həm müasirlik, həm infrastruktur, həm zövq, həm də yüksək stil, yəni, bütün bu amillər cəmləşir. Ona görə biz bu gözəl, doğma şəhərimizə çox böyük diqqətlə yanaşmalıyıq. Tarixi keçmişimizi, yaxud da ki, müasir meyilləri əks etdirməyən heç bir addım atılmamalıdır, zövqsüz bir dənə də iş görülməməlidir... Ona görə Bakının inkişafı ilə məşğul olan hər bir vəzifəli şəxsdən tələb edirəm ki, biz bu məsələyə maksimum ehtiyatlı yanaşmalıyıq... Biz elə etməliyik ki, Bakı həmişə qədim və həmişə cavan şəhər kimi bütün qonaqları heyran etsin. Şəhərdə həm infrastruktur, həm də abadlıq işləri bundan sonra da davam etdiriləcəkdir". 

Artıq böyük bir meqapolisə çevrilmiş Bakı şəhərində mənzil-kommunal təsərrüfatının yaxşılaşdırılması üçün hələ 2007-ci ildə ölkə Prezidentinin müvafiq sərəncamı verilmiş, bu məqsədlə Bakı Şəhəri İcra Hakimiyyətinə 25 milyon manat vəsait ayrılmış, xarici şirkətin iştirakı ilə dünya standartlarına cavab verən bərk məişət tullantıları zavodunun inşasına başlanılmışdır. Hazırda dövlətin ayırdığı 346 milyon manat vəsait hesabına ildə 50 min ton bərk tullantı emal edən və bu zaman xeyli elektrik enerjisi istehsal edən zavodun inşası tamamlanmaq üzrədir.

(Ardı var)

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər