Türkiyədən dolayı Avropa yenidən göz yaşlarını axıtmağa başlayıb. Ancaq bu dəfəki səbəb ənənəvi uydurma erməni soyqırımı ilə bağlı deyil. Avropanalıların kefinə soğan doğrayan, yuxularına haram qatan türklərin yeni çəkdikləri bir film olub.
Əvvəlcə, qısaca olaraq film haqqında. “Habertürk”ün yaydığına görə, “Fetih - 1453” adlanan bu film Faruk Aksoy tərəfindən ekranlaşdırılıb və fevralın 16-dan dünya kinoteatrlarında nümayiş etdirələcək. Filmin dünyada qəbul olunmuş qaydalara əsasən, cümə günü deyil, cümə axşamı tamaşaçılarla təqdim olunacağı gözlənilir. Maraqlıdır ki, çəkilişləri üç il sürən filmin ilk seansı bütün salonlarda saat 14:53-də (İstanbul 1453-cü ildə fəth edilmişdir) başlayacaq.
Tamaşaçılar “Fetih - 1453”-ə Türkiyə ilə yanaşı Almaniya, Hollandiya, Avstriya, Belçika, Fransa, İngiltərə, İsveçrə, Rusiya, Bolqarıstan, Xorvatiya, Albaniya, Misir, Malayziya və İndoneziyada da baxa biləcəklər.
İndiyə qədər çəkilmiş ən böyük tarixi-qəhrəmanlıq filmi iddiasında olan “Fetih - 1453” Fateh Sultan Mehmetin İstanbulu fəth etməsinə həsr olunub. Bu filmin çəkilişlərində 3 ölçülü animasiya elementlərindən də istifadə edilib. Filmdə yer alacaq 5 dəqiqəlik səhnə üçün aktyorların 5 gün döyüşdükləri xəbər verilir.
Bütün bunlar öz yerində, ancaq problem ondadır ki, ötən ay filmin təkcə fraqmentlərinin göstərilməsi və 9 milyon adamın internetdə baxması Avropada etirazla qarşılanıb. Əvvəlcə etiraz Yunanıstandan gəlib və internetdə filmə qarşı boykot kampaniyası başladılıb. Ardınca “Via Dolorosa” adlı Alman Xristian Dərnəyindən gəlib. Dərnək tövsiyyə edib ki, İstanbulun fəthini anladan filmə xristianlar baxmasınlar və əslində, avropalıların bu əndişəsi başadüşüləndir...
Film barəsində bir cümlə də əlavə etmək istəyirəm: Türk mediasına istinadən, 17 milyon dollara ərsəyə gələn “Fetih - 1453” filminin təkcə savaş səhnələri ilə deyil, eşq hekayəsi ilə də uğur qazanacağı gözlənilir.
Türklərin bu uğuruna görə sevinməyə dəyər. Ancaq İstanbulun fəthi ilə bağlı hamımızın bilməci gərəkən bir məsələ var. O da, bu müqəddəs şəhərin fəth edilməsində böyük rolu olan, əslən azərbaycanlı Ağ Şəmsəddin barədədir.
Ağ Şəmsəddin kimdir? İstanbulun mənəvi fatehi, böyük alim, ustad, həkim və vəli. Əsl adı Məhəmməd bin Həmzə, ləqəbi Ağşeyxdir. Övliyanın böyüklərindən Şihabüddin Sührəvərdinin nəsilindəndir. Saçının, saqqalının ağarması və ağ paltarlar geyməsi səbəbindən ona "Ağşəmsəddin" deyə müraciət edərdilər.
Zəmanəsinin görkəmli övliyalarından olan Ağ Şəmsəddin barədə olduqca maraqlı faktlar mövcuddur. Anca mövzuya uyğun olaraq böyük şeyxin İstanbulun fəthindəki rolundan yazmaq istəyirəm...
Fateh Sultan Mehmet İstanbulun fəthinə məhz Ağ Şəmsəddinin məsləhətləri sayəsində nail ola bilmişdi. Gəmilərin altlarının piylənməsi sayəsində onların böyük məsafədən dənizə sarı asanlıqla dartılması ideyası Ağ Şəmsəddinə məxsus idi. O, “bu ilin Cəmaziyələvvəl ayının 20-də səhər filan tərəfdən qalaya hücum edin. O gün şəhər fəth ediləcək və İstanbuldan əzan səsləri ucalacaq”-konkret tarix göstərmişdi.
Fateh dərhal qoşuna hazırlıq əmri verdi və Ağ Şəmsəddinin dediyi gün İstanbula hücuma başladı. İstanbul səhər saat 8-də fəth edildi. Fateh Sultan Mehmet şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil olub Ayasofyaya doğru irəliləyirdi. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin də Fatehin yanında idi. B izanslılar Ağ Şəmsəddini Sultan Mehmet hesab edərək ona gül dəstələri verirdilər. O isə gənc Fatehi göstərərək: “Sultan budur, gülləri ona verin”,- deyirdi. Fatehsə: “Sultan mənəm, ancaq İstanbulun fəthinin mənəvi atası odur”-deyə Ağ Şəmsəddini göstərirdi…
Rəvayətə görə, İstanbulun fəthindən sonra, Fateh Sultan Mehmet ağ Şəmsəddini ziyarətə getmiş, müəllimindən onu yenidən tələbəliyə, dərvişliyə qəbul etməyini xahiş edib. Ağ Şəmsəddinsə təklifi rədd edərək belə cavab verib: "Sultanım, sən bizim daddığımız ləzzəti dadacaq olsan, səltənəti buraxarsan. Dövlət işlərini tam edə bilməzsən...”.
Xanoğlan Əhmədov