Modern.az

Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri…

Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri…

Ölkə

19 Fevral 2012, 17:14

Əgər «Azərbaycan dili» və «Türk dili» iki ayrı müstəqil dildirsə, biz Türkiyə türkləri ilə hansı mənada bir millət iki dövlətik?!

Hər bir millətin varlığı, ilk mühüm əlaməti onun dilidir. Məhz dil birliyi vasitəsilə bir-birinə yaxın etnoslar «milliyyyəti», yaxud da «millət»i meydana gətirir. Dil «milliyyət»in hamısını əhatə etməsə də, yüzdə doxsanını özündə birləşdirən böyük bir amildir. Bir sözlə, insanları bir-birinə bağlayan, millətin yaranmasında iki vacib amil varsa, onun birincisi dildir. Təsadüfi deyil ki, həmişə bir millətin kökünü kəsməyi qəsd etmiş imperiyalar ilk növbədə onun dilinin məhvindən başlayıb və milli dilini unutdurmağa səy göstəriblər.

Milli dili unutdurulmağa və yadlaşdırılmağa məruz qalan millətlərdən biri də, Azərbaycan türkləridir.
Xüsusilə, son iki yüzillikdə Azərbaycan türklərinin milli dilini, eləcə də milli mənsubiyyətini unutdurmaq üçün onu gah «tatar», gah da «azərbaycanlı» və ya «azəri» adlandırıblar.

Bu proses XIX əsrin əvvəllərində Azərbaycanın çar Rusiyası və Qacarlar (İran) tərəfindən bölüşdürülməsindən (1828-Türkmənçay müqaviləsi) sonra başlanıb. Belə ki, çar Rusiyası Şimali Azərbaycan türklərinə «tatar milləti», Türk dilinə «Tatar dili» adını verməklə, Qafqaz türklərini öz milli mənşə və milli dillərindən, eləcə də Anadolu və Cənubi Azərbaycan türklərindən ayrı tutmaq məqsədi daşıyıblar. Əslində, çarizm üçün «tatar» adlı bir milləti formalaşdırıb, onun rifahına çalışmaq heç də maraqlı deyildi. Çar Rusiyasının əsas məqsədlərindən biri bu bölgənin xalqının mənşəyini «türk» amilindən uzaqlaşdırmaq, Cənubi Azərbaycan və Osmanlı Türkiyəsi türkləri ilə bütün əlaqələri qırmaq və bu xalqların dillərinin, milli köklərinin fərqliliyini ortaya qoymaq idi. Doğrudur, çar məmurları xalqın adını və dilini saxtalaşdırmaqla yanaşı, etiraf edirdilər ki, Qafqaz müsəlmanları mənşəcə və dil baxımından türkdürlər. Ancaq onlar üçün, bunun heç bir əhəmiyyəti yox idi.

Qeyd edək ki, çarizmin bu siyasəti nəticəsiz qalmadı, A.A.Bakıxanov, M.F.Axundzadə, S.Ə.Şirvani və 19-cu əsrin  digər mütəfəkkirləri bir çox hallarda mili kimliklərini və dillərini «türk»lə yanaşı, «tatar» kimi də qeyd ediblər. Bu proses 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə qədər davam edib. Bu dövrdə çarizmin «parçala və hökm sür!» siyasətini yaxşı anlayan bir çox aydınlarımız – Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə və baçqaları Qafqaz müsəlmanlarının «tatar» deyil, türk olduğunu irəli sürmüş və müdafiə etmişlər.
Xüsusilə, 1915-1917-ci illərdə baş redaktoru olduğu «Açıq söz» qəzetində ilk dəfə olaraq «müsəlman», «tatar» əvəzinə «türk» sözünü işlədən, «biz türkük!» deyən M.Ə.Rəsulzadə bu surətlə «ümmət» və «ümmətçilik» dövrünü rəsmən qapamış, «millət», «türk millətçiliyi» dövrünün başlandığını elan etmişdir.

Bu ideologiyanın nəticəsi olaraq 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin rəsmi dili də «türk» adlandırılıb. Bununla da, Azərbaycan türklərinə çar Rusiyası tərəfindən verilən «tatar» adına birmənalı şəkildə son qoyulub, yeni bir dönəm başlayıb. Yeni yaranan Cümhuriyyətin bir türk dövləti olması, onun dilinin və millətinin türk adı daşıması, o qədər təbii olub ki, Sovet Rusiyası 1920-ci ildə Azərbaycanı işğal etməsinə baxmayaraq xalqın adından və dilindən “türk” sözünü 20 ilə yaxın bir müddətdə rəsmi və qeyri-rəsmi şəkildə silə bilməyib, daha doğrusu buna, cəsarətləri çatmayıb. Beləliklə, 1937-ci ilə qədər Azərbaycan dövlətinin dili türk, sayca əsas milləti türk adlanıb və Şimali Azərbaycan istər SSRİ, istərsə də dünya ölkələri tərəfindən bir türk ölkəsi kimi qəbul edilib.

Ancaq 1937-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyasında baş verən qeyri-qanuni dəyişikliklər nəticəsində “Türk dili”, “türk milləti” və s. anlayışlar öz yerini məcburi olaraq «Azərbaycan dili», «Azərbaycan milləti» kimi anlayışlara tərk edib. Şübhəsiz, bütün bunlar ilk növbədə SSRİ rəhbərliyinin və ideoloqlarının siyasi-ideoloji qərarı olub və Azərbaycan türklərinə, onların milli maraqlarına qarşı yönəldilib. SSRİ-nin rəhbəri İ.V.Stalin və onun əlaltıları bu qərarı qəbul etməklə həm Azərbaycan türklərini başqa türk millətlərindən, özəlliklə Türkiyə türklərindən ayırmaq niyyəti güdüblər.

1937-ci ildən başlayaraq müstəqilliyimizin bərpasına (1991) qədər sovet ideoloqları tərəfindən «Azərbaycan» anlayışının saxtalaşdırılması daha çox Azərbaycan xalqının etnik kimliyi və dili ilə bağlı olub. Belə ki, bu dövrdə antitürk ruhlu SSRİ ideoloqlarının «Azərbaycan» sözünü özlərinəməxsus formada ideologiya şəklinə salmaqda əsas məqsədləri, sələfləri çar Rusiyası kimi bu bölgədə türk izini itirmək olub.

1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa edərək, özünü Azərbaycan Cümhuriyyətinin siyasi varisi elan etdikdən sonra yenidən «türk» anlayışına qayıdıldı. Belə ki, 1992-ci il dekabrın 22-də Milli Məclis Azərbaycan Respublikasında dövlət dilinin «Türk dili» olduğu haqqında qərar qəbul etdi. Ancaq 1995-ci ildə bu məsələ yenidən referendum səviyyəsinə çıxarıldı və onun nəticəsi olaraq Konstitusiyada milli mənsubiyyətin və milli dilin ifadəsi kimi «Azərbaycan xalqı» və «Azərbaycan dili» rəsmi şəkil aldı. Buradan belə bir nəticə çıxmış olur ki, bu məsələ ilə bağlı Azərbaycan xalqının böyük əksəriyyəti SSRİ rəhbərliyinin 1937-ci ildə Konstitusiyada aparılan dəyişiklər nəticəsində müəyyənləşdirdiyi ideyanı müdafiə etmişdir.

Burada sual yaranır ki, Azərbaycan xalqının 100-də 90 faizini təşkil edən Azərbaycan türkləri belə asanlıqlamı «Türk dili»ndən imtina ediblər?
Ümumiyyətlə, Azərbaycan türkləri üçün onun ana dilinin «Türk dili» deyil, «Azərbaycan dili» və yaxud da başqa bir adla adlandırılmasının doğurdanmı əhəmiyyəti yoxdur? Hətta, bəzən belə bir sual da yaranır ki, bəs sabah ana dilimizin «Azərbaycan dili» deyil, başqa bir adla adlandırılması gündəmə gələrsə, bunadamı razılıq verəcəyik?

Bütün bu sualların cavabını, ilk növbədə özümüzdə, yəni ana dilimizə nə qədər sahib çıxıb-çıxmamağımızda axtarmalıyıq. Bizə elə gəlir ki, 71 illik müstəmləkə həyatı, kölə psixologiyası hələ də bir çoxlarımızın şüurundan çıxmadığı üçün doğma dilimizin «Türk dili», yaxud başqa bir adla adlandırılmasına ciddi önəm verilməyib.

Sovet ideologiyasının «beynələmiləl» şüurundan kifayət qədər uzaqlaşmayan və millət kimi özünü tamamilə dərk etməyən bir xalqın milli dil məsələsini tamamilə qavramaması mənəvi-psixoloji baxımdan anlaşılandır. Məhz bunun nəticəsidir ki, 1992-ci ildə «Azərbaycan dili»nin «Türk dili»i adlandırılması kimi, 1995-ci ildə əksinə baş verən proses bütövlükdə cəmiyyətin böyük qismi tərəfindən ciddi reaksiya doğurmadı. Hətta, bu dönəmdə «Türk dili»nin «Azərbaycan dili» deyil, bəlkə də başqa bir adla dəyişdirilməsi təklif olunsaydı belə, onun da qəbul edilməsi mümkün idi.

Doğrudur, indi «azərbaycançılıq»dan çıxış edən bəzi ideoloqlar «Azərbaycan dili»nin varlığını əsaslandırmaq üçün üç tezis irəli sürürlər:
1) iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur;
2) qeyri-türk mənşəli xalqlar, etnoslar «Azərbaycan dili»nin «Türk dili» adlanmasından narahatdır;
3) «Azərbaycan dili» adı artıq neçə on illərdir ki, uğurla işlənir.

Fikrimizcə, birinci tezisi ümumiyyətlə, heç bir mənada məntiqə uyğun deyil. Ən azı ona görə ki, iki, üç, beş və s. deyil, türk dilinə sahib hər bir millətin türk dilinə sahib çıxması onun təbii haqqıdır. Buna nümunə kimi, bir neçə dövlətin ərəb, ingilis, fransız və b. dilləri dövlət dili kimi qəbul etməsini göstərə bilərik. Digər tərəfdən əgər Azərbaycan türklərinin «Türk dili»nə aidiyyəti yoxdursa, o zaman «Azərbaycan dili» hansı mənada ona iddia edə bilər?
Ümumiyyətlə, «Azərbaycan dili» və «Türk dili» müstəqil iki dildirsə, biz Türkiyə türkləri ilə hansı mənada bir millət iki dövlətik?! Əgər bu suallara konkret və obyektiv cavab yoxdursa, deməli burada əsas məqsəd çar Rusiyası və SSRİ dövründə olduğu kimi, “Azərbaycan dili Türk dilindən ayrı, müstəqil dildir” şüarı adı altında milli kimliyimiz və milli dilimiz bizə yenə də yadlaşdırılır. Hətta iş o yerə gəlib çatıb ki, artıq son illərdə açıq şəkildə Türkiyə türkcəsi Azərbaycanda əcnəbi dil kimi qələmə verilir, təbliğ olunur, ona aid teleseriallar Azərbaycan telekanalları tərəfindən guya, tərcümə olunur. Türkiyə türkcəsini əcənəbi dil kimi qələmə verilməsinin yalnız bir səbəbi ola bilər: «Azərbaycan dili» müstəqil dildir.

Qeyri-türk mənşəli xalqların «Türk dili»ndən narahat olmasına gəlincə, belə anlaşılır ki, əhalinin 100-də 90 faizini təşkil edən biz Azərbaycan türkləri millətimiz və dilimizin «türk» adından milli azlıq təşkil edən etnoslara (talışlar, ləzgilər, kürdlər və b.) görə imtina etməliyik, ancaq bu mənada həmin etnik qruplar nə dillərindən, nə də milli adlarından imtina etməyə bilərlər və etmirlər də.

Sonuncu tezisə gəlincə isə «Azərbaycan dili»nin SSRİ ideoloqlarının «əməyi» sayəsində, bir neçə on illik tarixi olduğu halda, doğma türkcəmizin tarixi nəinki on illiklərlə, heç min illiklərlə müqayisə edilə bilməz. Bu baxımdan «Türk dili»nin istər vətəndaşlıq, istərsə də dünya miqyasında tanınması mənasında «Azərbaycan dili» ilə müqayisə etmək belə doğru deyil.

Çox təssüflər olsun ki, hətta bəziləri 1992-ci ildə Konstitusiyada «Azərbaycan dili»nin «türk dili» adlandırılmasını tələsik, düşünlməmiş, əsassız və populist qərar adlandırmaqla kifayətlənmir, bunu «Azərbaycan dili»nə qarşı mənəvi vandalizm aktı kimi qiymətləndirir. Fikrimizcə, Azərbaycan Cümhuriyyəti dövründə rəsmi dil elan olunmuş Türk dilinin, özünü onun varisi elan edən Azərbaycan Respublikası tərəfindən də qəbul edilməsi vandalizm deyil, əksinə Azərbaycan türk millətinin təbii haqqı olmuşdur. Bu baxımdan mənəvi vandalizm aktı «Azərbaycan dili»nə deyil, Türk dilinə qarşı törədilib. Ümid edək ki, bunun məhz belə olmasını qavrayan milli ruhlu yeni nəsil, türk kimliyi və Türk dilinin təbii haqqı uğrunda mübarizə aparacaq və gec-tez buna nail olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər