Rəsmi məlumatlara görə, Azərbaycanda 500-ə qədər ziyarətgah var və bunların 50-si daha məşhur olduğundan, həmin yerlərə inanclı insanlar çox gedirlər.
Bu ziyarətgahlara hər gün müəyyən məbləğdə pulların nəzir qoyulduğu heç kimə sirr deyil.
Ziyarətgahlardakı nəzir qutularına yığılan pullara nəzarət vaxtilə Qafqaz Müsəlmanları İdarəsilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında müəyyən narazılıqlara da səbəb olmuşdu. Hətta 2010-cu ildə DQİDK sədri Hidayət Orucov ziyarətgahlarda yerləşdirilən nəzir qutularına nəzarət işinin pərakəndə olduğunu söyləmiş, nəzir qutularına nəzarətlə bağlı yeni tədbirlər hazırlanacağını bildirmişdi.
Amma sonradan bu məsələ ilə bağlı hər hansı yenilik baş vermədi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu məsələnin adı çəkilən rəmi orqana aidiyyatı yoxdur və onlar nəzir qutularına nəzarət işilə məşğul olmurlar.
Belədə indi də dini ziyarətgahlardakı nəzir qutularına nəzarət əvvəlki kimi Qafqaz Müsəlmanları İdarəsinin səlahiyətindədir. Maraqlıdır, hər il ölkədəki ziyarətgahlara nə qədər nəzir yığılır? Məsələn, 2011-ci ildə toplanan nəzirin ümumi məbləği məlumdurmu?
Modern.az bu sualla QMİ-nin mətbuat xidmətinə müraciət edib. Mətbuat xidmətindən saytımıza bildirilib ki, 2011-ci il ərzində QMİ-nin tabeliyində olan icmalara ümumən fəaliyyətləri barədə, o cümlədən, maliyyə hesabatlarını hazırlayaraq İdarəyə təqdim etmələri tapşırılıb.
“Həmin hesabatlarda dini icmaların məxaricləri və daxil olan ianə vəsaitləri barədə məlumatlar əksini tapacaq. Məlumatlar İdarənin nəzarət-təftiş şöbəsinə təqdim olunduqdan sonra sualınıza cavab verə bilərik”-deyə QMİ-dən bildirilib.
Modern.az