Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası” “AZS 635-2012” dövlət standartının tələblərinə əsasən mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal edilən avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Dövlət Komitəsindən verilən məlumata görə, bu tələblərə cavab verməyən avtomobillərin Azərbaycana idxalına və Azərbaycanda istehsalına icazə verilməyəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bu qərar Azərbaycanda Avro standartlara keçidlə bağlıdır: “Avro standartlar yalnız avtomobillərin matoru və benzinlə bağlı standartlar deyil. Bu standartlara nəqliyyat sisteminə aid standartların tətbiqi də daxildir.Hansıki bunlar ekoloji, təhlükəsizlik standarlarıdır”.
V.Bayramovun fikrincə, ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının qadağası müsbət addım olsa da standartların tətdiqi maşın bazarında dəyişikliklərə gətirib çıxaracaq: “Nəzərə alsaq ki, Rusiyada istehsal edilən az sayda avtomobildə ABS əyləc sistemi və təhlükəsizlik yastığı var. O baxımdan Rusiya istehsalı olan əksər avtomobillər, eləcə də Azərbaycanda kifayət qədər məşhur olan VAZ 2107, və VAZ 2106 maşınlarının ölkəyə gətirilməsi qadağan ediləcək. Nəticədə Rusiya istehsallı maşınlarla bağlı bazarda qıtlıq yaranacaq. Hansıki, Rusiya avtomobillərinə tələbat azalmayıb”.
Məlum olur ki, standartların tətbiqi bazarda Rusiya istehsalı olan avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq: “Bahalaşma Qərb ölkələrindən gətirilən maşınların qiymətinə təsir göstərməyəcək. Çünki, analoji sistem Avopa və Qərbdə 80-ci illərin əvvəlindən tətbiq edilir”.
Qeyd edək ki, bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası" dövlət standartının tətbiqi və icrası ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə təhlükəsizlik yastıqları və ABS sistemi olmayan minik avtomobillərinin Azərbaycan Respublikasına idxalı və istehsalını qadağan edən beynəlxalq qaydalara əsasən hazırlanan standartlar kompleksinin təsdiqindən danışılıb.
Komitənin Texniki tənzimlə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyevin sözlərinə görə, statistikaya əsasən, cari ilin əvvəlinə Azərbaycanda 1 mln-dan çox avtonəqliyyat vasitəsi qeydiyyata alınıb, onlardan 400 mini təhlükəsizlik səviyyəsi aşağı həddə olan yüngül minik avtomobilləri təşkil edir.
Ötən il ölkə ərazisində baş verən yol qəzalarının sayı 2010-cu ilə nisbətən azalsa da, qəzaların 50%-dan çoxu həmin tip yüngül minik avtomobillər tərəfindən törədilib.
"Qəza hadisələrinin texniki baxımından təhlili göstərir ki, ağır nəticələrin əsas səbəbləri xüsusilə təhlükəsizlik yastıqlarının olmaması və tormoz yolunun uzun olması ilə bağlıdır".
Namiq Tağıyevin sözlərinə görə, nəqliyyatda ümumi təhlükəsizlik məsələləri yüksək prioritet təşkil edir. Bu istiqamətdə olan dünya təcrübəsi göstərir ki, problemin müasir həlli yolu texniki tənzimləmə sistemi müstəvisində yerləşir və müvafiq Texniki reqlamentlərin, Direktivlərin, BMT-nin Avropa İqtisadi Komisiyyası (UNECE) tərəfindən qəbul olunmuş qaydaların, digər standartların tətbiqi yolu ilə həyata keçirilir.
Məhz bu səbəbdən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) nəqliyyat vasitələrinin təhlükəsizliyinə dair qaydalarına əsaslanan "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası" AZS 635-2012 dövlət standartı təsdiq edilib.
N.Tağıyevin sözlərinə görə, standartın tələblərinə əsasən, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə cari ilin 1 may tarixindən Azərbaycan Respublikasına idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində ən azı bir təhlükəsizlik yastıqı (air bag) olmalıdır. Əyləc sistemində isə ABS olmalıdır. Tələblər tam ötürücü transmissiyalı avtomobil nəqliyyat vasitələrinə aid deyil. Standartın bu tələblərinə cavab verməyən avtomobillərin idxalına və istehsalına müvafiq qurumlar tərəfindən icazə verilməyəcək. Standartın tətbiq vaxtı 1 may 2012-ci il tarixindən müəyyən edilib.
Modern.az