Bakının Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə təhlükəsi artıb. Modern.az xəbər verir ki, bu fövqəladə hadisə ilə əlaqədar martın 3-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Baş nazirin müavini Abid Şərifov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, digər aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər. Daha sonra rəsmilər həmin ərazidə müşavirə keçiriblər.
Müşavirədən sonra sürüşmə təhlükəsi ilə əlaqədar olaraq ərazidəki 9 mərtəbəli iki binanın - 63 və 65 nömrəli binaların sakinləri evakuasiya olunub. Sakinlərə bildirilib ki, hələlik bir həftə ərzində bu evlərdə yaşamaq olmaz. Artıq evlərin işıq, qaz, istilik, enerji təchizatı da dayandırılıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, sakinlər razılaşmaya əsasən, bir həftə ərzində yaxınlarının evlərində məskunlaşacaqlar.
“Evləri olmayanları isə biz müvəqqəti yaşayış yeri ilə təmin edəcəyik. Bir həftə ərzində həmin binaların ətrafında müşahidə olunan sürüşmə əraziləri bərkidiləcək. Əgər gördüyümüz tədbirlər bir nəticə verməsə, həmin binaların sakinləri başqa yerdə evlə təmin olunacaqlar”.
Rəsmilərin məlumatına görə, sürüşmə zonasında əmələ gələ çatların uzunluğu 160-180 metr, eni 1 və 1,5 metrə qədər, dərinliyi isə 2 və 4 metr arasındadır. Hadisə yanvar və fevral aylarındakı güclü yağışlardan sonra sürüşmə kütləsinin islanması nəticəsində baş verib. Mütəxəsislər xəbərdarlıq ediblər ki, ərazidə yaranmış çatlar gillə doldurulmazsa, növbəti yağışlar nəticəsinə müəyyən fəsadlar yarana bilər.
Ərazi Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən nəzarətə götürülüb, sürüşmə zonasında müvafiq bərkitmə işləri aparılır.
Modern.az