Modern.az

Nazirlikdən 12 illik təhsil sisteminə keçid barədə növbəti açıqlama

Nazirlikdən 12 illik təhsil sisteminə keçid barədə növbəti açıqlama

Ölkə

6 Mart 2012, 12:04

Azərbaycanın "Təhsil haqqında" Qanununda ümumi təhsilin müddəti 11 il müəyyənləşdirilib: ibtidai təhsil (I-IV siniflər), ümumi orta  təhsil (V-IX siniflər), tam orta təhsil (X-XI siniflər).
Azərbaycanda 9 illik  ümumi orta təhsil icbaridir.
Amma yaxın illərdə Azərbaycanda 12 illik təhsil sisteminə keçidin reallaşacağı gözlənilir. Təhsil Nazirliyi artıq bu istiqaməti hədəf seçib. Nazir Misir Mərdanov bu yaxınlarda 12 illik təhsil sisteminin təcrübəsini öyrənmək məqsədilə Özbəkistanda olub
Modern.az saytının məlumatına görə, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov növbəti dəfə 12 illik təhsil sisteminə keçidin üstünlüklərindən danışıb.

Bununla bağlı “Azərbaycan müəllimi” qəzetində çıxış edən A.Əhmədov bildirib ki, beynəlxalq təcrübəyə görə, inkişaf etmiş əksər dövlətlərdə (ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Finlandiya, Hollandiya, İsveç və s.) ümumi təhsilin müddəti 12 il və daha artıqdır. Hazırda dünyada çox az ölkə var ki, bunlarda həmin müddət 10 (11) il təşkil edir.

“12 illik ümumi təhsilin prioritet qəbul olunduğu bir vaxtda dinamik iqtisadi inkişaf tempinə malik Azərbaycanda bu modelin tətbiqi zəruri ehtiyac kimi meydana çıxır. Ölkəmizdə aparılan təhsil islahatlarının uğurlu nəticələrindən biri kimi mütərəqqi dünya təcrübəsi əsasında yeni dövlət təhsil standartlarının qəbul edilməsi, ümumi təhsilin məzmununun şəxsiyyətin formalaşdırılmasına, şagirdlərdə təfəkkürün, məntiqi düşüncənin, tədqiqatçılığın, ünsiyyət mədəniyyətinin və digər zəruri həyati bacarıqların inkişafına yönəldilməsi və bununla da pedaqoji kadrlara, şagirdlərin hazırlıq səviyyəsinə verilən tələblərin xeyli yüksəlməsi, təlim texnologiyalarının mahiyyət etibarı ilə yeniləşməsi, təhsildə inteqrativlik meyillərinin güclənməsi hazırkı dövrdə 12 illik təhsilə keçidi  şərtləndirən başlıca arqumentlərdən hesab edilir. Təbii ki, yeni vəzifələri yalnız yeni meyarlarla həyata keçirmək mümkündür.

12 illik ümumi təhsilə keçidi hazırkı müddətin mexaniki sürətdə 1 il artırılması kimi başa düşmək düzgün deyildir. Bu, çox mürəkkəb, ciddi hazırlıq və gərgin əmək tələb edən prosesdir. İlk növbədə, təhsil rəhbərləri, pedaqoji kollektivlər və valideynlər psixoloji cəhətdən həmin prosesə hazır olmalıdırlar, bu məqsədlə geniş maarifləndirmə işləri görülməlidir. Eyni zamanda ümumtəhsil məktəblərinin tədris planları, təhsil proqramları (kurikulumları), dərsliklər yenidən işlənməli, müvafiq normativ-hüquqi sənədlərdə dəyişikliklər edilməlidir”-deyə A.Əhmədov qeyd edib.

Onun sözlərinə görə, 12 (13) illik ümumi təhsilin tətbiq olunduğu ölkələrdə təhsil səviyyələri üzrə müddət müxtəlif cür modelləşdirilir. Bəziləri ibtidai, digərləri isə, bizim terminologiya ilə desək, ümumi orta təhsilin müddətinə önəm verirlər:

“Uzun müddətdir ki, Azərbaycanın 11 illik ümumi təhsilində 4+5+2 modeli tətbiq edilir. "Təhsil haqqında" Qanuna görə, 9 illik ümumi orta təhsil icbari elan olunduğundan 12 illik təhsilə keçid zamanı məhz ümumi orta təhsil səviyyəsinin müddətinin 1 il artırılaraq 10 il müəyyən edilməsi və beləliklə də 12 illik ümumi təhsilin 4+6+2 şəklində modelləşdirilməsi daha məqsədəuyğundur. Bu, gələcəkdə yalnız icbari ümumi orta təhsil almaqla kifayətlənən şagirdlərin fənlər üzrə bilik və bacarıqlara  yiyələnməsinin səmərəliliyini xeyli artıra bilər”.

Maraqlıdır 12 illik ümumi təhsilə keçid ideyası ictimaiyyətə məlum olduqdan sonra yəqin ki, hamını bu sual daha çox maraqlandırır: yeni təhsil modelinin  üstünlükləri nədən ibarətdir?

A.Əhmədov bu üstünlükləri aşağıdakı kimi qruplaşdırıb:

“-  Tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrə  həftəlik təlim yükü azalacaqdır.
 Təhsil proqramlarının yüngülləşməsi ilə tədris prosesində psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

-  Proqram materiallarının, əsasən, sinifdə mənimsədilməsi, ev tapşırıqlarının həcminin nisbətən azalması, şagirdlərin inkişafetdirici tədbirlərə cəlbi üçün imkanlar genişlənəcəkdir.

-  Əlavə dərs saatları yaranacaq və bu, müəllimlərin maddi vəziyyətinin yaxşılaşması ilə nəticələnəcəkdir.

- 11-12-ci sinifləri əhatə edəcək tam orta təhsil səviyyəsində təhsil şagirdlərin meyil və marağı əsasında müxtəlif təmayüllər üzrə xüsusi tədris planları və təhsil proqramları (kurikulumları) tətbiq edilməklə təşkil olunacaqdır ki, bu da ali məktəblərə hazırlıq üçün hərtərəfli şərait yaradacaq və repetitorluğun qarşısını xeyli alacaqdır”. 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər